Vətən boyda... bir şair

Mədəniyyət

01.11.2021 - 13:47

Həkimlər Klinikalar SEO Xidməti

O zaman çox cavandım, çox! Üzüm ağ, saçım qaraydı...

İndiki “İçərişəhər” metrostansiyası ilə üzbəüzdə “Gənclik” jurnalı redaksiyasının girişində, daş pilləkənlərin üstündə oturmuşdum. Əlimdə bərk-bərk tutduğum qovluqda üç vərəqlik bir əlyazma vardı. “Gənclik”də çıxacaq yazımın xəyalı ilə jurnalın baş redaktorunu - Məmməd İsmayılı gözləyirdim.

Ancaq qəflətən o daşların üstündə eləcə oturub gözləməkdən bərk utandım. “Birdən mənə: “Zəif yazırsan” desə, necə olaram?!” deyə düşündüm və bu düşüncəmdən də bir az qorxacaq kimi oldum. Elə bilirdim ki, Məmməd İsmayıl mənə o sözü desə, daha bir də heç vaxt nəsə yaza bilmərəm; qələmi birdəfəlik yerə qoyaram. Mən isə hələ o qələmi təzəcə götürmüşdüm axı...

Bu düşüncələr içindəykən daha o qovluğu da əlimdə əvvəlki kimi bərk sıxmırdım. Özümü birdən-birə hündür bir dağın yamacında oturmuş kimi hiss etmişdim: Məmməd İsmayıl zirvəsinin ətəklərində. Bu hiss mənə bəs elədi. Qovluğu qoltuğuma vurub çıxıb getdim. O vaxt-bu vaxt, Məmməd İsmayılı heç zaman yaxından görə bilməmişdim. Amma bir doğmalıq da duyurdum; onun haqqında danışanda həmişə “Məmməd əmi” deyirəm.

...İran sərhəddinə yaxın kənddə böyümüşəm. Yadımdadır, hələ kiçikdim, atam Arazın o üzündən – uzaqdan görünən başı qarlı zirvəni göstərib: “O dağ da bizimdir, ordakılar da bizik” demişdi. Və o dağa tərəf nə qədər getsək də, çata bilmirdik. Dağ Məmməd İsmayıl da eləcə. Bizimdi - yaxınlıqdakı uzaqdaydı; ürəyimiz çatsa da, əlimiz yetmirdi.

Və bir də iki il əvvəl – Ustad şairin 80 yaşında Bakıda “Aktyor evi”ndə keçirilən yubiley məclisində onu gördüm. Yaxınlaşmaq istədim. Ancaq Ustadla foto çəkdirənlər çox idi deyə fikrimdən daşındım. Yenə də başımı qaldırıb zirvəyə doyunca baxdım və çıxıb getdim.

Həm də niyə getdim?! Məmməd İsmayılla o gün o “Aktyor evində” foto çəkdirənlərin bir çoxu, həm də Ustada bu onillər içində ağır çilə çəkdirənlərlə də fürsət tapan kimi fotolaşanlardı...

Ağır çilə deyərkən, Məmməd İsmayıl nə zaman rahat həyat yaşamışdı ki?! Millətinin qeyrətini, Sözün namusunu qoruyan bir aydın üçün, bir mütəfəkkir üçün harda, hansı yüzildə, nə zaman asan oldu ki?! Və müqəddəs dəyərləri canı, qanı, son nəfəsi ilə qoruyanları öz xalqı həmişə çox sevib. Həm də təkcə öz xalqı yox, bütün Dünya insanları.

Biz üsyankar ispan şairi Lorkanı bunca sevərdikmi, Franko onu güllələtməsəydi?! Sözünü yaşatmaq üçün özünün ölümünə razı gəlməsəydi bu şair... Yaxud Nəsimini diri-diri soymasaydılar... Hüseyn Cavidi Sibirə sürgün ölümünə - ölüm sürgününə göndərməsəydilər...

Yaxud o:

“Çırpınırdın, Qara dəniz,

Baxıb Türkün bayrağına...” yazan Gəncəbasarlı şərəfli müəllim Əhməd Cavad... Daha kimlər, kimlər... Nələr, nələr yaşadılar.

Bəli, böyük Söz adamları özünü, varını-varlığını, rahatlığını Sözə qurban verərlər. Söz üçün lazım gələndə bütün həyatlarını ortaya qoyarlar. Və bunun içində Sözün namusunu təcavüz təhlükəsindən qürbətə qaçırmaq da var. Zamanında Ömər Xəyyam İsfahan saraylarından durub da Bağdadlara qədər yol ölçməzdi ki...

