Üstün gələn maraqlar: Türkiyə və İsveç bir-birinə “yaşıl işıq” yandırdı

Dünya

11.07.2023 - 18:35

Həkimlər Klinikalar SEO Xidməti

Politoloq: “Əvvəl Finlandiya, sonra da İsveç anladı ki, NATO üzvü olmaq istəyirlərsə, Türkiyənin şərtlərini qəbul etməlidirlər”

NATO Dövlət və Hökumət Başçıları Zirvəsi çərçivəsində Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan, NATO-nun baş katibi Yens Stoltenberq və İsveç lideri Kristersson arasında keçirilən üçtərəfli sammitdə razılıq əldə olunub. Bildirilir ki, İsveçin NATO üzvlüyünə Türkiyənin dəstəyi ilə masada daha bir çox qərarlar qəbul edilib. Eyni zamanda, NATO tarixində ilk dəfə olaraq Terrorla Mübarizə üzrə Xüsusi Koordinator təyin ediləcək, terror təşkilatlarına qarşı mübarizədə əməkdaşlıq genişləndiriləcək. İsveç və Türkiyə arasında ikitərəfli təhlükəsizlik mexanizmi qurulacaq, İsveç Türkiyənin Avropa İttifaqı üzvlüyünə, sanksiyaların ləğvinə və viza rejiminin liberallaşdırılmasına dəstək verəcək.

Türkiyənin adı açıqlanmayan yüksək rütbəli rəsmisi bildirib ki, Vilnüsdə keçirilən üçtərəfli görüşdə Türkiyə sanksiyaların ləğvi və viza rejiminin liberallaşdırılması da daxil olmaqla, Avropa İttifaqına üzvlük prosesinə tam dəstək alıb.

Daha əvvəl NATO-nun baş katibi Stoltenberq Ərdoğanın İsveçin NATO-ya üzvlük ərizəsini “mümkün qədər tez” ratifikasiya etmək üçün Türkiyə Böyük Millət Məclisinə sənədlər göndərməyə razı olduğunu bildirib. Bununla belə, Stoltenberq konkret tarixlər qeyd etməyib.

Türkiyə, İsveç və NATO arasında keçirilən görüşdə İsveçin Türkiyənin Aİ-yə üzvlük prosesinə, o cümlədən Gömrük İttifaqının yenilənməsi və viza liberallaşdırılmasına fəal dəstək verəcəyi bildirilib.

Digər tərəfdən yüksək rütbəli türk rəsmisi Vilnüsdə keçirilən üçtərəfli görüşdə Türkiyənin sanksiyaların ləğvi və viza liberallaşdırılması da daxil olmaqla, Aİ prosesinə tam dəstək aldığını bildirib.

Türkiyə, İsveç və NATO arasında Vilnüsdə keçirilən üçtərəfli görüşdən sonra yazılı açıqlama da verilib. NATO-nun son Zirvə Toplantısından bu yana Türkiyə və İsveçin Türkiyənin qanuni təhlükəsizlik problemlərini həll etmək üçün sıx əməkdaşlıq etdiyi vurğulanan bəyanatda İsveçin konstitusiyasında, qanunlarında dəyişiklik etdiyi, PKK-ya qarşı terrorla mübarizədə əməkdaşlığı əhəmiyyətli dərəcədə genişləndirdiyi, Türkiyəyə silah ixracına yenidən başladığı bildirilib.

Bəyanatda deyilir: “İsveç Türkiyənin Türkiyə-Aİ Gömrük İttifaqını yeniləmək və viza liberallaşdırılması da daxil olmaqla Aİ-yə üzvlük prosesini canlandırmaq səylərini fəal şəkildə dəstəkləyəcək. Bu əsasda və Avro-Atlantik bölgənin çəkindirmə və müdafiə tələbləri kontekstində, Türkiyə İsveçin üzvlük protokollarını parlamentə göndərəcək və onların ratifikasiyasını təmin etmək üçün parlamentlə sıx əməkdaşlıq edəcək”.

Türkiyənin İsveçin NATO üzvlüyünə etiraz etməməsini Ankaranın siyasətində edilən dəyişikliklə əlaqələndirilir. Ekspertlər iddia edirlər ki, Ərdoğan hökuməti şərtləri yerinə yetirildiyi üçün İsveçə “yaşıl işıq” yandırdı.

Prosesləri AYNA-ya şərh edən politoloq Zərdüşt Əlizadə bildirib ki, Ankaranın şərtləri qəbul olunub ki, İsveçin NATO üzvlüyünə veto qoymur:

- Türkiyənin xarici siyasət kursunu dəyişdiyini iddia etmək doğru deyil. Çünki Türkiyədə hakimiyyət dəyişmədi, Prezident yenə Ərdoğandır. Xarici işlər naziri dəyişsə də, o da əvvəkli komanda üzvüdür. İsveçin NATO üzvlüyünə Ankaranın veto qoymaması şərtlərin qəbulu ilə bağlıdır. Yəni bir ildir davam edən danışıqlar müsbət nəticə verdi. Onsuz da Türkiyə Finlandiyanın da İsveçin də NATO üzvlüyünə qarşı olmadığını, sadəcə şərtlərinin olduğunu bəyan etmişdi. Yəqin ki, Qərb tərəfdaşlarının qərarı ilə İsveç bu şərtləri qəbul etdi ki, bu, Ankaranı qane etdi. Əvvəl Finlandiya, sonra da İsveç anladı ki, NATO üzvü olmaq istəyirlərsə, Türkiyənin şərtlərini qəbul etməlidirlər.

