Koronavirus təhlükəsi səbəbindən müqəddəs məkanların qapıları bağlanıb
Səudiyyə Ərəbistanı koronavirusa görə ümrə ziyarətlərini müvəqqəti olaraq dayandırıb. AYNA xəbər verir ki, bu barədə ölkənin rəsmi xəbər agentliyi SPA Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Məlumatda epidemiyanın qarşısını almaq üçün beynəlxalq təşkilatlar və hökumətlərin, xüsusilə də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) səylərinin dəstəklənəcəyi qeyd edilib: “Səhiyyə orqanlarının tövsiyələri və virusun yayılmasının qarşısını almaq üçün görülən önləyici tədbirlər çərçivəsində ümrə və ya Peyğəmbər məscidinə ziyarət üçün Səudiyyə Ərəbistanına girişin müvəqqəti olaraq dayandırılması qərara alınır”.
Bəyanatda, həmçinin virus təhlükəsi səbəbiylə Körfəz Əməkdaşlıq Şurasına (KİK) üzv olan ölkələrin vətəndaşlarının Səudiyyəyə gediş-gəlişinin də dayandırıldığı bildirilib.