Seysmoloqlar Kaxovka SES-də partlayış olduğunu təsdiqləyiblər

Dünya

09.06.2023 - 16:47

NORSAR seysmoloqları dağılma zamanı SES-də partlayış olduğunu açıqlayıblar

Norveçin NORSAR seysmik qrupu dağılma zamanı Kaxovka SES-də baş vermiş partlayışdan seysmik dalğaların yarandığını açıqlayıb. AYNA xəbər verir ki, bu barədə qurumun saytında məlumat yerləşdirilib.

Alimlər Ukraynada bəndin uçması ilə bağlı regional stansiyaların seysmik siqnallarını təhlil ediblər. Onların sözlərinə görə, regional seysmik stansiyaların məlumatları çərşənbə axşamı, iyunun 6-da yerli vaxtla saat 2:54-də aydın siqnalları göstərir.

Vaxt və məkan Kaxovka bəndinin uçması ilə bağlı mətbuatda yayılan xəbərlərlə üst-üstə düşür. Seysmik siqnallar partlayışın baş verdiyini göstərir. Yeraltı təkanların maqnitudası 1-2 bal arasında qiymətləndirilir.

NORSAR 1968-ci ildə zəlzələləri və nüvə partlayışlarını aşkar etmək üçün Norveç-Amerika razılaşmasının bir hissəsi olaraq yaradılıb.

Qeyd edək ki, iyunun 6-na keçən gecə Ukraynanın Kaxovka Su Elektrik Stansiyasının bəndi uçub. Nəticədə Kaxovka su anbarından nəzarətsiz su axımağa başlayıb. Bundan sonra anbarın aşağı axınındakı əraziləri su basmağa başlayıb. Hazırda bir neçə yaşayış məntəqəsi, o cümlədən tullantıların utilizasiyası, mal-qara fermaları və təmizləyici qurğular su altında qalıb. Ukrayna SES-in Rusiya ordusu tərəfindən partladıldığını açıqlayıb və bunu terror aktı kimi qiymətləndirib. Moskva isə SES-də baş verənlər səbəbindən Kiyevi günahlandırır. 

Müəllif: Ayna.az