Saat 16:05-ə olan məlumata görə, 8 nəfərə yerində tibbi yardım göstərilib
"EuroHome” tikinti materialları bazarında baş verən yanğınla əlaqədar hadisə yerinə 8 Təcili Tibbi Yardım briqadası cəlb olunub. Bu barədə AYNA-ya Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən məlumat verilib.
Saat 16:05-ə olan məlumata görə, 8 nəfərə yerində yardım göstərilib, 4 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, bir nəfər əlin kəsilmiş yarası diaqnozu ilə Travmatologiya və Ortopediya İnstitutuna gətirilib. Hazırda ərazidə 2 Təcili Tibbi Yardım briqadası var.
Qeyd edək ki, bu gün səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında yanğın baş verib. Yanğının söndürülməsi üçün əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətindən 29 ədəd texnika və 150 nəfər canlı qüvvə, Xüsusi Riskli Xilasetmə Xidmətindən 16 ədəd texnika və 200 nəfər canlı qüvvə, Aviasiya dəstəsindən 3 ədəd helikopter və 1 ədəd “BE-200ÇS” tipli təyyarə, Mülki müdafiə qoşunlarından 3 ədəd texnika və 53 nəfər canlı qüvvə cəlb olunub.
İlkin hesablamaya əsasən, təxminən 5 hektar bazar ərazisinin 2 hektarı yanıb. Bazarın qalan hissəsi və bitişik tikintilər, o cümlədən yaşayış evləri yanğından mühafizə olunub.
İlkin ehtimala görə, yanğın bazarda yerləşən kafel-metlaq satışı mağazasında elektrik kabellərində başlayıb. Hazırda araşdırma işləri davam etdirilir.