“Türkiyə ilə hərbi ittifaq qurmağın vaxtıdır”

Siyasət

23.07.2020 - 20:00

Şahin Cəfərli: “Türkiyə burada hərbi baza yaratmağa hazırdır, amma bunun üçün gərək Azərbaycan özü müraciət etsin”

 

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozması, artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutması səbəbindən başlayan döyüşlər nisbətən səngisə də, gərginlik davam edir. Gərginlik fonunda bir məsələ isə xüsusən müzakirələrə səbəb olub. Belə ki, Rusiya tərəfinin həmişə olduğu kimi, Ermənistana dəstəyi, Türkiyənin isə həmişəkindən daha çox Azərbaycana dəstək verməsi bəzi məqamları yenidən aktuallaşdırıb.

 

Belə ki, Türkiyə Müdafiə Sənayesi naziri İsmayıl Dəmirin “Müdafiə sənayemiz - silahlı PUA-larımızdan tutmuş, silah-sursatlarımız, raketlərimiz və elektron müharibə sistemlərimizə qədər bütün təcrübəsi, texnologiyası və imkanları ilə hər zaman Azərbaycanın ixtiyarındadır. Azərbaycan ordusuna yeni sistemlər gətirməklə yanaşı, mövcud sistemlərin modernləşdirilməsi, texniki xidmət və təlim fəaliyyətləri məsələlərində birlikdə çalışacağıq. Bir millət, iki dövlət!” açıqlaması da Türkiyə ilə hərbi və siyasi əməkdaşlığın genişləndirilməsi məsələsini aktuallaşdırıb.

 

Bundan əlavə, Rusiya mətbuatında Ermənistana dəstək mesajlı yazılardan sonra Türkiyəyə məxsus “F-16” döyüş qırıcılarının Ermənistan sərhədində manevrlər etməsi də diqqətdən yayınmayıb.

 

Bir neçə gün öncə isə Türkiyə tərəfindən Azərbaycana müxtəlif silah-sursatlar və PUA-ların verilməsi ilə bağlı xəbərlər yayılsa da, rəsmi olaraq hələlik öz təsdiqini tapmayıb.

Mövzu ilə bağlı AYNA-ya açıqlama verən siyasi şərhçi Şahin Cəfərli bildirib ki, Türkiyə ilə Azərbaycan arasında hərbi-siyasi əməkdaşlığın yüksək səviyyədə olması hamıya məlumdur: “Türkiyə Hərbi Sənaye Kompleksinin rəhbəri İsmayıl Dəmirin verdiyi açıqlama da onu göstərdi ki, Türkiyə istehsal etdiyi silahları Azərbaycana verməyə həmişə hazırdır. Təbii ki, “Bayraktar” dronları istər Suriyada, istərsə də Liviyadakı hərbi əməliyyatlarda öz effektivliyini kifayət qədər göstərib. Əlbəttə ki, Azərbaycan həmin dronları əldə edibsə, onların Azərbaycan ordusuna da faydası olacaq. Məlum məsələdir ki, Türkiyə həmin dronları bizə verəcəyi təqdirdə təlim məsələsində də köməklik göstərəcək və Türkiyə mütəxəssisləri bizim hərbiçilərə dronların necə istifadə olunmasını öyrədəcəklər”.

 

“İstənilən halda, Azərbaycan-Türkiyə münasibətləri istər siyasi, istər iqtisadi, istərsə də hərbi istiqamətdə yüksək səviyyədə davam edir. Əlbəttə ki, bu münasibətləri daha da dərinləşdirmək mümkündür. Məsələn, bizim ictimaiyətdə tez-tez Türkiyənin Azərbaycanda hərbi baza yaratması ilə bağlı fikirlər səsləndirilir. Təbii ki, bu, o qədər də sadə məsələ deyil. Düşünürəm ki, Türkiyə burada hərbi baza yaratmağa hazırdır, amma bunun üçün gərək Azərbaycan özü müraciət eləsin. Yəni Azərbaycan Dövləti ilə Türkiyə Dövləti arasında bu istiqamətdə məsləhətləşmələrə başlamaq mümkün olsa da, bu, hər iki tərəfin qərarı ilə ola biləcək məsələdir. Çünki Türkiyə yalnız öz istəyi ilə burada hərbi baza yarada bilməz”, - politoloq deyib.

 

Cəfərli vurğulayıb ki, əgər hərbi əməkdaşlıqla bağlı məsləhətləşmələr aparılırsa, bu, gizli həyata keçirilməli və ictimaiyyətə açıq olmadan aparılmalıdır: “Onun nəticəsində də belə bir qərar qəbul oluna bilər. Bizim hələlik bununla bağlı dəqiq məlumatımız yoxdur. Bəlkə də məxfi danışıqlarla belə bir müzakirə aparılır. Amma aparılmırsa da, bu istiqamətdə artıq danışıqlara başlamaq lazmdır”.

 

“Çünki Ermənistanın arxasında hansı dövlətin dayandığını hamımız yaxşı bilirik. Faktiki olaraq bu məsələdə Ermənistanın müttəfiqləri daha çoxdur. Biz də bu çatışmazlıqları aradan qaldırmaq və Ermənistanın bu sahədə üstünlüyünü balanslaşdırmaq üçün bizə yaxın olan və birmənalı dəstək verən yeganə ölkə - Türkiyə ilə hərbi müttəfiqliyin qurulması istiqamətində danışıqlara başlaya bilərik. Əgər, bu addımlar Azərbaycan tərəfindən atılıbsa, lap yaxşı. Yox, atılmayıbsa, danışıqlara başlamaq lazımdır”, - həmsöhbətimiz əlavə edib.

Müəllif: Mərahim Nəsib