Stoltenberqin Bakıdan başlayan Qafqaz turnesi: Baş katibin səfərinin pərdəarxası

Siyasət

19.03.2024 - 13:57

Mərkəz rəhbəri: “Verilən bəyanatlar pozitivdir, Azərbaycan NATO ilə əməkdaşlığı bundan sonra da davam etdirəcək”

NATO-nun Baş katibi Yens Stoltenberq bazar günü Cənubi Qafqaza üç günlük səfər edib. Səfərinə Bakıdan başlayan Stoltenberq Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüş keçirib. Bundan sonra Prezident və Baş katib mətbuata birgə bəyanatlarla çıxış ediblər. Cənubi Qafqazda sülhün vacib olduğunu deyən Stoltenberq bildirib ki, “indi Azərbaycan və Ermənistanın uzun illər davam edən münaqişədən sonra davamlı sülh əldə etmək imkanı var”.

NATO rəhbəri Rusiyanın Ukraynaya "təcavüzkar hücumunun davam etdiyini" və Azərbaycanın "zəruri humanitar yardım" göstərdiyini vurğulayaraq əlavə edib ki, "daha çox yardıma ehtiyac var, çünki Ukraynadakı vəziyyət olduqca ağırdır”.

Azərbaycan lideri isə vurğulayıb ki, Stoltenberqlə görüşdə Ermənistanla sülh danışıqları və enerji təhlükəsizliyi məsələlərini müzakirə ediblər. Prezident bəyan edib ki, “Azərbaycan və Ermənistan sülh əldə etməyə əvvəlkindən daha yaxındır”.

NATO Baş katibi səfəri zamanı müdafiə naziri Zakir Həsənov və xarici işlər naziri Ceyhun Bayramovla da görüşüb, bir sıra məsələləri müzakirə edib.

NATO-nun Baş katibi Bakıdan sonra Gürcüstana səfər edib. Onun bu gün Ermənistana səfər edəcəyi planlaşdırılıb.

Stoltenberqin bölgəyə səfəri ilə bağlı AYNA-nın suallarını cavablandıran “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu xatırladıb ki, Stoltenberqin bu ilin oktyabrında Baş katib vəzifəsi müddəti bitir:

- Hesab edirəm ki, Cənubi Qafqaza səfər həm də hesabat səfəridir. Amma diqqət çəkən məqam odur ki, Stoltenberq birinci Azərbaycana gəldi. Adətən Qərb ölkələrindən, təşkilatlarından rəsmilər Cənubi Qafqaz səfərlərini ya Gürcüstandan, ya da Ermənistandan başlayırlar. Lakin Stoltenberq regiona səfərini Azərbaycandan başlatdı ki, bu, ölkəmizə verilən əhəmiyyətin göstəricisidir. Unutmaq olmaz ki, Azərbaycanın NATO ilə heç vaxt problemi olmayıb. Avropa İttifaqı ilə münasibətlərdə zaman-zaman problemlər yaşayırıq, Avropa Parlamenti əleyhimizə qətnamələr qəbul edir, xoş olmayan bəyanatlar verilir. Amma NATO, onun icra qurumları hər zaman Azərbaycana dəstək verib. Hətta Ermənistanın işğalı dövründə də NATO rəsmiləri tərəfindən Azərbaycana dəstək xarakterli açıqlamalar eşitmişik. Çünki Azərbaycan həqiqətən də NATO ilə tərəfdaşdır. Azərbaycan müstəqilliyini qazanandan bu yana NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramının fəal iştirakçısı olub. İndi də Azərbaycan NATO proqramlarında fəal iştirak edir.

- Stoltenberqin Bakıda verdiyi açıqlamalarda diqqəti çəkən məqamlar hansılar oldu?

