Vətəndaş karantinə boyun əyir, lakin hökumətdən də istəyi var

Cəmiyyət

30.03.2020 - 10:30

Əksəriyyət “evdə qal” çağırışına əməl edir, vaxtını müxtəlif üsullarla keçirir, eyni zamanda bəzi sıxıntıların həll edilməsini də istəyir

 

Azərbaycanda koronavirus təhlükəsinə qarşı ciddi tədbirlər görülür. Ölkə ərazisində xüsusi karantin rejimi elan olunub, 65 yaşdan yuxarı vətəndaşların evdən çıxması qadağan edilib, digər insanların bacardıqca bayıra çıxmamalarına çağırışlar edilir. Bütün qurumlar “Evdə qal” kampaniyasına qoşulub.

 

Qadağa əməl edib, çağırışlara qoşulan vətəndaşlar evlərində başlarını nə ilə qatırlar? Habelə, evdə qalmalarının daha rahat və az darıxdırıcı olması üçün hökumətdən nələr gözləyirlər?

 

AYNA bununla bağlı sosial şəbəkə istifadəçiləri arasında sorğu keçirib. Nəticələri təqdim edirik.

 

Röyal Əliyev: “Ümumiyyətlə, evdə oturmaq, baş qatmaq bizim cəmiyyətə aid deyil. Yalnız müəyyən yaradıcı qruplar var ki, onlar həmişə evdə oturub öz işləri ilə məşğul olurlar. Dünyanın müxtəlif ölkələrində isə insanlar artıq bu problemdən sığortalanıb. Bizdə isə əksinədir. Hökumət bu barədə düşünməlidir”.

 

Eyyub Məmmədov: “Təbii ki, 21-ci əsr hər nə qədər evə qapanıb özünlə baş-başa qalmaq üçün uyğun bir zaman olmasa da, düşünürəm ki, elm-texnologiyanın sürətli inkişafı, rəqəmsallaşma ən çox, məhz bu günlərdə işimizə yarayır. Yəni iyirmi il əvvəlin tələbəsi bir araşdırma üçün bir neçə kitabxanaya, akademik ocaqlara üz tuturdusa, o, bu gün belə bir məcburiyyət qarşısında deyil. Bu mənada cəmiyyətin bu həssas dönəmdə məsələyə “stəkanın boş tərəfi” prinspi ilə yanaşıb maariflənmə, mütaliə və s. bunlar kimi zehni fəaliyyətə keçməsi ən uyğun olanıdır. Mən də çalışıram ki, bu mənada vaxtımı daha dəyərli keçirim. Oxuyur, araşdırır və nəticə çıxarıram. Hökumətdən istəyim isə odur ki, internet paketlərinin endirilməsi isə bağlı iş görülsün. Çünki oxumaq və baş qatmaq üçün internet lazımdır. Lakin paketlərin qiyməti, ələlxüsus da indiki məqamda əlverişli deyil”.

 

Leyla Abdullayeva: “Ev işləri ilə məşğul oluram, kitab oxuyuram. Bir sıra işlərlə başımı qatmağa çalışıram. Buna baxmayaraq, darıxdırıcı olduğunu da hiss edirəm. Çünki hərdən restorana gedir, gəzməyə çıxırdıq. Sosial şəbəkələrdə daha çox başımı qatmağa çalışıram. Problem isə ondadır ki, artıq xəstəxanalara getməyə icazə yoxdur. Bir də ən böyük problemimiz kreditlərdir. Çünki evdə oturmağa məcbur olduqca kreditləri də ödəməyə maddi imkan çatmır. Hökumət kreditləri dondurmaq üçün təklif irəli sürsəydi, yaxşı olardı”.

 

Nərmin Şamilqızı: “Vaxtımı çox səmərəli keçirirəm. Musiqi, rəqs, idman, kolleksiyaların toplanması, bir az da həyət heyvanları ilə başımı qatıram. Son vaxtlarda isə ot bitkilərini araşdırmağa başlamışam. Bundan əlavə, kitab oxuyuram, filmə baxıram, şeir yazıram. Lakin elə insanlar var ki, dövlət işində işləyir, aylıq gəlirləri var deyə evdə oturub dincələ bilirlər. Heç bir yerdə işləməyib gündəlik gəlirə ümid edən insanlar var ki, bu durum onlara daha çətindir və onlar işə çıxmağa məcbur olurlar. Dövlət bu sosial qruplara diqqəti artırmalıdır. Ki, virusu yayan da, qurban da onlar ola bilərlər. Hökumət aztəminatlı və çoxuşaqlı ailələrə, kimsəsiz, müxtəlif xroniki xəstəlikdən əziyyət çəkən, fiziki qüsurlu şəxsləri qeydiyyata almalı və güzəştlər etməlidir. Dünyanın bir çox ölkəsində sosial apteklər var. Bu apteklərdə həmin o ehtiyaclı şəxslər üçün dərman vasitələri ya pulsuz olur, ya da güzəştli qiymətlərlə satılır. Biz də buna hazırlıqlı olmalıyıq”.

