“Sanki, koronavirus Çində deyil, Marneulidə meydana çıxıb...”

Siyasət

07.06.2020 - 16:35

Azər Süleymanov: “Keşikçidağ məsələsinin, gürcülərin milli və dini hissləri üzərində oyun oynanılmasının səbəbi qarşıdan gələn seçkilərdir”

 

Gürcüstanda baş verən son hadisələr Azərbaycan ictimaiyyətinin də diqqət mərkəzindədir. Azərbaycanlıların yaşadığı Marneuli rayonunda Nəriman Nərimanovun abidəsi və Keşikçidağ ətrafında yaranan vəziyyət ölkəmizdə dost və strateji müttəqimiz olan Gürcüstana yönəlik xeyli suallar yaradıb. Gürcüstanda nə baş verir və anti-Azərbaycan isteriyasının səbəbi nədir? AYNA-nın mövzu üzrə suallarını Gürcüstan parlamentinin azərbaycanlı deputatı, müxalif “Milli hərəkat” partiyasının nümayəndəsi Azər Süleymanov cavablandırıb.

 

- Azər müəllim, Gürcüstanda nə baş verir? Sanki, müttəfiqlər arsında bir soyuqluq yaranıb...

 

- Azərbaycanla Gürcüstanın münasibətlərinin yaxın tarixinə nəzər salsaq, görərik ki, bu əlaqələr həqiqətən də strateji müttəfiqlik ifadəsinə tam olaraq düz gəlirdi. Rəsmi Tbilisi və Bakı bir-birinin ərazi bütövlüyünü tanıyır və bu mövzuda beynəlxalq tribunalarda birlik nümayiş etdirməyə davam edirlər. Azərbaycan dəfələrlə Gürcüstana yardım əlini uzadaraq, onu Rusiyanın qaz şantajından xilas edib. Bundan əlavə, artıq neçə illərdir ki, Azərbaycan təmənnasız olaraq, gürcü pravoslav kilsələrini qazla təmin edir. Çəkiləcək belə pozitiv misallar çoxdur. Odur ki, gürcü tərəfinin son zamanlar etdiyi bəzi hərəkətlər təəssüf doğurmaya bilmir.

 

Təəssüf ki, Gürcüstanda faktiki hakimiyyət oliqarx Bidzina İvanişvilinin və onun “Gürcü arzusu”nun əlində cəmləşən gündən ölkələrimiz arasında, mən deyərdim, süni yaradılan problemlər üzə çıxmağa başladı. Bu münasibəti Gürcüstanda kompakt yaşayan azərbaycanlılar daha çox hiss edirlər. Xüsusən də karantin dövründə bu münasibət özünü daha qabarıq biruzə verdi: Gürcüstan hakimiyyəti özünü elə aparırdı ki, sanki bu virus Çində deyil, Marneulidə meydana gəlib və bunun da günahkarı biz azərbaycanlılarıq.

Deputat Azər Süleymanov:

- Dediniz ki, azərbaycanlılara, Azərbaycana neqativ münasibət İvanişvili hakimiyyətə gələndən sonra başladı. Səbəb nə idi? Yəni İvanişvili anlamır ki, Bakı Tbilisinin regionada ən əhəmiyyətli siyasi və iqtisadi tərəfdaşıdır?

 

- Maraqlısı odur ki, Gürcüstan hakimiyəti müxtəlif səviyyələrdə Azərbaycanı özünün əhəmiyyətli tərəfdaşı kimi təqdim etməyə davam edir. Amma sözlərlə reallıq arasında fərqin nə qədər böyük olduğunu burada yaşayan həmyerlilərimiz yaxşı bilir. Gürcüstanda ölkələrimiz və xalqlarımız arasında əlaqələrin pisləşməsi üçün müxtəlif səviyyələrdə çalışan qüvvələr var. Əminəm ki, indiki Gürcüstan hakimiyyətinin Azərbaycana qarşı törədilən bütün provokasiyaların qarşısını almaq üçün hər cür imkanı var. Amma, hələ ki, hamının da müşahidə etdiyi kimi, bizim əlaqələri korlamaqla məşğul olan provokatorlar özlərini çox rahat hiss edirlər.

