Türkiyədə tələsik fövqəladə vəziyyət qərarı və xoşagəlməz mənzərə

Hadisə

11.04.2020 - 13:07

Bu tip qərarlar 3 gün öncədən elan edilməlidir ki, camaat bilgilənsin, doğru davransın

 

Dünən Türkiyənin 30 böyük şəhərində 48 saatlıq küçəyə çıxmaq qadağası qoyuldu. Xəbər qadağanın başlamasına 2 saat qalmış elan edildi və bütün insanlar – maska taxan-taxmayan - hamı sosial məsafə gözləmədən küçələrə, marketərə, alış-veriş bazarlarına doluşdu. Hətta qadağa elan edilməyən şəhər və qəsəbə sakinləri də eyni addım atdılar.

 

Təəssüf ki, düşünülməmiş, öncədən anons edilməmiş bu qərar virusun daha çox yayılmasına səbəb olacaq. Zatən, Türkiyədə vəziyyət son günlər “İtaliya ssenarisi” ilə inkişaf edirdi, dünənki qərardan sonra bu ssenarinin gerçəkləşməsi daha daha da real olacaq. Hökumətlərin qadağalar xoşuna gəlməyə başladı. Lakin bu tip qərarlar, ancaq 3 gün öncədən elan edilməlidir ki, camaat bilgilənsin, doğru davransın.

 

Türkiyə hökuməti 48 saat tam izolyasiya ilə virusun yayılmasının pik nöqtəsini uzadaraq xəstəxanaların dolub-daşmasının qarşısını almağa çalışır – burası aydındır. Amma qərarların alınma mexanizmi və uyğulanması bərbaddır! Amma bu qərarda müxalifətin də mənfi payı var – onlar bir neçə gündür ki, “nədən fövqəladə hal elan edilmir, niyə yasaqlar sərtləşdirilmir”, - deyə bağırırdılar. Nəticədə də AKP hökuməti siyasi basqı altında belə bir düşünülməmiş qərar aldı.

 

Ümimiyyətlə, pandemiya və koronavirus problemi maraqlı məsələləri üzə çıxardı – liberal kəsim, müxalifət dünyanın hər yerində hökumətləri daha sərt tədbirlərin alınmasına çağırdı. Postvirus dövründə dünyada pandemiyanın siyasi, sosial, iqtisadi təsirləri haqqında minlərlə kitab, araşdırmalar yazılacaq. Ddünyada ha, bizdə yox – Azərbaycanda zatən araşdırmaq, düşünmək, fərqli fikir söyləmək dəb deyil, həmişə hər tərəfdən “vurulmağa” başlayırsan. Ağır dərddir...

Müəllif: Natiq Cəfərli, REAL təmsilçisi, iqtisadçı-ekspert