“Sona qədər bu haqlı davamızı davam etdirəcəyik” - <font color=red> PREZİDENT</font>

Siyasət

02.11.2020 - 15:22

İlham Əliyev: “Bu gün də yeni kəndlərin işğaldan azad edilməsi xəbəri veriləcəkdir”

 

“Bu, növbəti həmrəylik təzahürüdür. Əziz qardaşım, cənab Prezident dediyi kimi, Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu dönəmdə də birliyimiz daha da möhkəmləndi. Bildiyiniz kimi, indi Vətən müharibəsi gedir, yaxşı nəticələr var, bir çox şəhərlər, kəndlər işğalçılardan azad edilib. Demək olar ki, hər həftə Azərbaycan xalqına bu haqda məlumat verirəm. Bu gün də yeni kəndlərin işğaldan azad edilməsi xəbəri veriləcəkdir. Artıq ilkin məlumatlar gəlibdir. İnşallah, sona qədər bu haqlı davamızı davam etdirəcəyik, işğalçıları torpaqlarımızdan qovacağıq”.

 

AYNA xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin keçmiş Baş Naziri Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

 

Ölkə başçısı bildirib ki, Türkiyə ilk saatlardan bizim yanımızda olduğunu bəyan edib: “Hörmətli Prezident, əziz qardaşım çox açıq bəyanatlar vermişdir ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır və Azərbaycan tək deyil. Bu, çox önəmli bəyanatlar idi və bizə əlavə mənəvi dəstəyin göstərilməsi bir daha Türkiyə-Azərbaycan birliyinin təzahürüdür”.

 

“Hörmətli Binəli bəy, biz sizinlə bərabər bu tarixi birlikdə yaşamışıq. Yaxşı bilirik, nə qədər böyük səylər göstərildi ki, Türkiyə və Azərbaycan bir-birinə daha da yaxın olsun. Çox önəmli layihələrin, sizin də rəhbərlik etdiyiniz Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsi onların sırasında mühüm yer tutur. Bundan sonra digər layihələr də olacaq. İnşallah, bundan sonra da uğurlu işbirliyimiz davam edəcəkdir. Sizə bir daha təşəkkürümü bildirirəm. Bilirəm ki, sizin səfəriniz bizə həmrəylik, dəstək göstərmək mənasını daşıyır. Buna görə də çox minnətdaram”, - deyə İ.Əliyev vurğulayıb.

Müəllif: Ayna.az