Vuhanda bütün əhali COVID-19 testindən keçirilir

Dünya

14.05.2020 - 15:14

Proses hər bir yaşayış zonalarında əhali sıxlığı və sakinlərin sayı nəzərə alınmaqla xüsusi plan əsasında aparılır

 

Koronavirusun Çində ilk aşkarlandığı və ən çox yayıldığı Vuhan şəhərində bütün əhalinin COVID-19 testindən keçirilməsinə başlanılıb. AYNA xarici KİV-ə istinadən bildirir ki, Vuhan şəhər hökuməti bununla bağlı məlumat yayıb. Bildirilir ki, epidemiya ilə mübarizə üzrə operativ qərargah 35 günlük fasilədən sonra mayın 9-da ilk dəfə olaraq altı yeni yoluxma faktı qeydə alındığı üçün bütün sakinlərin 10 gün ərzində test edilməsi barədə qərar qəbul edib.

 

Test prosesi hər bir yaşayış zonalarında əhali sıxlığı və sakinlərin sayı nəzərə alınmaqla xüsusi plan əsasında aparılır. Bu məqsədlə tibb ocaqlarından başqa, şəhərin müxtəlif yerlərində xeyli sayda müvəqqəti test məntəqələri yaradılıb.

 

Qeyd edək ki, indiyədək Vuhanda 50 min 339 nəfər koronavirusa yoluxub. Onlardan 46 min 464 nəfəri sağalaraq evə buraxılıb, 3 min 869 nəfər isə ölüb.

 

Virusun Vuhanda sürətlə yayıldığı vaxtlarda xüsusi karantin rejimi edilərək, şəhərə bütün giriş-çıxış bağlanmışdı. Vəziyyət yaxşılaşdıqdan sonra, aprelin 8-də xüsusi karantin rejimi aradan qaldırılıb, şəhərə giriş-çıxış bərpa olunub.

Müəllif: Ayna.az