Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəli obyektin fəaliyyətini məhdudlaşdırıb
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
FHN-in Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, bu çərçivədə Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən “Qaz TNK” MMC-yə məxsus istehsal sexində yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcudluğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyənləşdirilib.
Qeyd edilib ki, obyektdə mövcud olan yanğın su hovuzuna yanğınsöndürən avtomobilinin sərbəst yan alması mümkün deyil. Ərazidə təxliyə yolları taxta materiallarla tutulub, otaqlarda kustar üsulla hazırlanmış odun sobalarından istifadə edilir, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusu nasaz vəziyyətdədir. Obyektin ərazisinin, anbar və istehsalat sahəsinin istehsal prosesində yaranmış yanar tullantılardan təmizlənməsi təmin edilməyib. Həmçinin işlərin icrası yanğın təhlükəli vəziyyətdə davam etdirilib, istehsal sexində tavan və otaqların arakəsmələri odadavamlı məhlulla hopdurulmayıb. Eləcə də ərazi, anbar və istehsalat sahəsi yanğın təhlükəsizliyinə dair göstərici nişanlarla təmin olunmayıb.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən qanunvericiliyin tələblərinə uyğun yanğın təhlükəsizliyi norma və qaydalarının pozulması faktları aşkarlanmış Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən “Qaz TNK” MMC-yə məxsus iki istehsal sexində işlərin və xidmətlərin göstərilməsinin dayandırılması barədə qərar qəbul olunub. Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.