Aksiyaçılar Türkiyəyə çarter reys açılmasını tələb edirlər, səfirlik isə bunun imkanı xaricində olduğunu bildirir
Bu gün bir qrup Türkiyə və Azərbaycan vətəndaşı Türkiyənin Azərbaycandakı səfirliyinin qarşısında etiraz aksiyası keçiriblər. Şikayətçilər iki aydır, Azərbaycandan çıxa bilmədiklərini və çarter reyslərlə bağlı bir neçə dəfə müraciət etsələr də, heç bir cavab ala bilmədiklərini dilə gətiriblər.
“Ona görə də biz bu gün səfirlikdə görüş keçirdik, onlara təxliyə olmaq istəyən vətəndaşların siyahısını təqdim etdik. Sadəcə, bizə deyirdilər ki, iyunun 1-i sərhədlər açılacaq və ona qədər gözləyək. Lakin məlum olduğu kimi, sərhədlərin bağlı qalması iyunun 15-ə qədər uzadıldı. Aramızda xəstələr, Türkiyədə müalicəsini yarımçıq saxlayanlar, azyaşlı uşaqları olanlar, maddi durumları zəifləyənlər var deyə, bizi Bakıdan Türkiyəyə təxliyə etmələrini tələb etdik”, - etirazçılar AYNA-ya danışıblar.
“Lakin bizə dedilər ki, iyunun 15-dən sonra sərhədlər açılmasa, çarter reys təşkil edəcəklər və ona qədər gözləyək. Biz siyahını səfirliyə təqdim etdik. Səfirlikdən isə siyahının Türk Hava Yolları şirkətinə təqdim ediləcəyini və çarter reysin təşkil olunması üçün çalışacqları bildirildi. Problem ondadır ki, AZAL və “Buta” şirkəti rəsmi “Facebook” səhifələrində iyulun 1-ə qədər uçuş həyata keçirməyəcəklərini bildiriblər. Biz də səfirliyə deyirik ki, bu ay uçuş olmayacaq, ona görə də bizi göndərin”, - şikayətçilər əlavə ediblər.
Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Hüseyn Altunalan isə AYNA-ya açıqlamsında baş verənlərin həqiqəti əks etdirmədiyini bildirib: “Çünki bu, tək bizim əlimizdə olan bir məsələ deyil. İstənilən halda yetərli say qeydə alınandan sonra Türk Hava Yolları ilə əməkdaşlıq edərək onların təxliyəsini təşkil edəcəyik və bu günə qədər etmişik də. Yəni bu, Türkiyə səfirliyinin təkbaşına edəcəyi bir məsələ deyil və Türk Hava Yolları ilə əməkdaşlıq sayəsində həyata keçirilir”.
“Onlar bundan əvvəlki reyslərə müraciət etməyiblər. Müraciət etsəydilər, onsuz da tələbləri qəbul olunacaqdı. Çünki səfirliyin təxirə salmaq kimi niyyəti yoxdur. Və onların hamısını da eyni vaxtda səfirlikdə qəbul etmək mümkün deyil. İstənilən halda, tələbləri qeydə alındı, danışıldı və müraciətləri Türk Hava Yollarına yönləndirildi”, - deyə səfrilik sözçüsü vurğulayıb.