Həm də təkcə sözün namusunu yox! Ağlını, asi düşüncəsini, yaradıcı azadlığını... qaçıranlara baxın!

Tarix Məhəmməd Füzuli, Bertold Brext, Viktor Hüqo, Vaqner, Şopen, Eynşteyn, Nils Bor, Soljenitsın, Qaribaldi... kimi məşhur mühacirləri heç “unutmaz” ki! Hələ-hələ Rəsulzadəni heç! Adam “ispan qripi”ndən sağalıb milli dövlət qurdu. Sonra onu ürəklərə köçürüb Vətəndən getdi. Getmək zorunda qaldı...

...Bir dəfə yazmışdım ki, Vətəni dəlicəsinə sevmək olar, ancaq ona ağılla xidmət göstərmək mümkündür. Məmməd İsmayıl da nə qədər dəli-dolu şair olsa da, Vətəni nəinki ağılla, həm də ürəklə sevən bir İnsandır. Bəli, hər bir sevgi kimi Vətən sevgisi də qarşılıqlı olmayanda tərəflərdən biri mütləq əzab çəkir. Vətənin öz vətəndaşına sevgisi isə onun azadlıqlarına sayğıdan başlayar.

Məmməd İsmayıl da qürbətə üz tutarkən Sözünün namusunu qorumaq hayındaydı. Doğrudur, Türkiyə də əslində heç qürbət sayılmaz. Hər necə olsa da, insan doğulub-böyüdüyü torpağa çox bağlı olur. Ancaq, bax, mən necə o cavan vaxtımda yazımı bərk-bərk qucaqlamışdım, Türkiyə də Məmməd İsmayılı eləcə bağrına basdı. Və Ustad bu doğma “qürbət”dən Sözünü, səsini Dünyanın dörd bir yanına - əcnəbi dillərə, uzaq ürəklərə daşıya bildi. Məmməd İsmayıl: “Dünya, bizim evimizdir” deyir. Və bunu çoxdan deyir. O, Tovuzun Əsrik-Cırdaxan kəndindən çıxdı, bir Dünya şairi oldu.

Amma...

Bax, yetim uşaqlar yaşından tez böyüyür. Yetimlər oyun oynamaqdan yoxsun qalar, amma əvəzində həyatın amansız oyunları ilə tanışar, vurularkən ayaqda qalmağı öyrənər. “Var”ını itirmiş hər kəsin həmişə bir tərəfində zalım bir “yox” var. Məmməd İsmayıl da hər zaman itirdiyinin acısını yaşadı – həyatında, şeirində. Bunlar həm də gücləndirdi. Ancaq Şair gücləndikcə, Vətən sevgisi önündə daha “zəif” düşdü.

Və:

“Hicrət günortasından ömür düşdü axşama,

Xəbər gətirəni yox səhər gələcəyindən...” yazdı Ustad.

Yəni öz şəxsi, balaca Hicrətinin dərdi həmişə ona ağır gəldi. Bu duyğu Məmməd İsmayılın bütün poetik kimliyini sarmış. Bir yandan da oz dərdinin belə... dərdini çəkəcək qədər böyük ürək sahibi olmanın xoşbəxtliyi var:

“Sən xoşbəxt olmadın dərdin əlindən,

Bax sənə dərd verən dərd xoşbəxtdimi?!”

...Bəli, Məmməd İsmayıla dərd verən dərd xoşbəxt ola bilməzdi. Və nə olursa-olsun, Məmməd İsmayıl xoşbəxt şairdir. Onun indiki bu Tənhalığının özündə bir xoşbəxtlik var. Çünki axı yaradıcılıq özü də xoşbəxt (ya da bədbəxt) bir tənhalığın olayıdır. Ən əsası, Vətəninin ağrısını durmadan öz canında hiss edirsə.

İnsan hətta kəsilib atılan bədən orqanının ağrısını ömür boyu hiss edir. Məmməd İsmayıl da itirdiklərinin ağrısını qazandıqlarının sevincindən daha çox yaşayan şairdir. Bəlkə insanın gözündə itirdiyi həmişə qazandığından daha qiymətliydi, ona görə. Amma bu itirilən nəsnə həyatda ən qiymətli, hətta canından da dəyərlidirsə...

Fəqət inanıram ki, bir səhər gələcəyindən Məmməd İsmayıla xəbər gətirən mütləq olacaq və o zaman biz Məmməd əmini bu Vətənində, həm də Dünyadakı Vətən boyda bir şair kimi sevə-sevə qarşılarıq...

Bahəddin Həzi,

Bizimyol.info

Müəllif: Ayna.az