"Telekanallardakı "istintaq verilişləri” insanların şəxsi həyatına müdaxilə edir"

Cəmiyyət

15.01.2020 - 17:33

"Bu işi daha effektiv aparmaq üçün Prezident yanında media ombudsmanının olmasına ehtiyac var”

 

Günlərdir, ölkə gündəmini zəbt etmiş Nərmin Quliyeva cinayəti bir sıra məsələlərdə ciddi yanlışlıqlara yol verdiyimizi üzə çıxardı. O cümlədən də Kütləvi İnformasiya Vasitələri (KİV) nümayəndələrinin bu tip hadisələr baş verdikdə necə davranmaqda, hadisə ilə bağlı araşdırmanı necə aparmaqda, həmçinin oxucuya hansı formada çatdırmaqda çox naşı olduqlarını göstərdi. Nəticədə də KİV-lər, daha çox isə televiziyalar qınaq obyektinə çevrildi, hətta belə hadisələri aktuallaşdıran verilişlərin bağlanması tələb olunur.

 

Düzdür, belə televiziya layihələri ilk dəfə deyil ki, cəmiyyətin qınağına tuş gəlir. Bundan öncə də dəfələrlə olub ki, hansısa TV proqramı narazılıq doğurub və nəticədə də həmin veriliş bağlanıb. Ancaq sonradan eyni formada, sadəcə başqa adla yenidən yayımlanmağa başlayıb. Bu da o deməkdir ki, belə televiziya proqramlarını bağlamaq çıxış yolu deyil.

Картинки по запросу səni axtarıram nərminin anası

Bəs, çıxış yolu nədir? Aidiyyəti qurum(lar) tərəfindən bu tip verilişlərə niyə nəzarət edilmir, əgər edilirsə, nəyə görə nəticəsi yoxdur? Ümumiyyətlə, mənəviyyatımıza, adət-ənənələrimizə, ailə institutumuza, həmçinin jurnalistikaya zərbə vuran, fəaliyyətində ciddi nöqsanlara yol verən KİV-lərə nəzarət hansı formada həyata keçirilməlidir? Suallarımıza tanınmış media ekspertləri ilə AYNA tutmağa çalışdıq.

Картинки по запросу ələsgər əhmədoğlu

Media hüququ üzrə mütəxəssis, hüquqşünas Ələsgər Məmmədlinin sözlərinə görə, medianın funksiyası xəbər verməkdir: "Hadisə varsa və ictimai əhəmiyyət daşıyırsa, media bunu müəyyən formada işıqlandıracaq. Yəni medianın üzərinə hər hansı bir qadağa qoymaq yolverilməzdir. Amma hansısa istintaq işi aparılan zaman istintaq sirrlərini media yaya bilməz, amma alternativ araşdırmalar aparmaq hüququ var və bu da qorunmalıdır. Yəni media həm də istintaqın obyektiv olub-olmamasını kontrol altına almaq üçün bunu ictimai debatlılığa çevirə bilməlidir. Bu, beynəlxalq jurnalistika prinsipləri baxımından yolveriləndir”.

 

“Amma məsələnin Azərbaycan versiyası bir qədər fərqlidir. Azərbaycanda təəssüf ki, şəxsi həyat, özəl məsələlər, azyaşlıların qorunması və s. kimi təməl prinsiplər hər zaman gözardı edilib. Daha çox şou xarakterli, hər məsələni açıq-aşkar, istədikləri kimi çək-çevir etmək haqqına sahib olduğunu hesab edən müəyyən “istintaq verilişləri” var. Təbii ki, bunların mahiyyəti istintaq olmasa da, yanaşmaları çox vaxt ona aparıb çıxarır. Qanunsuz olaraq şəxsi həyata müdaxilə edirlər, istintaqın yerinə keçmiş kimi görünürlər və s. Əlbəttə ki, media etikası baxımından da, media hüququ anlamında da çərçivəni aşmaq kimi qiymətləndirilə bilər”, - deyə müsahibimiz vurğulayıb.