 

- Azərbaycan Dövlət Sərhəd Xidməti bəyanat verdi ki, onlarda bir qrup gürcünün Keşikçidağ ətrafında təxribata əl atacağı barədə dəqiq məlumat var. Rəsmi Tbilisi tərəfindən belə əməllərin qarşısının alınmasını gözləmək olarmı?

 

- Bütün məsuliyyətimlə deyirəm ki, sözügedən məsələ dövlətlərimiz arasında süni yaradılan problemdir. Bu problemin mövcudluğu dövlətlərimizi bir-biri ilə düşmən etmək istəyən qüvvələrin tam marağındadır. Hələ iki il əvvəl biz Gürcüstan hakimiyyətin, Keşikçidağ məsələsini qabardaraq, bundan Bakı ilə Tbilisinin arasını vurmaq üçün istifadə ediləcəyi barədə xəbərdarlıq etmişdik. O zaman hökumət bizi eşitmədi. “Bəhrəsini” isə indi görürük.

 

- Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX – red.) 2020-ci ilin aprelində açıqlanan sənədində ölkənin 2019-cu ildə qarşılaşdığı daxili və xarici təhlükələr sadalanırdı. Sənəddə açıq qeyd olunurdu ki, bəzi vətəndaş cəmiyyəti üzvləri və siyasi qüvvələr Gürcüstanın Azərbaycan və Türkiyə ilə əlaqələrinə xələl gətirməyə çalışır. Bu məsələ ilə bağlı araşdırma davam edirmi?

 

- Bizdə olan məlumatlara görə, saxlanılan olmasa da, müəyyən şəxslər təhlükəsizlik orqanlarına çağrılır və onlardan ifadələr alınır. Maraqlıdır, indi təşvişə düşən DTX, biz bu məsələni qaldıranda harada idi? Ümumiyyətlə, İvanişvilinin bütün komandası bu problemə barmaqarası yanaşdı. Əvvəldən problemə həssas yanaşılsaydı, situasiyanı bugünkü təhlükəli vəziyyətə gətirməzdi.

 

İndi isə Keşikçidağ məsələsinin qaldırılmasının, gürcülərin milli və dini hissləri üzərində oyun oynanılmasının səbəbi qarşıdan gələn seçkilərdir. Artıq hakim komanda başa düşür ki, İvanişvilinin hakimiyyəti əldə saxlaması olduqca müşkül məsələ olacaq. Axı, onların siyasəti nəticəsində təkcə Azərbaycanla münasibətlər korlanmadı. “Gürcü arzusu” gürcülərin arzusunu ürəyində qoydu, iqtisadiyyatı məhv etdi və Saakaşvili dövründə əsası qoyulan bütün islahatlar sıfır səviyyəsinə endirildi.

 

- İnsafən, onu da demək lazımdır ki, anti-Azərbaycan bəyanatlarla İvanişvilinin komandası deyil, Gürcüstan Leyborist Partiyası çıxış edir. Leyboristlərin ölkədə real nüfuzu nə qədərdir və onların bizə qarşı neqativ münasibətinin arxasında nə dayanır?

 

- Haqlısınız, anti-Azərbaycan kampaniyasının avanqardında, məhz leyboristlər gedir. Məhz onlar daha çox pravokasiyaya yol verir, Keşikçidağ, Azərbaycan, Türkiyə mövzusunda spekulyasiyalar edirlər. Bu yolla onlar həm anti-Azərbaycan və anti-Türkiyə qüvvələrin, həm də gürcü milliyətçilərinin səslərini qazanmaq istəyirlər. Amma leyboristlərin ölkə daxilində reytinqləri çox aşağıdır. Məncə, onlar başqa bir siyasi qüvvənin iradəsi ilə hərəkət edirlər. Odur ki, leyboristlərin yox, onların sifarişçilərinin təxribatlarının qarşısı alınmalıdır. Axı Azərbaycan və Gürcüstan bri-biri ilə qarşılıqlı hörmət və hər iki tərəf üçün faydalı olan iqtisadi, siyasi münasibətlər əsasında yaşamağa məhkumdur.

Müəllif: Əkbər Həsənov