Uzunluğu 11 kilometr olan avtomobil yolları 7 minə yaxın əhalinin rahat gediş-gəlişini təmin edəcək
Tərtər rayonunda 5 yaşayış məntəqəsini əhatə edən avtomobil yolu yenidən qurulub. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, rayonunun Evoğlu-Aşağı Qapanlı-Azad Qaraqoyunlu-İlxıçılar-Köçərli avtomobil yolunun tikintisi başa çatdırılıb.
Ümumi uzunluğu 11 km olan avtomobil yolları 7 minə yaxın əhalinin yaşadığı 5 kəndin rahat gediş-gəlişini təmin edəcək. Bundan öncə uzun müddət əsaslı şəkildə yenidən qurulmadan istismarda olması səbəbindən sözügedən yaşayış məntəqələrinin sakinlərinin istər rayon mərkəzinə, istərsə də qonşu rayonlara çıxışında xüsusən payız-qış mövsümündə problemlər yaşanırdı.
Agentlik tərəfindən yenidən qurulan yollar 10 metrə qədər genişləndirilib.
Avtomobil yollarının altından suların ötürülməsini təmin etmək məqsədi ilə mövcud boruların yeniləri ilə əvəz olunaraq zəruri yerlərdə inşa edilib.
Sadalanan işlərin ardınca “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yollara iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.
Layihənin sonuncu mərhələsində yollar boyu zəruri yerlərdə avtobus dayanacaqları, yol nişanı, kilometr göstəricisi və siqnal dirəkləri quraşdırılıb, hərəkətin normal təşkili üçün üfüqi nişanlama xətləri çəkilib.
Təbii ki, bir-neçə yaşayış məntəqəsinə gedən yolların bərpası, inşası, müasir tələblər səviyyəsində yenidən qurulması vətəndaşlarımızın birbaşa olaraq sosial rifah halına müsbət təsir göstərməklə, avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaradır, yük və sərnişin daşımasını asanlaşdırır, kənd təsərrüfatının inkişafına təkan verir, məhsulun tez bir zamanda istehsalçıdan istehlakçıya çatdırılmasına hərtərəfli şərait yaradır.