“Sədərək”də fəhlənin ölümü ilə bağlı cinayət işi başladılıb

Hadisə

22.02.2021 - 18:14

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir

 

Qaradağ Rayon Prokurorluğu “Sədərək” Ticarət Mərkəzində fəhlənin təmir-tikinti işləri apararkən aldığı xəsarətlər nəticəsində ölməsi barədə məlumat yayıb.  Bu barədə AYNA-ya Rayon Prokurorluğundan bildirilib.

 

Qeyd edilib ki, hadisə fevralın 20-də saat 14 radələrində baş verib. Aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki, “Sədərək” TM-də ikimərtəbəli mağazanın ikinci mərtəbəsində qaynaq işləri aparan zaman 1964-cü il təvəllüdlü Qayim Burcəliyev üzərində dayandığı dəmir pilləkəndən aşması nəticəsində aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

 

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunmuş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Müəllif: Ayna.az