Fəzail İbrahimli: “Gender bərabərliyini süni surətdə yaratmaq olmaz”
“Gender bərabərliyində qadınlara üstünlük Tanrı tərəfindən verilib. Hesab edirəm ki, qadınların xüsusi haray salmasına ehtiyac yoxdur”. AYNA xəbər verir ki, bu sözləri Milli Məclisin vitse-spikeri Fəzail İbrahimli deyib.
Deputat deyib ki, bəzən görürsən ki, bir qızı 5 oğlan istəyir: “Seçimi edən qız tərəfidir. Gender bərabərliyini süni surətdə yaratmaq olmaz. Məsələn, seçkili orqanlarda gender bərabərliyi təbii seçim və proses olmalıdır. Elm sahəsində də süni şəraitdə gender bərabərliyinə dəyişiklik etmək olmaz. Gender bərabərliyinə təsir edə biləcək məsələlər sərəncamla, qərarlarla olur. Bu da ölkəmizdə var”.
“Gender bərabərliyi ilə gender siyasətini qarışdırmaq olmaz. Siyasətdə “qırmızı xətt”imiz hüququ pozulmuş qız uşaqlarının, qadınların hüquqlarını bərpa etmək olmalıdır”, - deyə vitse-spiker vurğulayıb.
Spiker Sahibə Qafarova da deyib ki, gender bərabərliyi ilə gender siyasəti ayrı-ayrı terminlərdir: “Azərbaycanda gender siyasəti yüksək səviyyədədir. Ümumi gender və gender siyasəti ilə bağlı hamımızın öz baxışları var. Bu müzakirələri populist səviyyədə deyil, deputat səviyyəsində aparmalıyıq”.