Şimali Koreyanın Cənubi Koreya ilə sərhədində partlayış

Dünya

16.06.2020 - 16:09

Şimali Koreya hakimiyyəti ölkələrarası rabitə ofisini partladıb

 

Şimali Koreyanın Cənubi Koreya ilə sərhədə yaxın Kaesong şəhərində partlayış baş verib. AYNA xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Yonghap” Xəbər Agentliyi məlumat yayıb.

 

Məlumatda qeyd olunub ki, sənaye kompleksinin yerləşdiyi ərazidə tüstülənmə hələ də davam edir. Cənubi Koreyanın Rabitə Nazirliyindən bildirilib ki, Şimali Koreya hakimiyyəti ölkələrarası rabitə ofisini partladıb.

 

Partlayış Şimali Koreyanın silahsızlaşdırılmış sərhəd bölgələrinə qoşun göndərməyi planlaşdırması xəbərindən bir müddət sonra baş verib. Həmin xəbərdə qeyd edilirdi ki, Şimali Koreya hakimiyyəti cənub qonşusu ilə sərhədi möhkəmləndirməyə başlayıb.

 

Xatırladaq ki, iyunun 9-da Şimali Koreya Cənubi Koreya ilə bütün rabitə xətlərini bağladığını elan edib. Rəsmi Pxenyan bəyan edib ki, hərbi və iki ölkənin yüksək rütbəli məmurları arasında olan xüsusi rabitə xətti bağlanılıb.

Müəllif: Ayna.az