Su hanı, “Azərsu”?!

Cəmiyyət

17.06.2020 - 19:15

ASC-nin cavabı vətəndaşlara hörmətsizlik və ya onlarla əylənməyin nümayişi kimi qəbul edilə bilər

 

Bir insanın susuz nə qədər yaşaya biləcəyi sualına dəqiq cavab hələ mövcud deyil. Əksər alimlər hesab edirlər ki, bir həftə - insan orqanizminin su olmadan yaşaması üçün ən maksimal müddətdir. Orta hesabla bir adam 3-4 gündən sonra su olmadan ölə bilər. Üstəlik, quru və isti bir iqlimdə bu müddət bir-iki günə qədər azalır.

 

Vurğulayıram ki, söhbət insanın susuzluğu yatıran bir qaynaq kimi sudan sitifadəsindən gedir. Ancaq suyun başqa istifadə təyinatları da var: Xüsusilə çimmək, qabları yuymaq, üzr istəyirəm, tualetdəki qida tullantılarını axıtmaq və sair.

 

Mən bu sadə, hamının bildiyi həqiqətləri yenidən sadalamağa məcburam, çünki "Azərsu" ASC bunu məqamları tamamilə unudub. Qurumdan bildirilmişdi ki, 14 iyun 00:00-dan 16 iyun 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri, həmçinin Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar ASC xüsusi rejimdə işləyəcək. Əslində, ölkə vətəndaşları "Azərsu"nun "xüsusi rejiminin" nə demək olduğunu yaxşı bilirlər. Bu “xüsusi rejim” respublika vətəndaşlarının iki günlük evdəqalma vəziyyəti zamanı özünü bir daha xatırlatdı.

 

Nəticədə, iki aydan çox su qıtlığından əziyyət çəkən Binəqədi rayonunun sakinləri ekstremal tədbirlər görmək məcburiyyətində qaldılar - etiraz aksiyası keçirdilər, “Azərsu” rəsmilərini cavab verməyə çağırdılar ki, “niyə insanları sərt karantin dövründə susuz qoyursuz?!”. Yerli media xatırladır ki, Binəqədi rayon sakinlərinin su problem ilə bağlı ilk etiraz aksiyası mayın 17-də baş tutmuşdu. Sonra "Azərsu" öz nümayəndələrini əhali ilə görüşə göndərdi. Lakin onlar da verdikləri vədə xilaf çıxdılar.

 

Bu problem təkcə Binəqədi sakinlərini narahat etmir. İnsanlar sosial şəbəkələrdə yazırlar ki, Suraxanı və Sabunçu rayonları, Pirşağı, Yeni Günəşli, Əhmədli, Qaraçuxur qəsəbələri və bir sıra digər ərazilər də isti yay günlərində “Azərsu”nun “xüsusi rejimdə” işinin bəhrəsini öz üzərilərində hiss edirlər.

Əkbər Həsənov