Çavuşoğlu: “Biz tərəfləri problemi sülh və diplomatik yolla həll etməyə çağırırıq”
“Türkiyə Rusiya ilə Ukrayna arasında yaranmış böhranda heç bir tərəfi dəstəkləmir. Amma münaqişənin tənzimlənməsi üçün diplomatik dəstək verməyə hazırdır”. AYNA Türkiyə mediasına istinadən bildirir ki, bu sözləri qardaş ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Çavuşoğlu vurğulayıb ki, hazırda Donbass bölgəsində problemlər var: “Amma Minsk sazişi də mövcuddur. Biz tərəfləri problemi sülh və diplomatik yolla həll etməyə çağırırıq. Türkiyə həm Ukrayna, həm Rusiya, həm də digər dövlətlərin ərazi bütövlüyünü dəstəkləyir. Bizim hər hansı bir dövlətlə əlaqələrimiz digər dövlətlə münasibətlərimizə təsir etməməlidir. Ukrayna və Rusiya arasında yaranan fikir ayrılığında heç bir tərəfi dəstəkləmirik”.
“Türkiyənin siyasəti bütün problemlər, o cümlədən də Krım məsələsi barədə aydın ifadə olunub. Öz mövqeyimizi hər iki tərəfə səmimi və açıq şəkildə bildirmişik. Biz konstruktiv siyasət aparırıq. Hazırda gərginlik azalmağa başlayıb ki, bu da bizi sevindirir. Türkiyə bu prosesə töhfə verməyə hazırdır”, - deyə Çavuşoğlu vurğulayıb.