YAP-ın qurucularından olan keçmiş deputat vəfat edib

Xəbərlər

28.10.2021 - 12:33

Maksim Musayev ürək tutmasından dünyasını dəyişib

Azərbaycanın ictimai-siyasi xadimi Maksim Musayev vəfat edib. AYNA xəbər verir ki, bu haqda mərhumun oğlu Emin Musayev məlumat yayıb.

E.Musayen bildirib ki, Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri, Milli Məclisin sabiq deputatı ötən gün axşam saatlarında ürək tutmasından dünyasını dəyişib.

Maksim Musayev 1938-ci il avqustun 18-də Qərbi Azərbaycanda, Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olub. 1991-1992-ci illərdə isə Xızı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

Qax və Xızı rayon sovetlərinin bir neçə çağırış deputatı, 1985-ci ildə Azərbaycan SSR Ali Sovetinin deputatı, 1990-cı ildə respublikanın xalq deputatı və 1995-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Birinci çağırış Milli Məclisin yerli özünüidarə məsələləri daimi komissiyası sədrinin müavini və Azərbaycan-Çin Parlamentlərarası Əlaqələr üzrə işçi qrupunun rəhbəri olub. 

Müəllif: Ayna.az