“Üzvlərimiz mənim deputat olduğum müddətdə sədr qalmağımı məsləhət görürlər”
“Çox təəssüf ki, partiya gəncləri arasından sədr vəzifəsini boynuna götürmək istəyən şəxslər yoxdur”. Bu sözləri AYNA-ya Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, deputat Sabir Rüstəmxanlı deyib.
VHP-nin keçiriləcək Qurultayı haqqında danışan S.Rüstəmxanlı deyib ki, rəhbərlik etdiyi təşkilat fəaliyyətini hazırkı vəziyyətdə davam etdirəcək: “Üzvlərimiz mənim deputat olduğum müddətdə sədr qalmağımı məsləhət görürlər. Ona görə də, qurultayda sədr dəyişikliyi gözlənilmir”.
Qeyd edək ki, fevralın 14-də VHP-nin növbəti Qurultayı keçiriləcək. Ölkədəki pandemiya şərtlərinə uyğun olaraq VHP-nin VIII Qurultayı onlayn qaydada təşkil ediləcək. Artıq Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi tərəfindən tədbirə qurumun 76 bölgə təşkilatı və Naxçıvan Muxtar Respublikası təşkilatından 400 nümayəndə seçilib.
VHP VIII qurultayında VHP-nin qurultaylararası dövrdə fəaliyyəti, ölkədəki ictimai siyasi durumun müzakirə ediləcək və nizamnaməyə uyğun olaraq təşkilati məsələlərə baxılacaq.
Xatırladaq ki, VHP-nin sədri Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlıdır.