Çin lideri Çin-Avropa İttifaqı diplomatik əlaqələrinin 50 illiyi ilə bağlı sammitə dəvəti rədd edib
Çin lideri Si Cinpin ölkəsi ilə Avropa İttifaqı arasında diplomatik münasibətlərin qurulmasının 50 illiyinə həsr olunmuş sammitdə iştirak etmək üçün Brüsselə səfər dəvətindən imtina edib. AYNA.AZ xəbər verir ki, bu barədə “Financial Times” iki məlumatlı mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, Cinpinin əvəzinə tədbirdə Çin Dövlət Şurasının rəhbəri Li Qiang iştirak edəcək.
Sammit adətən növbə ilə Brüssel və Pekində keçirilir. Çin ərazisində keçirilən təıdbirdə Si Cinpin ənənəvi olaraq iştirak edir. Tədbir Aİ tərəfindən təşkil olunarsa, Brüsselə Dövlət Şurasının rəhbəri göndərilir. Bununla belə, Avropa ictimaiyyəti Cinpinin yubileylə əlaqədar Brüsselə şəxsən uçacağına ümid edirdi.
2022-ci ildə Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Aİ ilə Çin arasında gərginlik artıb. Brüssel Pekini Kremlə dəstək verməkdə günahlandırıb və daha sonra Çin elektromobillərinin idxalına rüsumlar tətbiq edib. Aİ rəsmiləri deyirlər ki, 2024-cü ildə blokla 304,5 milyard avroluq ticarət profisiti olan Pekin sənayesi üçün subsidiyaları azaltmaqla və xarici şirkətlər üçün maneələri azaltmaqla boşluğu tarazlamağa çalışmır.
Çinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi Lu Şaye bildirib ki, ölkə Aİ ilə həmişə “sülh, dostluq, əməkdaşlıq və qarşılıqlı faydanın tərəfdarı olub”. Onun sözlərinə görə, “bu, heç vaxt dəyişməyib və ABŞ-ın Avropaya qarşı indiki siyasətindən fərqli olaraq, Çinin siyasəti daha uzaqgörən, ədalətli və ağlabatan görünür”.