Şərti sərhəddə hərəkətlilik: İrəvan yeni oyununa başladı – SAVAŞ GÖZLƏNTİSİ

Aktual

04.04.2024 - 10:18

Səxavət Məmməd: “Ən təhlükəli, toqquşma ehtimalı ən çox olan ərazi Kəlbəcər istiqamətidir”

Ermənistanın Azərbaycanla şərti sərhəddə gərginlik yaratmaq hazırlıqları, təxribat törətməsi artıq faktlarla təsdiqini tapıb. Martın 30-da erməni mediasında informasiya yayıldı ki, Ermənistan Naxçıvanla sərhəd istiqamətinə qoşun cəmləyir. Aprelin birində Azərbaycan Müdafiə Nazirliyi bu faktı təsdiqlədi. Nazirliyin yaydığı məlumat və görüntülərdən aydın olur ki, rəsmi İrəvan təxribata hazırlaşır.

“Son zamanlar Ermənistan-Azərbaycan şərti sərhədinin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin bölmələri və döyüş texnikasının cəmləşdirilməsi barədə 31 mart 2024-cü il tarixində Müdafiə Nazirliyi tərəfindən rəsmi məlumat yayılıb. Şərti sərhədboyu Ermənistanın qoşunlarını cəmləşdirməsi və hücum xarakterli dayaq məntəqələrini qurması, müxtəlif istiqamətlərdə uzunmüddətli atəş nöqtələrini yaratması, fortifikasiya qurğularını inşa etməsi bölmələrimizin sərəncamında olan xüsusi texniki vasitələr və vizual müşahidə ilə qeydə alınmışdır. Yeni inşa edilmiş dəmir-beton fortifikasiya qurğularında Ermənistan silahlı qüvvələrinin artilleriya sistemləri, digər hücum silahları və ağır atəş vasitələri yerləşdirilir. Bir daha bəyan edirik ki, Azərbaycan Ordusu tərəfindən Ermənistanın törədə biləcəyi hər hansı təxribatın qarşısı qətiyyətlə alınacaq, vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyi və onun havadarlarının üzərinə düşəcək”, - deyə Müdafiə Nazirliyinin yaydığı məlumatda vurğulanır.

Müdafiə Nazirliyinin aprelin 2-də yaydığı məlumatda isə bildirilir ki, aprelin 1-i saat 22:00-dan 22:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən, Qarakilsə rayonunun Saybalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad və Şahbuz rayonunun Biçənək yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Hərbi jurnalist Səxavət Məmməd baş verənlərlə bağlı AYNA-nın suallarını cavablandırarkən deyib ki, əslində İrəvanın bu addımları atacağı gözlənilən idi:

- Çünki Ermənistan artıq 2020-ci ildən, 44 günlük müharibədən sonra silahlanmağa başlamışdı. Son üç il ərzində bu silahlanma prosesi davam edir. Yeri gəlmişkən, bir çox ekspertlər bildirirlər ki, Ermənistan Fransadan və Hindistandan silah alır, bunun sayı o qədər də çox deyil. Amma Ermənistanın təkcə bu ölkələrdən deyil, başqa mənbələrdən də silahlar əldə edir və aldığı silahların, artilleriya qurğularının sayı həddən artıq çoxdur. Hətta İrəvanın kifayət qədər PUA-lar əldə etdiyi barədə də məlumatlar var.

Bu gərginlik Qazaxın işğalda olan 7 kəndindən dördünün qaytarılması məsələsi gündəmə gəldikdən sonra yarandı. Əvvəl belə təsəvvür var idi ki, kəndlərin qaytarılması ilə bağlı Bakı və İrəvan arasında razılaşma var. Ermənistanın Baş naziri Nikol Paşinyanın Qazaxla sərhəd bölgəsi olan Tavuşa səfər etməsindən sonra vəziyyət dəyişdi.

- Paşinyanın Tavuşa gəlməsi ilə vəziyyət niyə dəyişdi?

 - Azərbaycanda da, dünyada da analitiklər belə düşünürdülər və deyirdilər ki, Paşinyanın Tavuşa gəlməkdə məqsədi sərhədyanı kəndlərdəki insanları kəndlərin qaytarılmasına razı salsın, məsələ həllini tapsın. Amma bu, belə deyildi. Diqqət etsək görərik ki, Paşinyanın bölgəyə səfərindən sonra proses daha da qəlizləşməyə başladı. Bundan sonra ermənilər bəyan etdilər ki, “biz döyüşəcəyik”, “silaha sarılacağıq”, “kəndlərin qaytarılmasına razı deyilik” və s. Keçmiş müdafiə naziri Seyran Ohanyan da əhaliyə və hərbçilərə çağırış etdi, hökumətə müqavimət göstərilməsinin vacibliyindən danışdı. Hesab edirəm ki, dolayısı ilə Paşinyan əslində dünyaya göstərmək istəyir ki, “mən torpaqları Azərbaycana qaytarmaq istəyirəm, amma xalq istəmir, mən də xalqın istəyinin əksinə gedə bilmərəm”. Bir növ, rəsmi İrəvan oyun oynamağa davam edir.

