Spiker: “Döyüş meydanında xalqımızın taleyi həll olunur”

Siyasət

06.10.2020 - 11:45

Sahibə Qafarova: “İşğal altında olan bütün torpaqlarımızda Azərbaycan bayrağı dalğalanacaq”

 

“Azərbaycan Prezidentinin, Ali Baş Komandanın rəhbərliyi altında şanlı Ordumuzun zəfər yürüşü davam edir. Ordumuz Ermənistanın işğal etdiyi torpaqları bir-birinin ardınca azad edir. Prezident İlham Əliyev dediyi kimi, dövlətimiz heç vaxt Azərbaycan torpağında ikinci dövlətin yaranmasına imkan verməyəcək”. AYNA-nın xəbərinə görə, bu sözləri Milli Məclisin Sədri Sahib Qafarova parlamentin bu gün keçirilən iclasda deyib.

 

Spiker bildirib ki, hazırda döyüş meydanında xalqımızın taleyi ilə bağlı məsələ həll olunur: “Xalqımızın taleyi həll olunur. Cəbrayıl da daxil olmaqla, işğal altındakı kəndlərimiz, şəhərlərimiz işğaldan azad edilir. Şanlı Ordumuzun qələbələrindən təşvişə düşən Ermənistan məğlubiyyəti qəbul etməyərək mülki əhalini, təmas xəttindən tamamilə kənarda olan ərazilərimizi hədəfə alırlar”.

 

“Azərbaycan Prezidentinin, Ali Baş Komandanın ətrafında sıx birləşməklə və bu qüvvə sayəsində bütün torpaqlarımızda Azərbaycan bayrağı dalğalanacaq”, - deyə Qafarova vurğulayıb.

Müəllif: Ayna.az