 

İsmət Əhmədov: “Evdə başımızı qatmaq üçün müxtəlif versiyalar var. Yəni hərə öz zövqünə uyğun olaraq məşğuliyyət seçə bilər. Məsələ ondan ibarətdir ki, vətəndaşa “evdə qal” demək asandır, ancaq bu məsələnin gətirəcəyi iqtisadi böhranı da düşünmək lazımdır. Hökumətdən istəyim odur ki, vətəndaşların sosial vəziyyətini düşünsün. Bəzi ticarət mərkəzləri bir ay müddətinə kirayələri ləğv edib, bir çox iş yerləri evdən işləmə rejiminə keçib. Amma bu insanlara hökumətin də dəstəyi lazımdır. Belə düşünürəm ki, dövlətimizin büdcəsi bir-iki ay kommunal ödənişlərdə, vergilərdə güzəşt edəcək və ya məvaciblərdə, pensiyalarda müvəqqəti artım edəcək qədər var”.

 

Elim Zakir: “İndiki məqamda evdə vaxt keçirmək daha məqsədəuyğundur. Çünki, ən azından vaxtımızı ailəmizlə keçirə və ev işlərinə vaxt ayıra bilirik. Mən və mənim kimi yüzminlərlə insan var ki, günəmuzd işləyir. Onlar bir gün çölə çıxmasalar, ac qala bilərlər. Çox adam da işini hazırda kredit vasitəsilə görür. Dövlət karantin elan edirsə, bütün müəssisələrdə karantin elan etməlidir ki, heç kim çölə çıxmasın. Elə olan şəraitdə isə hökumət banklardan bir neçə aylıq kreditləri dondurmağı tələb etməlidir. Bir də ki, kommunal xidmətləri dövlət öz üzərinə götürməlidir. Ümumiyyətlə, dövlət xalqın evdə oturmasını istəyirsə, xalqa arxa çıxmalıdır, maddi cəhətdən təmin etməlidir. Əks halda, ən azından günəmuzd işləyən adamlar evdə oturmayacaq”.

 

Əhəd Məmmədli: “Demək olar ki, evdə çox oturmuram. Evdə olanda isə məqalələr yazıram. Dünya və Azərbaycan gündəmini izləyirəm. Hökumətdən istəyim odur ki, bu proses davam etsə və ölkədə fövqəladə vəziyyət elan edilsə, işsiz qalan vətəndaşların maliyyə təminatını ödəsin. Çünki əks halda, bu, ölkə daxilində xaosa səbəb ola bilər. Düşünürəm ki, dövlət rəsmiləri bu haqda düşünür və münasib çıxış yolu tapacaqlar”.

 

Ülviyyə Axundova: “Distant təhsil və onlayn iş görürəm. Dərsliklərdən əlavə, maraqlı kitablar və elmi məqalələr oxuyuram. Hökumətdən istəyim isə odur ki, öhdəliyində olanları icra etsin, qabaqcıl dövlətlərin təcrübəsindən yararlanaraq kredit, ipoteka və kommunal xidmətlərə görə güzəşt etsin. Məncə, artıq bəllidir ki, özəl sektor əməkdaşları işləmədiyi dövrdə gəlirsiz qalacaq, bu da borc və kredit faizlərinin artmasına gətirib çıxaracaq”.

 

Fəridə Aslanova: “Uşaqlarla bərabər dərs oxuyuram. Ev işləri görürəm və mütaliə edirəm. İnternetdən isə şikayətçiyəm. “Azercell” mobil tarifləri aşağı salsa, yaxşı olar. Uşaqlar video vasitəsilə dərsləri öyrənməlidirlər. Lakin bu, mümkün olmur. Bu dəqiqə dünyaya çıxışımız internet vasitəsi ilə olduğu halda çətinlik çəkirik”.

 

Esmira Qasımova: “Həyatım öz axarında davam edir. Lakin günəmuzd işləyən insanların dolanışığı üçün tədbir görülməlidir. Taksi fəaliyyəti ilə məşğul olan, bazarlarda ticarət edən və s. kimi vətəndaşların siyahısı hazırlansın. Həmçinin, kredit borcları dondurulsun. Çünki gündəlik pul qazanan adamlar öhdəliklərini artıq yerinə yetirə bilmirlər. Bir də maska və spirt qıtlığı aradan qalsa, çox yaxşı olar. Həm də fövqəladə rejimin tətbiqi barədə tez bir zamanda qərar çıxarılmalıdır. Əks halda insanları evdə saxlamaq olmayacaq”.

 

Könül Yusifqızı: “Hər şey yaxşıdır. Kulinariyanin yeni-yeni sirlərini öyrənir, filmlər seyr edirəm. Övladımla dərslər keçir və öyrənirik. Hökumət də maddi sıxıntılarımız üçün iş görsə, yaxşı olar”.

Müəllif: Mərahim Nəsib