“O vaxt Sovet Ordusundan qalan silah və sursatdan istifadə etmək imkanımız oldu”
“Ordunun bərpası uzun müddət çəkir, bunun üçün 1-3 il kifayət deyil”. AYNA erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistanın keçmiş Prezidenti Serj Sarkisyan deyib.
Sarkisyan qeyd edib ki, 2018-ci ildən əvvəl mövcud olan ordu 30 illik zəhmətin, böyük səylərin, insan həyatının, maddi qaynaqların nəticəsində əmələ gəlmişdi: “3 il ərzində 30 illik yolu keçmək çətindir. O vaxt Sovet Ordusundan qalan silah və sursatdan istifadə etmək imkanımız oldu. Bildiyim qədər indi hərbi texnikamız demək olar ki, yoxdur. Hər halda Müdafiə Nazirliyi tərəfindən yayılan və təkzib edilməyən rəqəmlər bunun reallıq olduğunu göstərir”.
Sarkisyan hazırda Ermənistan Silahlı Qüvvələrinin bərpa olunmadığını vurğulayıb: “Mən ordunu qınamıram, sözüm Silahlı Qüvvələrin yenidən qurulması və inkişaf etdirilməsi siyasətini həyata keçirən insanlaradır”.
Keçmiş Prezident səlahiyyətlilərin hərbi xidmət müddətini və Silahlı Qüvvələrin idarəetmə sistemini dəyişdirmək planlarına da münasibət bildirib: “Hesab edirəm ki, müddətli hərbi xidmətin 2 ilədək artırılması üçün ən optimal dövrdür. Peşəkar ordu deyəndə bunun nə olduğunu anlamırlar. Onların fikrincə, peşəkar ordu Silahlı Qüvvələrdə hərbi xidmətə çağırışçıların olmamasıdır. Bu ola bilməz”.