Həkim: "Prezident və xanımı heyətimizin müşahidəsi altındadır"
Dünən mətbuatda gedən xəbərlərə görə, ABŞ Prezidenti Donald Tramp və həyat yoldaşı Melaniya Trampın COVID-19 testlərinin nəticəsi pozitiv çıxıb.
AYNA xarici mediaya istinadən xəbər verir ki, COVID-19-a yoluxduğu deyilən ABŞ Prezidenti Donald Tramp bu gün müalicə üçün Walter Reed Milli Hərbi Tibb mərkəzinə yerləşdirilib. Ağ Evdən verilən açıqlamaya görə, Hərbi Dəniz Qüvvələri Helikopteri ilə xəstəxanaya yerləşdirilən D.Tramp bir neçə gün xəstəxanada həkim nəzarəti altında qalacaq. Mətbuat xidmətinin sözlərinə görə, Trampın əhval-ruhiyyəsi yaxşıdır, xəstəxanaya xəstəliyə qarşı daha tədbirli olmaq üçün gedib. Və öz işini xəstəxanadakı Prezident ofisindən davam etdirəcək.
Trampın həkimi Şon Conley açıqlamasında "Prezident və xanımı heyətimizin müşahidəsi altındadır. Birlikdə növbəti addım üçün tövsiyələr veririk ” deyib. O, Trampın müalicəsi üçün antikorlara sink, Vitamin D, Famotidin, melatonin və aspirin əlavə etdiklərini söyləyib.
Qeyd edək ki, Ağ Evdən Trampın prezident səlahiyyətlərini təhvil vermədiyi, hazırkı vitse-prezident Mayk Pencedə isə virusun olmadığı bildirilib. Lakin D.Trampın seçki kampaniyasının rəhbəri Bill Stepieninin də koronavirusa yoluxduğu açıqlanıb. Eyni zamanda 72 yaşında və artıq çəkisi olan Trampın yüksək risk qrupunda olduğu bildirilsə də, bunun qarşıdakı seçki yarışına necə təsir edəcəyi hələ dəqiq deyil.