İkiotaqlı mənzilin bir otağının və eyvanın yanar konstruksiyaları yanıb
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən AYNA.AZ-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 55kv.m. olan ikiotaqlı mənzilin bir otağının və eyvanın yanar konstruksiyaları 22kv.m sahədə yanıb.
Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.