Asim Mollazadə: “Aİ rəhbəri problemli ölkələrə səfər edib ki, Azərbaycanda kəskin problemlər yaşanmır”
Fevralın 28-də keçmiş postsovet məkanına, Şərq Tərəfdaşlığı (ŞT) ölkələrinə səfər edən Avropa İttifaqı Şurasının (AİŞ) sədri Şarl Mişel bu proqrama aid olan Azərbaycan və Ermənistana gəlmədi. Səfərə Moldovadan başlayan Ş.Mişel daha sonra Gürcüstana təşrif buyurdu. Martın 1-də Gürcüstan Prezidenti, Baş naziri və Gürcüstan Parlamentinin sədri ilə görüşlər keçirdi. Cənubi Osetiya istiqamətində Rusiyanın işğalı xəttini də ziyarət edən AİŞ-nın rəhbəri verdiyi bəyanatlarla ölkənin ərazi bütövlüyünə hər cür dəstək göstərdiklərini söylədi.
Ş.Mişel daha sonra Ukraynaya səfər edib, ölkənin Prezidenti ilə müzakirələr aparıb, Donbasın işğal olunmuş hissəsinə yaxın ərazi ziyarət edərək, orada Birləşmiş Qüvvələr Əməliyyatı nümayəndələri ilə görüşlər keçirib. Bu zaman da o, Ukrayna ərazilərinin işğalına qarşı çıxdığını bildirdi.
Maraqlıdır, o, bölgə turnesi çərçivəsində Cənubi Qafqazın müharibədən çıxmış iki ölkəsinə Azərbaycan və Ermənistana ayaq basmadı. Halbuki İkinci Qarabağ müharibəsi yeni başa çatıb, hər halda rəsmi Bakı və İrəvanla AİŞ rəhbəri arasında müzakirə olunmalı məsələlər yox deyil.
Ş.Mişelin Bakı və İrəvana gəlməmə səbəbləri barədə AYNA-ya danışan millət vəkili Asim Mollazadə deyib ki, AİŞ rəhbəri hazırda siyasi problemlər yaşayan ölkələrə səfər edib.
Onun sözlərinə görə, Aİ ilə Şərq Tərəfdaşlığı platformasında əməkdaşlıq edən bəzi ölkələrdə gərginliklər hökm sürür: “Məsələn, Gürcüstanda ötən ilin payızında keçirilən parlament seçkilərindən sonra siyasi böhran yaranıb. Gürcüstan Parlamentinə seçilən müxalifət nümayəndələri qanunverici orqanın fəaliyyətini əngəlləyir, iclaslara qatılmır. Eyni zamanda, Gürcüstan müxalifətinin lideri həbs olunub, hökumət başçısı istefa verdi. Moldova prezident seçkilərindən çıxıb, Dnestryanı məsələsində problemlər mövcudluğunu saxlayır. Ukraynada gərginlik var, Donbasda münaqişə bölgəsində gərginlik müşahidə edilir. Hesab edirəm ki, Ş.Mişel bu baxımdan həmin ölkələrə səfər edib. Azərbaycanla bağlı daxildə hansısa gərginlik yoxdur, proseslər xaricdədir. Azərbaycan İkinci Qarabağ müharibəsində parlaq qələbə qazandı, BMT-nin Avropa Birliyinin qətnamələrini faktiki olaraq icra edib. Ona görə də, burada kəskin müzakirə mövzusu ola biləcək məsələ yoxdur”.
Deputat vurğulayıb ki, ümumilikdə Aİ ilə Azərbaycan arasında qarşılıqlı əlaqələr, maraq doğuran məsələlərin həlli istiqamətində işlər gedir: “Şərq Tərəfdaşlığı Sazişi üzərində işlər aparılır. Eyni zamanda, Avropa Birliyi ölkələri Azərbaycanın xarici ticarət sahəsində əhəmiyyətli paya sahibdir. Bizim Aİ-nin bir çox ölkələri ilə əməkdaşlığımız strateji tərəfdaşlıq xarakteri daşıyır. Eyni zamanda, Azərbaycan Avropa ölkələri ilə enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzalayıb. Ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında yeni layihələrlə iştirak edir”.
“Azərbaycanın həyata keçirdiyi layihələr – buraya nəqliyyat layihələri də daxildir – Avropa Birliyi üçün çox böyük əhəmiyyət kəsb edir. Bu baxımdan, bizim Aİ ilə münasibətlərimiz inkişaf edir. Ümid edirəm ki, koronavirus pandemiyası dönəmindən sonra Azərbaycanın həyata keçirdiyi bir sıra layihələrdə Avropa ölkələri fəal iştirak edəcəklər. Bu iştirakçılığı Qarabağın bərpa prosesində də gözləyirəm. Artıq bir neçə Aİ ölkələri işğaldan azad edilən ərazilərimizin bərpasında iştirak etmək istəklərini dilə gətiriblər. Yenə deyirəm, Ş.Mişel problemli ölkələrə səfər edib ki, Azərbaycanda kəskin problemlər yaşanmır.Düşünürəm ki, ona görə Azərbaycana səfər etməyə ehtiyac görməyib”, - deyə A.Mollazadə fikrini tamamlayıb.