3 telekanalın yayımının dayandırılmasına görə Zelenskinin impiçmenti prosesi başladılıb
Ukraynanın “Müxalifət Platforması - Həyat Üçün” Partiyası Prezident Vladimir Zelenskiyə qarşı impiçment prosesi başladıb. AYNA “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə deputat Vadim Rabinoviç Ali Radanın tribunasından fraksiya müraciətini oxuyarkən bildirib.
Onun sözlərinə görə, buna səbəb Milli Təhlükəsizlik və Müdafiə Şurasının “112 Ukrayna”, “ZIK” və “NewsOne” telekanallarına qarşı sanksiyaların tətbiq edilməsi qərarıdır.
"Biz seçiciləri və ölkəni lağa qoyan Prezident Zelenskiyə qarşı impiçment başladırıq", - Rabinoviç bildirib.
Prezidentin rəhbəri olduğu “Xalqın xidmətçisi” Partiyasının bəzi deputatları müxalifətin açıqlamasını gülüşlə qarşılayıb.
Qeyd edək ki, Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak telekanallara tətbiq olunan sanksiyaların senzuradan ibarət olmadığını, əksinə, zərərli təbliğata qarşı mübarizə məqsədi daşıdığını söyləyib. Qərarı mədəniyyət və informasiya siyasəti naziri Aleksandr Tkaçenko da müsbət qarşılayıb. Onun fikrincə, "112 Ukrayna", “ZIK” və “NewsOne” Kremlin təbliğat alətləri funksiyasını yerinə yetirir, informasiya terrorizmi ilə məşğul olur və Ukraynanın təhlükəsizliyini təhdid edir.
Xatırladaq ki, fevral ayının 2-də V.Zelenskinin Milli Təhlükəsizlik və Müdafiə Şurasının bir neçə televiziya kanalına qarşı sanksiya tətbiq edilməsinə dair qərarını fərmanla təsdiqləyib. “112 Ukrayna” loqosu altındakı regional kanallar, “ZIK” və “NewsOne” telekanallarının Prezident fərmanından sonra yayımı dayandırılıb. “Novosti” Media Holdinqinin sahibi, “Müxalifət Platforması - Həyat Üçün” Partiyasından olan deputat Taras Kozaka da şəxsi sanksiyalar tətbiq edilib.