Komitə sədri: “Yaxşı olardı ki, Ermənistan tərəfi bəhanələr gətirməsin, oyunlarına son qoysun və Bakının şərtlərini yerinə yetirsin”
Ötən gün Bakıda “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” II beynəlxalq konfransı keçirilib. Konfransda bir çox təkliflər səsləndirilib, müzakirələr olub.
Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətində Ermənistana yönəlik bir neçə müsaj diqqət çəkir. Ölkə başçısı bildirib ki, “Ermənistan Azərbaycan xalqının əsrlər boyu öz dədə-baba torpaqlarında yaşaması və zəngin mədəni irs yaratması faktını hər vəchlə danmağa çalışır. Ermənistan Qərbi Azərbaycanda xalqımızın min illər ərzində yaratdığı mədəni irsi – tarixi abidələri, qəbiristanlıqları, məscidləri, tarixi yaşayış yerlərini dağıdıb, UNESCO tərəfindən ümumbəşəri mədəni dəyər kimi tanınan Azərbaycan aşıq sənətinə ciddi zərər vurub”.
Ölkə başçısı təəssüflə qeyd edib ki, Ermənistan cəmiyyətində xalqımıza qarşı dərin kök salmış nifrət hissi, mifik “böyük Ermənistan” xülyası, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasının hələ də qalması, bu ölkənin sürətlə silahlanması iki ölkə arasında dayanıqlı sülhün əldə olunmasını əngəlləyir: “Ermənistan Qərbi Azərbaycan İcmasının fəaliyyətini qəsdən öz ərazi bütövlüyünə təhdid kimi təqdim etməyə çalışır. Lakin İcmanın məqsədi Qərbi Azərbaycandan didərgin salınmış soydaşlarımızın dinc və təhlükəsiz şəraitdə, ləyaqətlə öz dədə-baba yurdlarına qayıdışının təmin olunmasından ibarətdir. Bu, sırf insan haqları məsələsidir. Ermənistanın İcmanın fəaliyyətini təhdid kimi qələmə verməsi məsələnin əsl mahiyyətini təhrif etmək və beynəlxalq hüquqa əsaslanan qayıdış hüququnu inkar etmək cəhdidir”.
“Qərbi Azərbaycan İcması üzvlərinin doğma torpaqlara qayıdış hüququnu təmin etmək məqsədilə beynəlxalq hüquqa uyğun dinc təşəbbüslərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsi olduqca əhəmiyyətlidir. Uğurla həyata keçirilən Qayıdış Konsepsiyasına əsaslanan bu təşəbbüslər Qərbi azərbaycanlıların sülh yolu ilə təhlükəsiz və ləyaqətli şəkildə öz doğma yurdlarına geri dönməsinə böyük töhfələr verəcək”, - Prezident müraciətində qeyd edib.
Prezidentin mesajları ilə bağlı AYNA-nın suallarını cavablandıran Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, deputat Arzu Nağıyev əvvəlcə Bakıda keçirilən konfransın əhəmiyyətinə toxunub:
- Bu tədbir özlüyündə çox əhəmiyyətlidir. Əvvəlki tədbirlərdən fərqli olaraq, bu konfransda Qərbi Azərbaycandan zorla deportasiya olunmuş insanlarımızın öz ata-baba yurdlarına qayıdışı barədə çox ciddi məsələlər ortaya qoyuldu. Prezident konfrans iştirakçılarına müraciətində Azərbaycan-Ermənistan münasibətlərinin gələcək inkişafının konturları diqqətə çatdırıldı. Prezident dediklərindən belə başa düşülür ki, İrəvan status-kvonu saxlamaq niyyətindədir və sülhdən danışaraq sülh sazişini imzalamaqdan boyun qaçırmaqdadır. Əksinə, Ermənistan silahlanır, müdafiəyə büdcədən vəsaitləri artırır, xaricdən silah-sursat toplamaqla məşğuldur. Təbii ki, bu da sülhə maneə yaradan amillərdir. Cənab Prezident çıxışlarında dəfələrlə bildirib ki, sülh sazişinin imzalanması üçün Ermənistan Azərbaycanın təklifləri və tələbləri ilə tam şəkildə razılaşmalıdır. Amma Ermənistan artıq 4 ildir ki, bu tələbləri yerinə yetirməkdən imtina edir. Bu da sülh sazişinin imzalanmasını yubadır.