 

Ə.Məmmədli, konkret olaraq Nərmin cinayətinin mediaya yansımasına da münasibət bildirib: “Hansısa şəxsin itkin düşməsi zamanı onun ailəsinin medianın yardımından istifadə etməsi təbiidir. Media bu məsələni ictimailəşdirərək bu istiqamətdə məlumatı olan şəxslərin ailəyə yardım etməsinə imkan verər. Amma media bu məsələdə də etik, peşəkar, hüquq çərçivəsində davranmalıdır. Hüquq-mühafizə orqanlarının işinə mane yox, yardımçı olmalıdır. Hüquq-mühafizə orqanlarının səlahiyyətləri çox olsa da, imkanları media qədər deyil. Yəni media hər hansı bir məsələni ictimailəşdirəndə milyonlarla insan ondan xəbər tutur. Bu baxımdan, media qurumu hansısa hadisələrin araşdırılmasında istintaqın işinə dəstək verə bilər”.  

 

“Əgər hüquq-mühafizə orqanları bir aydan çox zaman ərzində araşdırma aparıb işi ortaya çıxara bilməyibsə, burada onların peşəkarlıq aspektindən sinifdə qaldığı görünür. Belə çıxır ki, bu hadisə mediada müzakirəyə çıxarılmasaydı, bundan sonra aylar keçsə də, nəticə dəyişməyə bilərdi. Hüquq-mühafizə orqanları da məsələni medianın üzərinə buraxa bilməz, hüquqi imkanlardan sürətlə istifadə edərək, xüsusən də azyaşlı itkin düşübsə, daha çevik nəticəyə çatmağa cəhd etməliydilər. Nərminin ölümünün itkin düşəndən həftələr sonra baş verməsinə, onun həftələr ərzində tapılmamasına görə məsuliyyət hüquq mühafizə orqanlarının üzərinə düşür”, - deyə hüquqşünas bildirib.

Картинки по запросу mehman əliyev

“Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev isə əvvəlcə problemin nədən qaynaqlandığına aydınlıq gətirib: “Azərbaycanda KİV-ə nəzarət funksiyasını Milli Teleradio Şurası, Mətbuat Şurası həyata keçirir deyə, onların vəzifəsidir ki, KİV haqqında, televiziya haqqında qanunlara riayət etsinlər. Belə hallar olduqda isə həmin KİV nümayəndəsini dəvət etməli, onunla iş aparmalıdırlar. Verilişi bağlamaq çıxış yolu deyil, maarifləndirmə işləri həyata keçirilməlidir. Əgər maarifləndirmə, xəbərdarlıq fayda verməsə, qanunlar dəfələrlə pozulsa, bu zaman verilişi bağlamaq olar, həmçinin başqa tədbirlər görmək olar. Yəni Milli Teleradio Şurası, Mətbuat Şurası bu istiqamətdə xüsusi siyasət həyata keçirilməlidir. Təəssüflər olsun ki, bizdə bu sistemdə boşluq var, bu qurumlar öz vəzifələrini yerinə yetirə bilmir. Problem də buradan qaynaqlanır”.

 

M.Əliyevin fikrincə, KİV-dəki mövcud problemlərin aradan qalxması üçün mütləq media ombudsmanı yaradılmalıdır: “Bu gün KİV-lərə nəzarət siyasətini aparmaq üçün hansısa bir şəxs və ya qurum olmalıdır və bu qurum, bütövlükdə media siyasətini istiqamətləndirməlidir. Bu, vacibdir və olandan sonra digər qurumlar tərəfindən (Milli Teleradio Şurası, Mətbuat Şurası və s.) KİV-lərə dövlət siyasəti çərçivəsində proqramlar, təkliflər, tapşırıqlar verilməlidir, onlarla iş aparılmalıdır”.

 

“Vahid siyasətin yerinə yetirilməsi üçün onun başında duran vahid şəxs olmalıdır. Vaxtilə təklif etmişdim ki, Prezidentin yanında media ombudsmanı yaradılsın. Hesab edirəm ki, bizdə Prezident idarəetmə üsulu olduğuna görə, bu işi daha effektiv aparmaq üçün, məhz Prezident yanında media ombudsmanının olmasına ehtiyac var”, - deyə müsahibimiz vurğulayıb.

Müəllif: Rumiyyə Miraslan