“Əgər soyuqqanlı fikirlər üstünlük təşkil etsə, bu, uzunmüddətli sülhlə yekunlaşa bilər”
ABŞ-ın vitse-prezidenti J.D.Vens Rusiya ilə Ukrayna arasında müharibəyə son qoymaq ehtimalı ilə bağlı hələ də “nikbin” olduğunu bildirib və deyib ki, Vaşinqton indi Ukrayna və Rusiyanın bir-biri ilə birbaşa qarşılıqlı əlaqəyə razılıq verməsini gözləyir.
AYNA.AZ xəbər verir ki, "European Pravda"nın yazdığına görə, Vens bunu mayın 7-də Vaşinqtonda konfrans zamanı verdiyi müsahibədə deyib.
Vitse-prezidentdən Rusiya hökumətinin döyüşləri dayandırmaqda maraqlı görünmədiyi bir vəziyyətdə ABŞ-ın necə hərəkət etməyi planlaşdırdığı soruşulub.
Vens cavabında deyib: “Mən çox bədbin olub deməzdim ki, ruslar maraqlı deyillər. Mən deyərdim ki, indi ruslar münaqişəni dayandırmaq üçün müəyyən güzəştlər tələb edirlər. Biz hesab edirik ki, onlar çox şey istəyirlər".
Vens Prezident Donald Trampın Amerikanın səyləri nəticəsiz qalacağı təqdirdə “dönüb uzaqlaşa biləcəyi” sözlərini xatırladıb.
"Hazırda atmaq istədiyimiz addım ondan ibarətdir ki, biz istərdik ki, ruslar və ukraynalılar masa arxasına əyləşib danışıqlara başlamaq üçün bəzi əsas prinsiplərə razılaşsınlar. ABŞ əlbəttə ki, bu söhbətin bir hissəsi olmaqdan xoşbəxtdir. Lakin Rusiya və Ukraynanın bir-biri ilə danışmağa başlaması çox vacibdir", - J.D.Vens qeyd edib.
Vitse-prezident etiraf edib ki, müharibənin məqbul sonunu necə görməkdə Rusiya və Ukraynanın mövqeləri arasında fərqlər çox böyükdür: "Bizim fikrimizcə, danışıqlarda növbəti addım bu boşluğu aradan qaldırmağa çalışmaq olmalıdır. Yəqin ki, iki tərəf arasında birbaşa danışıqlar zəruri olacaq. Vaşinqton artıq Ukraynanın qeyd-şərtsiz razılaşdığı 30 günlük atəşkəs təklifinə diqqət yetirmir. Ukrayna 30 günlük atəşkəsə razılaşdığını bildirdi – biz bunu təqdir edirik... Rusların dediyi o idi ki, 30 günlük atəşkəs onların strateji maraqlarına uyğun deyil. Biz xüsusi olaraq 30 günlük atəşkəsə deyil, daha çox uzunmüddətli nizamlanmanın necə görünəcəyinə diqqət yetirməyə çalışırıq”.
“Əgər soyuqqanlı fikirlər üstünlük təşkil etsə, bu, uzunmüddətli sülhlə yekunlaşa bilər. Bu, Ukrayna və Rusiya üçün iqtisadi cəhətdən faydalı olardı və daha da vacibi, insan həyatının məhvini dayandırar”, - Vens əlavə edib.