Supergüclərin döyüşü və ya yeni dünya düzəninə keçid: qan-qadalı, fəlakətli...

Aktual

02.05.2025 - 10:17

Həkimlər Klinikalar SEO Xidməti

Ərəstun Oruclu: “Dünyanın yeni geosiyasi konyukturasının qurulması prosesi ən azı beş il çəkəcək”

Dünyada dondurulmuş münaqişələr alovlanmaqda, yeni münaqişə ocaqları isə yaranmaqdadır. Rusiya-Ukrayna müharibəsinin davam etməsi, Yaxın Şərqdəki gərginliklərin genişlənməsi, İsrail-HƏMAS müharibəsi yeni hadisə deyil. Bu regionlara Asiya da qoşuldu. Belə ki, Hindistanla-Pakistan arasında uzun illərdir donmuş vəziyyətdə olan Cammu və Kəşmir münaqişə ocağı alovlandı. Şimali Koreyanın Cənubi Koreyanı təhdid etməsi, Tayvan məsələsi ətrafında ABŞ-Çin arasında yaşanan gərginliklər, Cənubi Qafqazda Ermənstanla Azərbaycan arasında hələlik sülh sazişinin imzalanmaması da risklidir və hər an alovlanma ehtimalını özündə saxlayır.

Analitiklər hesab edirlər ki, donmuş münaqişələrin alovlanması, yeni münaqişə ocaqlarının yaranmasının səbəbi yeni dünya düzəninin formalaşması prosesi ilə bağlıdır. Bu prosesin nə qədər davam edəcəyi, regionlarda sabitliyin nə zaman bərqərar olacağı sualına isə konkret cavab yoxdur.

Mövzu ətrafında AYNA.AZ-ın suallarını cavablandıran “Şərq-Qərb” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, Amerikada yaşayan politoloq Ərəstun Oruclu da təsdiqləyib ki, bu gün dünyadakı münaqişə ocaqlarının, potensial münaqişə zonalarının eyni vaxtda alovlanmasının səbəbi supergüclərin yeni dünya düzəninə keçidi reallaşdırmaq istəyidir:

- Biz ABŞ siyasətində hansı dramatik dönüşlərin olduğunu müşahidə edirik, Rusiyanın hansı iddialar ortaya qoyduğunu görürük. Digər tərəfdən, Çinin hansı iqtisadi sıçrayış, uğurlar əldə etdiyi göz qabağındadır. Bütün bu amillər əlbəttə, yeniliklər tələb edir. Burada mənə elə gəlir ki, texnoloji inkişafın da müstəsna rolu var. Dünya tamamilə yeni inkişaf modelinə keçir. Bu inkişaf modeli də özünü təsdiqləmək üçün, özünə yer tapmaq üçün yeni şərait, yeni şərtlər, yeni mühit tələb edir. Bu səbəbdən də, maraqlar toqquşur. Maraqların toqquşması isə donmuş konfliktlərin mövcud vəziyyətdən çıxaraq aktiv fazaya keçməsinə, eyni zamanda, yeni konfliktlərin yaranmasına gətirib çıxarır. Bu gün dünyanın yeni geosiyasi konstruksiyası qurulur. Tarixə baxsaq görərik ki, yeni geosiyasi konstruksiyaların hamısı böyük münaqişələrdən, savaşlardan, faciələrdən keçir. Təəssüf ki, bu, faktdır.

- Yeni dünya düzəninin formalaşması prosesinin zaman baxımından nə qədər davam edəcəyini düşünürsünüz?

- Belə qlobal prosesin nə qədər çəkəcəyini heç bir institut, araşdırma mərkəzi, beyin mərkəzi deyə bilməz. Bu zamanı dəqiq söyləmək qeyri-mümkündür. Çünki o qədər amillər var ki, bu prosesin sürətinə mənfi və ya müsbət təsirlər göstərir. Ona görə də, belə qlobal prosesin zamanı ilə bağlı proqnoz vermək çətindir.

Mənim təxminim deyir ki, dünyanın yeni geosiyasi konyukturasının qurulması prosesi ən azı beş il çəkəcək. 5-10 il arası belə qlobal proseslərdə qaçılmaz müddətdir.

- Yeni qlobal konfiqurasiyanın qurulması prosesinin bizim yaşadığımız Cənubi Qafqaz regionuna təsirləri nələr olacaq?

- Şübhəsiz ki, bu proseslər Cənubi Qafqaza təsirsiz ötüşməyəcək. Bunun da səbəbləri var. Məsələn, bu gün Mərkəzi Asiyada öz maraqlarını həyata keçirməyə çalışan qlobal güclər, regional güclər daha azdır, nəinki Cənubi Qafqazda. Bu mənada bizim region Yaxın Şərqdən sonra bəlkə də maraqların ən çox olduğu, maraqların ən çox toqquşduğu bölgədir. Baxmayaraq ki, Cənubi Qafqaz kiçik bölgədir, heç bir parametr üzrə Mərkəzi Asiya ilə müqayisə ediləcək səviyyədə deyil. Amma maraqların olduğu bölgədir deyə risklər də yüksəkdir.

- Bu risklərdən sığortalanmaq mümkündürmü?

- Bu risklərdən qaçmaq üçün kifayət qədər hesablanmış, çoxşaxəli, ehtiyyatlı və eyni zamanda, qətiyyətli siyasət yürütmək lazımdır. Amma bu, təkcə Azərbaycandan asılı deyil. Tutaq ki, Azərbaycan sabitliyin bərqərar olması üçün addımlar atır, sülhdən yana siyasət həyata keçirir. Bəs qonşu dövlətlər? Ermənistan, Gürcüstan?

Hesab edirəm ki, Cənubi Qafqaz ölkələrinin bölgədə sabitliyi qoruyub-saxlaması üçün vahid platformadan çıxış etməsi ən əlverişli variant olardı. Amma təcrübə göstərir ki, belə hallar olmur, olursa da çox nadir hallarda olur. Bu mənada, biz bütün mümkün variantları nəzərdən keçirərək onlara hazır olmalıyıq. Bu hazırlıq həmin variantların hər birini qəbul etmək kimi anlaşılmamalıdır. Məhz profilaktik addımlar ataraq risklərin öncədən qarşısının alınmasına yönəlmiş siyasət həyata keçirilməlidir.

Müəllif: Anar Bayramoğlu

Pin up casino Pin-up casino giriş