Paşinyan xarici qüvvələrə də mesaj verir ki, əgər kəndləri qaytarsa, o zaman ciddi problemlər yarana, hakimiyyət çevrilişi baş verə bilər, o hakimiyyətdən gedər, xaos olar. Necə deyərlər, bu oyunla Paşinyan yenə zaman qazanmağa oynayır.

- Ermənistan ordusunu Qazax yox, Naxçıvan istiqamətində cəmləyir və atəşkəs də bu istiqamətdə pozuldu. Bunun səbəbi nədir?

- Biz görürük ki, Ermənistan şərti sərhəddə istehkamlar qurur, mövqelər yaradır. Əvvəla onu deyim ki, Azərbaycan tərəfi yaydığı həmin videokadrları son dərəcə diqqətlə analiz etməli və özü üçün istifadə etməlidir. Çünki Ermənistanın hərbçiləri mühəndis-istehkam işlərini mükəmməl görürlər. Bütün dünya da qəbul edir ki, ermənilər bu sahədə yaxşı ixtisaslaşıblar.

Əsas məsələyə, Naxçıvan istiqamətinə qoşun yığmağa, istehkamlar qurmağa gəlincə, burada da İrəvanın məqsədi var. Məsələ diqqəti Qazax istiqamətindən yayındırmaq, dünyaya isə Zəngəzur istiqamətində Azərbaycanın hücum təhlükəsinin olmasını göstərməkdir. Dediyim kimi, rəsmi İrəvan oyununu davam etdirir, beynəlxalq aləmə “təhlükəsizliyimizə böyük təhdid var” mesajını verir. Təxribat törətməklə, atəşkəsi pozmaqla da Azərbaycanı hücuma təhrik edir ki, verdiyi mesajın həqiqiliyinə dünyanı inandırsın.

- Ermənistanın sərhəddə istehkamlar qurması, qoşun cəmləməsi Azərbaycan üçün nə qədər təhlükə yaradır?

- Əlbəttə, təhlükə yaradır. Artıq sərhədə artilleriya qurğularını da yerləşdirirlər. 44 günlük müharibəyə baxmaq lazımdır. O zaman Ermənistanın dayaq məntəqələri var idi, bunkerləri mövcud idi və oradan atəş açırdılar. Azərbaycan tərəfi həmin atəş nöqtələrini, bunkerləri müəyyənləşdirib zərbələr endirsə də, nəticə olmurdu. Çünki son dərəcə mühəndis-istehkam işlərini mükəmməl görmüşdülər. Bu baxımdan, indi sərhəddə istehkamlar qurmaları bizim üçün problemlidir.

- Gərginlik müharibə ilə nəticələnə bilərmi?

- Elə bölgədə yaşayırıq ki, bu bölgədə müharibənin olması ehtimalı hər zaman mövcuddur. Müharibələr Cənubi Qafqazın sanki alın yazısıdır. Amma insanlar müharibə barədə elə danışırlar ki, gülməlidir. Məsələn, Naxçıvan istiqamətində ermənilər qoşun cəmləyirlər, bizim cəmiyyətimiz başlayır narahat olmağa. Birincisi, böyük eskalasiya gözlənilmir. İkincisi, hərbi toqquşma, müharibə olsa belə, burada qeyri-adi nəsə yoxdur. Çünki dediyim kimi, bölgəmiz, coğrafiyamız müharibə coğrafiyasıdır.

İnsanlarımızın xüsusilə, Naxçıvan istiqamətindən narahatlığı anlaşılmazdır. Əvvəla Azərbaycanla Türkiyə arasında Şuşa Bəyannaməsi kimi bir sənəd var. İkincisi, ən azından Qars müqaviləsi mövcuddur, hansı ki, bu müqaviləyə əsasən, Naxçıvana hücum Türkiyəyə hücum anlamı verir. Ermənistan Türkiyəni qarşısına alıb Naxçıvana hücum edə bilərmi? Düşünmürəm ki, Ermənistan bu qədər ağlını itirmiş olsun, belə intihara getməyi gözə alsın.

Məncə, ən təhlükəli, toqquşma ehtimalı ən çox olan ərazi Kəlbəcər istiqamətidir. 44 günlük müharibədən sonra da biz görmüşük ki, ermənilər daha çox Kəlbəcər istiqamətində təxribatlara əl atırlar. Eyni zamanda, Ermənistan ordusu daha çox istehkamları Kəlbəcər, Zod istiqamətində möhkəmləndirirlər.

Hər iki tərəfin ordularında hərəkətlənmə var. Ermənistan tərəfi nə qədər dansa da, hərəkətlənmə mövcuddur. Azərbaycan da bu hərəkətlənməyə uyğun addım atır. Çünki qarşı tərəfdə hərəkətlənmənin olduğunu görəndə Azərbaycan Ordusu hansısa təxribata qarşı hazırlıq görür.

Müəllif: Anar Bayramoğlu