Virusun yox olacağı günü gözləməyə dəyməz, yumşalmalara başlanılmalıdır – <font color=red> YEKDİL RƏY</font>

Cəmiyyət

21.05.2021 - 15:12

Deputat: “Artıq siqnallar var, toylarla bağlı yeni şərtlər hazırlanmalıdır”

 

Həkim: “Açılımlar getməlidir və yalnız xüsusi zəruri qaydalar saxlanıla bilər ki, koronavirus yenidən aktivləşməsin”

 

TƏBİB rəsmisi Yaqut Qarayeva mətbuata açıqlamasında yaxın günlərdə açıq havada maska tələbinin ləğv olunacağı ilə bağlı anons edib. Bildirib ki, bu istiqamətdə artıq qaydalar hazırlanır: “Yaxın vaxtlarda tibbi maskalarla bağlı yekun qərarlar elan ediləcək. Bu, məhz açıq havada maskadan istifadə ilə bağlı məsələni əhatə edəcək. Hər kəsdən xahiş edirik ki, rəsmi məlumatları gözləsin”.

 

Onun daha bir açıqlaması isə toyların təşkili ilə bağlıdır. AZTV-yə müsahibəsində pandemiya şəraitində toy və digər mərasimlərin təşkil edilməsi ilə bağlı qaydaların hazırlandığını diqqətə çatdırıb.

 

Bir müddət öncə isə ümumtəhsil məktəblərində əyani tədrisin bərpası ciddi yumşalmaların olacağını söyləməyə əsas yaradır. Xatırladaq ki, sosial mediada iyun ayının əvvəlindən açıq havada toyların keçirilməsinə icazə veriləcəyi ilə bağlı məlumatlar da tirajlanıb.

 

Qeyd edək ki, dünyanın bir çox ölkələrində karantin qaydaları yumşaldılıb, bəziləri isə tam şəkildə bundan imtina edib. Türkiyədə virusa qarşı vaksinin hər iki dozasını qəbul edən 65 yaşdan yuxarı şəxslər artıq açıq havaya sərbəst şəkildə çıxa bilirlər. Bundan başqa, 18 yaşdan aşağı şəxslər üçün də küçəyə çıxmaq qadağası götürülüb. Britaniya, Çexiya və koronavirusun sürətlə yayıldığı digər Qərb dövlətlərində ciddi yumşalmalar müşahidə edilir. Adıçəkilən Avropa ölkələrində ictimai iaşə müəssisələrinin fəaliyyətinə icazə verilib.

Картинки по запросу

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev AYNA-ya açıqlamasında deyib ki, koronavirusun bitəcəyi zaman bəlli deyil və bu səbəbdən müəyyən yumşalmalara gedilməsi zəruridir: “Faktiki olaraq bir ildən artıqdır ki, ölkəmizdə, eləcə də dünya boyunca koronavirus pandemiyası ilə əlaqədar karantin elan olunub. Müxtəlif zamanlarda müəyyən yumşalmalara gedilsə də, yoluxma sayının artması səbəbindən yenidən karantin qaydaları sərtləşdirilib. Nəzərə alanda ki, koronavirusun bitəcəyi tarix məlum deyil, eyni zamanda əhalinin bəlli bir hissəsi peyvənd olunub və ümumi olaraq yoluxma sayında azalmalar var, müəyyən yumşalmalara gedilməsi labüddür”.

 

“Bizdə vəziyyət yaxşıdır, lakin digər ölkələrdə bu, belə deyil. Ona görə də insanlar pandemiyanın yaratdığı yeni şərtlərlə yaşamağa öyrəşməlidirlər. Operativ Qərargah yeni şərtlər hazırlayaraq, onların əsasında toy mərasimlərinin keçirilməsinə icazə verə bilər. Toy keçirmək istəyənlərin, bunu tələb edənlərin, həmçinin karantin şərtlərini pozaraq, gizlin şəkildə toy edənlərin sayının artması da siqnaldır. Artıq toylarla bağlı yeni şərtlər hazırlanmalıdır. Bu şərtlər mövcud reallığı əks etdirməli və hər bir detal ayrıca işlənilməlidir. İnanıram ki, elə belə də olacaq”, - deyə deputat bildirib.

