Sahibə Qafarova: “Biz ölkəmizə qarşı irəli sürülən əsassız, cəfəng ittihamları, təhdid və tələbləri qətiyyətlə rədd edirik”
Bu gün Milli Məclisin növbəti plenar iclası keçirilib. Spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantıda 11 məsələ müzakirə olunub. Əvvəlcə deputatlar cari məsələlərlə bağlı fikirlərini səsləndirib, təkliflərini irəli sürüblər.
Milli Məclis sədri S.Qafarova xatırladıb ki, oktyabrın 24-də Avropa Parlamentində Azərbaycanı hədəf alan növbəti siyasi aksiya təşkil olunub: “Ölkəmizə qarşı böhtanlar, yalan və saxta məlumatlar üzərində qurulan qərəzli bir qətnamə qəbul edilib. Avropa Parlamentinin Azərbaycana qarşı düşmənçilik və qarayaxma kampaniyası aparan qara qüvvələrin əlində bir alətə çevrilməsi təəssüf doğurur”.
“Biz ölkəmizə qarşı irəli sürülən əsassız, cəfəng ittihamları, təhdid və tələbləri qətiyyətlə rədd edirik. Bu cür ədalətsiz və qeyri-obyektiv səbəblərin ortaya çıxması Cənubi Qafqaz regionunda tarixi ədalətin və beynəlxalq hüququn bərpası ilə barışa bilməyən qüvvələrin bəd niyyətlərini bir daha açıq göstərir. Hesab edirəm ki, Avropa Parlamenti bu qətnaməsi ilə nəinki bölgəmizdə tarixi və müasir reallıqlara qərəzli münasibət nümayiş etdirir, həm də dövlətimizin suverenliyinə və ərazi bütövlüyünə meydan oxuyur”, - deyə spiker vurğulayıb.
Deputat: “Biz COP29-u sülh prosesinin nəticəsi kimi qiymətləndiririk”
“COP29 kimi mötəbər bir tədbirə hazırlıq ərəfəsində ölkəmizə qarşı müxtəlif siyasi dairələrdən edilən hücumlar bizi qarşımızda duran hədəflərdən yayındırmaq məqsədi daşıyır. Avropa Parlamentinin oktyabrın 24-də qəbul etdiyi qərəzli və obyektivlikdən tamamilə uzaq qətnamə də məhz bu hücumların tərkib hissəsisdir”, - deyən deputat Soltan Məmmədov qeyd edib ki, COP29 gündəliyinə daxil edilmiş 14 böyük təşəbbüsdən biri də məhz sülhü, dialoqu və barışığı daha geniş şəkildə təbliğ etmək və iqlimlə bağlı fəaliyyət üçün bütün siyasi diqqəti və diplomatik səyləri səfərbər etmək məqsədi daşıyır: “Azərbaycan Prezidenti cənab İlham Əliyevin də vurğuladığı kimi, biz COP29-u sülh prosesinin nəticəsi kimi qiymətləndiririk. Ona görə də, tədbirin gündəliyinə sülh mövzusunun daxil edilməsi təsadüfi deyil. Azərbaycan dövləti COP29 konfransının ən yüksək səviyyədə təşkil etmək üçün bütün imkanlarını səfərbər edib. Tədbirin məhz Azərbaycanda təşkil olunması ilə bağlı müzakirələrdə biz 198 ölkənin yekdil dəstəyini aldıq. Bu bizim ölkəmizə, cənab Prezidentin siyasətinə dünyada olan yüksəık etimadın göstəricisidir. Bütün maneələrə, əsassız hücumlara və mənasız ittihamlara baxmayaraq biz bu mötəbər iclası uğurla təşkil edəcəyimizə əminik”.
“Milli Məclis üzərinə düşən bütün məsələləri operativ şəkildə həll edir”
“COP29-a hazırlıq prosesi ilə əlaqədar Azərbaycan bir çox ölkələr, beynəlxalq təşkilatlar və xarici tərəfdaşlarla sıx əməkdaşlıq edir. Bildiyiniz kimi, konfrans çərçivəsində Parlamentlərarası İttifaq tərəfindən xüsusi iclas da təşkil olunacaq. Azərbaycan Milli Məclisi parlament görüşünün yüksək səviyyədə təşkili ilə bağlı üzərinə düşən bütün məsələləri operativ şəkildə həll edir. Azərbaycan COP29-a ev sahibliyi etməklə iqlim dəyişmələrinə qarşı mübarizə kimi mühüm qlobal məsələdə nümunəvi liderlik nümayiş etdirir. COP29 konfransının regionda ilk dəfə Azərbaycanda təşkil olunması buna ən parlaq sübut kimi qiymətləndirilə bilər. Bizim başlıca amalımız bütün dövlətlərin yaşıl, ədalətli, inklüziv və dayanıqlı dünya naminə həmrəyliyinə nail olmaqdır. Azərbaycan ev sahibliyi edəcəyi bu tədbirdə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq əzmindədir”, - millət vəkili vurğulayıb.
“Hətta bununla da rahatlaşmayıb, Türkiyə vikipediyasına da müraciət ediblər”
Deputat Siyavuş Novruzov isə çıxışında xatırladıb ki, Azərbaycan vikipediyasından üç mindən artıq şəhidin məlumatı silinib: “Bu addım azərbaycanlılar tərəfindən atılıb və adları məlumdur. Azərbaycan şəhidlərini adlarını vikivediyadan çıxarıblar. Hətta bununla da rahatlaşmayıb, Türkiyə vikipediyasına da müraciət ediblər. Əsas səbəbləri budur ki, məlumatların ensiklopedik dəyəri yoxdur. Hesab edirəm ki, bu məsələ aiddiyatı orqanlar qarşısında qaldırılmalıdır”.
Deputatların çıxışından sonra gündəlikdə olan məsələlərin müzakirəsinə başlanılıb.