Sekulyarlarla ortadokslar üz-üzə və ya İsraildəki siyasi böhranda ABŞ izi

Dünya

28.03.2023 - 18:05

İslahatların yaratdığı xaos vətəndaş müharibəsi təhlükəsini artırır: “Üçüncü yol yoxdur”

İsraildə siyasi böhran dərinləşməkdədir. Yaxın Şərqin yəhudi dövlətində etiraz dalğası yeni hökumətin məhkəmə islahatları qərarından sonra vüsət almağa başladı. Belə ki, Likud Partiyasının seçkilərdə qazandığı qalibiyyətlə Baş nazir postuna yiyələnən Benyamin Netanyahu ilk gündən ölkənin hüquq sistemində islahatlar keçirəcəyini bildirdi. İslahatlar Ali Məhkəmənin hakimlərinin seçilməsi prosesinə nəzarətin parlament çoxluğuna verilməsini, habelə Ali Məhkəmənin hökumətin qərarlarını ləğv etmək hüququnun əlindən alınmasını nəzərdə tutur. İslahat planı İsrail xalqının etirazlarına səbəb olsa da, Netanyahu qərarında israr edəcəyini bildirdi. Yanvar ayından başlayan etirazlar martın 26-sı gecə saatlarında şiddətləndi.

Həmin gün da gecə saatlarında Təl-Əvivdə İsrailin müdafiə naziri Yoav Qalantın islahatlara qarşı çıxması səbəbindən istefasını elan etməsi ilə etiraz aksiyalarına 100 min insan toplaşıb.

Xatırladaq ki, Qalant həmvətənlərinə xüsusi müraciətində etirazlara səbəb olan məhkəmə islahatının parlamentdə müzakirəsinin dayandırılmasının tərəfdarı olduğunu bildirib. Artıq sabiq olan nazirinj fikrincə, ölkənin məhkəmə sistemində dəyişikliklər zəruridir, lakin bu, geniş dialoq yolu ilə həyata keçirilməlidir. O, islahatla bağlı mübahisələr səbəbindən İsrail cəmiyyətində yaranan parçalanmanın artıq İsrail Müdafiə Qüvvələrinin sıralarına dərindən nüfuz etdiyini və milli təhlükəsizliyə təhdid yaratdığını vurğulayıb. Xüsusən də son həftələr islahatla razılaşmayan ehtiyatda olan hərbçilər arasında xidmətdən imtina çağırışları daha çox yayılıb.

Müdafiə nazirinin müavini Yair Qolan isə İsrailin dünyanın dörd bir yanındakı səfir və diplomatlarına səslənib: “İstefa verin və qeyri-legitim hökumətə xidmət etməyin”.

Aksiya bazar günü axşam saatlarında etirazçıların bağladıqları şəhərin şərqində əsas magistral olan Ayalon şossesində davam edib. “Crowd Solutions” özəl şirkətinin hesablamalarına görə, etirazçıların ən çox cəmləşdiyi ərazidə 105 minə yaxın insan varmış.

Bu arada, Ağ evin milli təhlükəsizlik şurasının nümayəndəsinin açıqlamasında ABŞ-ın İsrail müdafiə naziri Yoav Qalantın istefası fonunda İsraildəki durumla bağlı “dərin narahatlığını” bildirib. O qeyd edib ki, Vaşinqton mümkün qədər tez kompromis tapmağı zəruri hesab edir.

Məlumatlara görə, Benyamin Netanyahu etirazlardan sonra islahatların dayandırıldığını elan edib. Amma onun rəsmən bunu bəyan etməməsi etirazçıları qane etməyib və aksiyaların davam etdiriləcəyi bildirilib.

İsraildə yaranan siyasi böhranın dərinləşməsi ilə xaosun artacağını bildirən ekspertlər hesab edirlərki, ölkədə vətəndaş müharibəsi qaçılmaz ola bilər.

AYNA-nın xəbərinə görə, prosesləri şərh edən israilli politoloq Emil Şleymoviç deyib ki, İsraildə fərqli qruplar islahatları dəstəkləyir: “Reformları dəstəkləyənlərin arasında bir neçə kateqoriya var. Bunlardan bəziləri Netanyahununkonkret nə təklif etdiyini bilmədən hökuməti dəstəkləyirlər. Digər kateqoriya isə Netanyahunun bütün düşmənlərini öz düşmənləri sayırlar. Onlar sol ideyadan olan istənilən şəxsi İsraili satmaq istəyən sima kimi görürlər. Belə təsəvvürün yaradılması üçün son illər ərzində məqsədyönlü iş aparılıb”.

