Portnov döş qəfəsindən dörd, başından isə bir güllə yarası alıb
Ukraynanın keçmiş Prezidenti Viktor Yanukoviçin keçmiş müşaviri Andrey Portnov Madrid yaxınlığında güllələnib. AYNA.AZ xəbər verir ki, bu barədə “Cadena SER” radiostansiyası məlumat yayıb.
Portnovun döş qəfəsindən dörd, başından isə bir güllə yarası aldığı bildirilir. Hadisə Pozuelo de Alarkonda yerli məktəbin girişinə yaxın ərazidə baş verib.
Polisdəki mənbələrə istinadən qeyd edilib ki, motosikletli bir şəxs məktəb qapısında qurbanı gözləyib və Portnov avtomobillə yaxınlaşanda onu vurub, sonra isə yoxa çıxıb.
Qeyd edək ki, Portnov 2005-2010-cu illərdə Yuliya Timoşenkonun komandasının baş hüquqşünası olub. 2011-2014-cü illərdə isə Yanukoviçin müşaviri, Prezident Administrasiyası rəhbərinin müavini olub və məhkəmə məsələləri ilə məşğul olub. 2010-2014-cü illərdə Ukrayna Milli Bankı Şurasının üzvü olub.
2022-ci ilin yayında məlum olub ki, Portnovun hərbi xidmətə çağırışdan yayınıbn və Ukraynanı tərk edib. Onun Macarıstanla sərhədi Zakarpatya bölgəsindəki Tisa keçid məntəqəsindən keçdiyi bildirilib.
Qaçışını şərh edən Portnov 2012, 2014, 2019 və 2022-ci il təvəllüdlü uşaqların atası olduğu üçün bunu etmək hüququna malik olduğunu bildirib.