- Əvvəlcə onu deyim ki, bütün ifadələrində Azərbaycana minnətdarlıq ifadə olundu. Azərbaycan hərbçiləri Kosovada, Əfqanıstanda NATO-nun sülhməramlı missiyası tərkibində yaxşı xidmət göstəriblər. Bu, minnətdarlığa əsas yaradan amillərdir. Stoltenberq Bakıda maraqlı bir faktı da açıqladı. Dedi ki, 1990-cı illərdə Norveçin enerji naziri olarkən Bakıya da səfər edib. Demək ki, bu şəxs Azərbaycanı daha yaxşı tanıyır. Ermənistanla sülh danışıqları məsələsində də rəsmi Bakının təşəbbüsünü yüksək qiymətləndirdi, Prezident İlham Əliyevin NATO Baş katibi ilə görüşü zamanı “Bakı və İrəvan sülhə çox yaxındır” ifadəsindən Stoltenberq məmnun qaldı. Ümumiyyətlə, verilən bəyanatlar pozitivdir, Azərbaycan NATO ilə əməkdaşlığı bundan sonra da davam etdirəcək. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan NATO-nun əsas üzv dövləti olan Türkiyə ilə qardaş, müttəfiq dövlətdir. Üstəlik, Azərbaycan Ordusu Türkiyə modelinə keçid edir. Bu elə o deməkdir ki, Azərbaycan Ordusunda NATO standartları tətbiq edilir. Düşünürəm ki, Azərbaycanla NATO arasında bundan sonra da münasibətlər yüksək səviyyədə davam edəcək, Azərbaycan hərbçiləri NATO proqramlarında fəallıq nümayiş etdirəcək. Bu qurumla Azərbaycanın əməkdaşlığında heç bir problem yoxdur.

- Dediyiniz kimi, Stoltenberq payızda NATO-nun Baş katibi vəzifəsindən gedəcək. Onun vəzifəsindən gedişindən sonra da münasibətlər indiki səviyyədə qalacaqmı?

- Güman edirəm ki, bəli. NATO-nun Baş katibi kim olursa-olsun, Azərbaycanla əməkdaşlığı davam etdirməkdə maraqlı olacaq. Təəssüf ki, bundan əvvəlki Baş katib vəzifəsindən getdikdən sonra Azərbaycana qarşı fəaliyyət göstərdi. Halbuki o da Baş katib olan zaman Azərbaycanla əməkdaşlığa önəm verirdi. Söhbət Foq Rasmussendən gedir. Rasmussen Ermənistana səfər etdi, ölkəmiz əleyhinə bəyanatlar səsləndirdi. İnanıram ki, Stoltenberq Rasmussenin yolu ilə getməyəcək. Üstəlik, Prezident İlham Əliyev Stoltenberqi payızda Bakıda keçiriləcək COP29 tədbirinə dəvət etdi. Özü də, İlham Əliyev Baş katibi dəvət edərkən çox önəmli bir cümlə işlətdi, Stoltenberqə bildirdi ki, vəzifəsindən asılı olmayaraq COP29-da iştiraka dəvət edirik.

- Stoltenberqin növbəti səfəri Gürcüstan və Ermənistana oldu. Orada qapalı görüşlərdə hansı məsələlər müzakirə edilə bilər?

- Ermənistanda görüşlərdə vacib bir neçə məsələ var ki, onların müzakirəsi olacaq. Ermənistanın indiki hökuməti tədricən Rusiyadan uzaqlaşmaq siyasəti həyata keçirir. Rəsmi İrəvandan avqustadək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaqla bağlı anonslar verilib. Yəqin ki, Stoltenberq Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşdə bu məsələni müzakirə edəcək. Amma Ermənistan dəqiq bilməlidir ki, KTMT-dən uzaqlaşsa da, NATO-nun Ermənistana təhlükəsizlik təminatı verməsi mümkün deyil. Düzdür, Ermənistanın da NATO ilə bir sıra proqramlarda əməkdaşlığı var, amma NATO-nun Ermənistana Azərbaycan, yaxud Türkiyə ilə bağlı təminat verəcəyini düşünmək sadəlövhlük olardı.

Gürcüstana səfərə gəlincə, orada da müzakirə olunası məsələlər var. Xüsusilə, son vaxtlar Gürcüstan hökumətinin Rusiya ilə bağlı siyasətindən Qərbdə narahatlıqlar var. Yəqin ki, bu məsələ Tiflisdə Stoltenberq gürcü rəsmilərlə bu məsələləri nəzərdən keçirəcək.

Müəllif: Anar Bayramoğlu