 

Onun sözlərinə görə, karantin qaydalarının yumşaldılması arxayınlıq yaratmamlıdır: “Çünki bu, elə bir bəladır ki, yenidən yoluxma sayının artacağı istisna edilmir. Bu səbəbdən qətiyyən arxayınlaşmaq olmaz. Hər bir vətəndaş məsuliyyət hissini unutmamalıdır. Əgər hökumət uzun müddətdir ki, şüurlu şəkildə vətəndaşların sağlamlığını qorumaq üçün iqtisadi fəallığı azaldırsa, bundan düzgün nəticə çıxarmalıyıq. İmkan verməməliyik ki, ətrafımızda olan yaşlı və xəstə insanlar bu virusun qurbanına çevrilsin. Bu mənada karantin qaydaları yumşaldılsa belə, ehtiyatı əldən verməməliyik”.

 

“Statistikanın getdikcə müsbətə doğru dəyişməsi bizi sevindirir. Pandemiyanın iqtisadi zərərlərinə gəldikdə isə, əksər sahələr böyük itkilər verdi. Çünki həyat dayanmışdı, fəallıq azalmışdı. İndiki məqamda bizim əsas diqqətimiz postpandemiya dövrünə yönəlməlidir. Düzdür, bunun nə zaman olacağını bilmirik, lakin bütün hallarda hazırlıqlı olmalıyıq” - deyə Quliyev vurğulayıb.

No description available.

“Buta Clinic”in direktoru, “Azərbaycan-Fransa Məzunları” İctimai Birliyinin sədri Araz Bayramov da AYNA-ya şərhində qeyd edib ki, karantin qaydalarının yumşaldılması zəruridir: “Bütün dünyada olduğu kimi, Azərbaycanda da karantin qaydalarının sərtləşdirilməsi labüd idi. Lakin bu, o demək deyil ki, sonsuza qədər belə davam etməlidir. İnsanlar artıq təkcə koronavirusdan yox, həm də onun gətirdiyi psixoloji problemlərdən də əziyyət çəkirlər. Ölkə turizmi faktiki olaraq fəaliyyətsizdir. İnsanlar açıq havada maska taxmağa məcburdur, nikah bağlayan cütlüklər ailə qura bilmirlər. Bütün bunlar ağır sosial problemlərdir”.

 

“Gözləmək ki, koronavirus nə zaman bitəcək və məhz bundan sonra bütün sahələrdə yumşalmalara gedək, bu, yolverilməzdir. Kütləvi peyvəndlər vurulur, yoluxma sayında azalmalar var, bu halda mütləq ciddi yumşalmalara gedilməlidir. Yalnız xüsusilə zəruri qaydalar saxlanıla bilər ki, koronavirus yenidən aktivləşməsin”, - deyə mütəxəssis söyləyib.

 

Onun sözlərinə görə, koronavirus infeksiyasına qalib gəlməyin yeganə yolu insan orqanizmində anticisimlərin yaranmasıdır: "Bunun da iki yolu var. Birincisi, koronavirusa yoluxmaqdır ki, bu da sonra xoşagəlməz hadisələrə gətirib çıxara bilir. Ən təhlükəsiz yol isə vaksinasiyadır. Azaldılmış dozada virusun insan orqanizminə tanıdılması ilə anticisim yaranır ki, bu da orqanizmdə immunitet formalaşdırır”.

 

Bayramov vətəndaşlara tövsiyyə də verib: “Əhaliyə üzümü tutub demək istəyirəm ki, bu infeksiyadan qorunmaq üçün peyvənd olunsunlar. Əvvəllər vaksin olunanda insanlar arasında fikir ayrılığı olurdu. Amma indi 3 növ vaksin arasında vətəndaş seçim edir. Biz bu templə davam etsək, güman ki, yaxın müddətdə ölkədə koronavirusa qalib gələcəyik”.

 

Koronavirusun nə zaman bitəcəyindən danışan həmsöhbətimizin fikrincə, bu barədə birmənalı fikir yürütmək çətindir: “Bu gün tətbiq olunan peyvəndlər Hindistan və Afrika ştammına təsir etməyə bilər. Buna görə də diqqətli olmaq lazımdır. Çünki bəzən peyvənd olunanlarda virusa yoluxma və hətta ölümlə nəticələnmə halları müşahidə olunur. ÜST pandemiyanın bitməsinin anonsunu verməyənə qədər karantin və gigiyena qaydalarına riayət etməliyik. Açıq havada maska vurulması isə kökündən yanlış qərar idi”.

Müəllif: Azər Niftiyev

Ramanada faciə

Dünən, 17:26 Hadisə