- Qərb bu qədər müddətdə niyə İsveçə Türkiyənin şərtlərini qəbul etdirməyə razı sala bilmirdi?

- Məsələ belədir ki, Qərb müttəfiqləri arasında münasibətlər həm müttəfiqlikdir, həm də rəqabət. Türkiyə çoxmillətli dövlətdir, orada çoxlu sayda kürd əsilli vətəndaş yaşayır. Kürdlərin arasında müstəqil dövlət arzusu ilə alışıb yananlar var. Bu adamlar istəyirlər ki, kürd xalqını istismar etsinlər, talasınlar. Yəni ki, hakimiyyət eşqindədirlər. Qərb dövlətləri də bunu yaxşı anlayırlar. Və kürdlərin həmin arzusunu həyata keçirməsi üçün maliyyə yardımı edirlər. Vaxtilə SSRİ Kürdüstan Fəhlə Partiyasını (PKK terror təşkilatı) dəstəkləyirdi. SSRİ yoxa çıxandan sonra PKK-nı Qərb dövlətləri dəstəkləyir.

Əlbəttə, NATO çərçivəsində Qərb ölkələri Türkiyə ilə müttəfiqdirlər. Ona görə də Türkiyənin düşməni olan qüvvələrə açıq dəstək verə bilmirlər. Ona görə də, NATO üzvü olmayan, ancaq onlarla həmrəy olan Finlandiya və İsveçdən xahiş etmişdilər ki, kürd separatçılarına siyasi, mənəvi, maliyyə dəstəyi göstərsinlər.

- Bunu müttəfiqləri Türkiyəyə niyə edirlər?

- Maraqlar, böyümənin qarşısını almaq. Qlobal güclərin öz maraqları var və o maraqlar naminə müttəfiqlərinə də dolayısı ilə zərbə vura bilirlər.

Anlamaq lazımdır ki, Qərb demokratiyası anlayışında dövlət hər şey deyil, əsas insandır. Şərq siyasətində isə əsas dövlətdir. Skandinaviya ölkələri dünyada azsaylı demokratik ölkələrdəndir. Onlar da məmnuniyyətlə Türkiyənin təqibindən, təzyiqindən qaçan kürd fəallarına sığınacaq verirdilər. Onlara cəmiyyətlərində yerləşmək, iradələrini ifadə etmək şəraiti yaradırdılar. Kürdlər də bundan sui-istifadə edirdilər. Türkiyə buna dözürdü. Çünki Finlandiya və İsveçə təzyiq etmək imkanı yox idi. Finlandiya və İsveç NATO-ya üzv olmaq istəyini bildirəndə Türkiyə hesab etdi ki, aha, məqamdır. Bu zaman bildirdi ki, siz bizimlə müttəfiq olmaq istəyirsiniz, ancaq bizim dövlət suverenliyinə qəsd edən insanlara şərait yaradırsınız. Əgər şərtlərimizi qəbul etməsəniz, Türkiyə NATO-ya üzvlüyünüzə qadağa qoyacaq. Türkiyənin bu çıxışından sonra Finlandiya və İsveç insan hüquqlarından bəhs etdilər. Türkiyə də cavab verdi ki, insan hüquqları ilə separatçılığı qarışdırmayın. Gizli və açıq danışıqlar getdi. Sonda NATO-nun baş katibi məcbur olub dedi ki, Türkiyə haqlıdır. ABŞ və digərləri də Türkiyənin mövqeyinə söz tapa bilmədilər. Məsələ bu qədər sadədir.

- Türkiyəyə müəyyən silahların alınması baxımından qadağalar qoyulmuşdu. Bunlar aradan qalxacaqmı?

- Bu məsələlər artıq detallardır. Yəqin ki, o detallar danışılıb, yaxud zamanla danışılacaq, həllini tapacaq. Onu da nəzərə almaq lazımdır ki, isveç də Türkiyəyə Avropa İttifaqına üzvlük məsələsində “yaşıl işıq” yandırdı, dətsək olacağını bildirdi. Bu, sıradan məsələ deyil.  

- Ankaranın bu qərarına Moskvadan hansı reaksiya olacaq?

- Moskvadan hansı reaksiya ola bilər ki?! Onsuz da Rusiya bilirdi ki, Türkiyə NATO ölkəsidir, NATO müttəfiqidir. Həmçinin Türkiyə şərtləri qəbul ediləcəksə, Finlandiyaya da, İsveçə də “yox” deməyəcəyini bəyan etmişdi. Finlandiyaya veto qoymadı, razı oldu, Rusiya nə deyə bildi? Heç nə deyə bilmədi. İsveçə də nəsə deyə bilməz. Türkiyə zəif dövlət deyil, Rusiyanın forpostu deyil ki, Kremlin təlimatı ilə siyasət aparsın. Türkiyə böyük və maraqları olan dövlətdir. Maraqları nəyi tələb edirsə, o addımı da atacaq.

Müəllif: Anar Bayramoğlu

Pin up casino Pin-up casino giriş