Yaponiyada məyusluq: <font color=red> Koronavirusun ikinci dalğası başlayıb</font>

Dünya

02.05.2020 - 17:28

Hokkaydo adası virusun yayılmasının qarşısının alınmasına dair model olaraq göstərilirdi

 

Koronavirusun ilk mərhələsində qarşısının alınması yönündə örnək göstərilən Yaponiyanın Hokkaydo adasında, xəstəliyin ikinci dalğasının başlamasını işarət edən hallar aşkarlanıb. AYNA-nın xarici mediaya istinadən xəbərinə görə, mütəxəssislər Yaponiyada fövqəladə halın çox tez aradan qaldırıldığını və ikinci dalğanın bu səbəbdən başladığını bildirirlər.

 

Maraqlıdır ki, bir neçə həftə əvvələ qədər Hokkaydo adası virusun yayılmasının qarşısının alınmasına dair model olaraq göstərilirdi. İndi isə ekspertlər adada küçəyə çıxma qadağasının tez ləğv edildiyini, bunun fəsadlar yaratdığı qənaətini bölüşürlər.

 

Adada virus bu ilin fevral ayında yayılmağa başlayıb. Belə ki, fevralda baş tutan Sapporo Qar Festivalına 2 milyondan çox nümayəndə qatılıb. Tədbir iştirakçıları arasında, yeni tip koronavirusun meydana çıxdığı Çinin Vuhan şəhərindən gələnlər də olub. Bundan sonra Hokkaydo əhalisi arasında virusun sürətlə yayılmasına görə, adada fevralın 29-da fövqəladə vəziyyət elan edildi. Məktəblər bağlandı, kütləvi tədbirlər ləğv edildi  və əhaliyə evdən çıxmamaq çağırışı edildi. Martın 18-də koronavirusa yoluxanların sayı 118-ə yüksəldi və bununla da, Hokkaydo Yaponiyada ən çox yoluxma baş verən bölgə oldu. Ancaq görülən tədbirlər nəticəsində, bir həftə ərzində adadakı yoluxma sayı azaldı.

 

Xəstələrin sayının azaldığını görən Hokkaydo səlahiyyətliləri iqtisadiyyatı canlandırmaq məqsədilə martın 19-da fövqəladə vəziyyət rejimini ləğv etdi, həm məktəblər, həm də bir çox xidmət sahələri açıldı.

 

Hokkaydo Universitetinin professor Yoko Tsukamoto mediaya bildirib ki, koronavirus yeni yayılan vaxt, xəstəliklə bağlı yetərincə məlumatları olmayıb: “Məlumatsız olduğumuza görə, bu xəstəlik haqqında anlayışımız az idi. Həmin vaxt, yoluxma sayının gündə 1-2-ə düşdüyü dönəmdə fövqəladə rejimin götürülməsi doğru qərar kimi görünə bilərdi. İndi bunun yanlış olduğunu bilsək də, o dövrdə verilməli qərar bu idi”.

 

Həmin vaxtdan 26 gün sonra və bir həftə içində yoluxma sayının 135-ə yüksəlməsi səbəbindən, yenidən küçəyə çıxma qadağası qoyuldu. Məhdudlaşdırmanın mayın 6-da sona çatacağı gözlənilir. Ümumiyyətlə Yaponiyada isə məhdudlaşdırma tədbirlərinin daha bir ay müddətində uzadılacağı bildirilir.

Qeyd edək ki, şənbə günü açıqlanan məlumata görə, Hokkaydo adasında 24 saat içində 38 yeni yoluxma müəyyənləşib. Bununla da, adadakıümumi yoluxma sayı 688 olub.

 

Xatırladaq ki, Hokkaydo Yaponiyada koronavirusa yoluxma faizinə görə beşinci yerdədir. Adada bu günə qədər 27 nəfər koronavirusdan ölüb.

Müəllif: Ayna.az