“Bununla yanaşı, Netanyahunun tərəfdarlarının böyük hissəsi şəhərlərdən çox dindar kəsimin kampakt yaşadığı bölgələrdədir. Onların əksəriyyəti isə Baş nazirin ardınca ya ideoloji, ya da maliyyə səbəbindən gedirlər. Bütün bunlar İsrail cəmiyyətində çatların yaranmasını, qarşıdurmanın yüksəlməsi ehtimalını artırır”, - analitik qeyd edib.

Azərbaycanlı politoloq Şahin Cəfərli prosesləri qiymətləndirərkən bildirib ki, ya dünyəvi-sekulyar yəhudilər qatı dindar yəhudiləri, yəni ultraortodoksları əzəcək, ya da ultraortodokslar sekulyarları əzib, Qalaxa qanunları əsasında dini rejim quracaq: “Üçüncü yol görünmür. Çünki bu iki tip yəhudilərin bir arada yaşamaq imkanları getdikcə tükənir”.

“Ultraortodoksların sürətli populyasiyası dünyəvi dövlət sistemi və sekulyar həyat tərzi üçün həyati təhdiddir. Hazırkı böhran yoluna qoyulsa belə, "kim kimi" sualı gec-tez mütləq öz həllini tapmalıdır. Yəni vətəndaş müharibəsi tam real perspektivdir”, - deyə Ş.Cəfərli əlavə edib.

Bütün dünyada olduğu kimi İsraildə də dinə dönüş meyllərinə gəlincə, politoloq deyib ki, bütün dünyaya vahid baxış və birmənalı qiymətləndirmə doğru olmaz: “Hər ölkənin özünəməxsus şərtləri var. Amma ümumilikdə liberal dəyərlərin yayılması və toplumlara nüfuz etməsi mühafizəkar dairələrin müqaviməti ilə üzləşir və bu, yeni bir hal deyil”.

Ultraortodokslar sekulyarları əzsə, İsrail indiki kimi güclü ola biləcəkmi sualına gəlincə, Ş.Cəfərli belə cavab verib: “Təbii ki, yox. İsrailin qurulması və yəhudi xalqının digər nailiyyətləri sekulyarların xidmətidir. Dövləti solçu yəhudilər qurub”.

İsraildə baş verənlərin arxasında ABŞ-ın dayandığı barədə iddialar da mövcuddur. Belə ki, bəzi analitiklər bildirirlər ki, İsrailin Çinlə danışıqları, Pekinin vasitəsilə Səudiyyə Ərəbistanı ilə münasibətlərin normallaşması Vaşinqtonun qəzəbinə səbəb olub. Belə məlumatlar var ki, Çin həmçinin İsraillə İran arasında münasibətlərin yaxşılaşdırılması üçün danışıqlar təşkil edib və hər iki ölkənin diplomatları məxfi danışıqlar aparırlar.  

Amerikaşünas Malek Dudakov isə hesab edir ki, baş verənlər dünyəvi yəhudilərlə ortadokslar arasındakı qarşıdurmanın təzahürüdür: “Bu qüvvələr arasında qarşıdurma çoxdan mövcuddur. Bu qarşıdurma hər keçən gün bir az da artacaq. Bu, İsrailin daxili məsələsidir”.

“Maraqlı məqam odur ki, son bir neçə həftədə Netanyahunun ətrafı ABŞ Dövlət Departamentini ölkədəki etirazları maliyyələşdirməkdə ittiham edir. Bunun da əsas səbəbi Netanyahuya qarşı etiraz aksiyalarının təşkilatçısı olan keyfiyyətli Dövlət İdarəetməsi Hərəkatının sponsorunun Dövlət Departamentinin olmasıdır. Lakin hesab edirəm ki, ABŞ-ın İsraildə baş verən hadisələrdə tam maraqlı olduğunu söyləmək hələ tezdir”, - analitik fikrini tamamlayıb.  

Müəllif: Anar Bayramoğlu