- Yəqin ki, söhbət Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasını özündə ehtiva edən maddənin çıxarılmasından gedir...
- Bəli, həm o məsələdir, həm də de-fakto ləğv olunmuş ATƏT-in Minsk Qrupunun de-yure də ləğv edilməsi üçün ATƏT-ə Bakı ilə yanaşı İrəvanın da müraciət etməsindən gedir. Ermənistan sülh istəyirsə, Azərbaycana qarşı ərazi iddialarından birdəfəlik əl çəkməlidir və Ermənistan Konstitusiyasında bu təsbit olunmalıdır.
Eyni zamanda, burada digər məsələlər də var: təzminat məsələsi, Qərbi Azərbaycana insanlarımızın qayıdışının təmini və s. Ermənistanın özündə də artıq bəzi şəxslər var etiraf edirlər ki, işğal müddətində ərazilərimizdəki əmlakı talan ediblər, şəhərlərimizi dağıdıblar. Əlbəttə, bu ziyana görə Azərbaycana təzminatın ödənilməsi məsələsi də öz aktuallığını qoruyur. Prezidentimiz də yenidən İrəvana mesajlarını verdi, xəbərdarlığını etdi. Bundan sonra necə deyərlər, top Ermənistan tərəfindədir.
- Aydındır ki, Azərbaycan sülh prosesinin irəli aparılmasında maraqlıdır. Ermənistan da bunda maraqlı olduğunu iddia edir. Bəs o zaman Azərbaycanın şərtlərinin qəbul olunmamasının səbəbi nədir?
- Görünən odur ki, Ermənistan tərəfi sülh bəyanatlarında səmimi deyil. Sadəcə İrəvan indi imitasiya siyasəti ilə məşğuldur və maksimum çalışır ki, zaman uzansın, vaxt qazansın. Belə olmasaydı, şərtləri qəbul edərdi. Eyni zamanda, Ermənistan axı silahlanır. Məlumdur ki, silahlanma müharibəyə hazırlıqdır, revanşa hazırlıqdır. Bir tərəfdən silahlanmaq, bir tərəfdən də sülh bəyanatı vermək ziddiyyətlidir. Baxın, Ermənistan büdcəsindən müdafiə xərclərinə vəsait artırılır. Parlamentin 91 deputatının 60-ı bunun lehinə səs verir. Nəzərə almaq lazımdır ki, Ermənistan Parlamentinin hakim fraksiyası Baş nazir Paşinyanın rəhbəri olduğu partiyadır. Demək ki, sülh bəyanatları imitasiyadan başqa bir şey deyil. Konkret desək, Ermənistan hakimiyyəti sülh sazişində maraqlı olmadığını göstərən addımlar atır. İndi xaricdən beynəlxalq müşahidəçiləri gətirib sərhədə yerləşdirirlər. Sual olunur: burada məram və məqsəd nədir?! Aydındır ki, Ermənistan bu müşahidəçilərdən istifadə edərək Azərbaycan Ordusunun dislokasiyası ilə bağlı nəsə əldə etməyə çalışırlar.
- İrəvan iddia edir ki, Azərbaycan yenidən hücum edəcək...
- Hücum edəcək tərəf sülhdə maraqlı olduğunu ən ali səviyyədə bəyan edər? Hücum edəcək tərəf şərtlər yerinə yetiriləcəyi anda sazişə imza atacağını ən ali səviyyədə deyər? Bizim Ali Baş Komandanımız dəfələrlə deyib ki, bizim başqasının ərazilərində gözümüz yoxdur, heç bir dövlətə ərazi iddiamız da yoxdur. Biz sadəcə haqqımız olan, bizim olanı istəyirik. Özü də bizim Prezidentimizin sözünün imzası olduğunu bütün dünya bilir. Ona görə də, yaxşı olardı ki, Ermənistan tərəfi bəhanələr gətirməsin, oyunlarına son qoysun və Bakının şərtlərini yerinə yetirsin. Belə cəfəng iddialarla zaman qazanmağa çalışmasınlar. Bəli, bizim yarımçıq qalan işlərimiz var və onların tamamlanması üçün addımlar atılacaq. Bundan qarşı tərəfin şübhəsi olmamalıdır. Məsələn, işğalda qalan kəndlərimiz var ki, bu məsələ həllini tapmalıdır. Qərbi Azərbaycandan olan insanlarımızın hüquqları bərpa edilməlidir. Bu isə hücum yox, haqqımızın bərpa olunmasıdır.