Leonid Slutski: “Əlbətdə, Praqa qərar qəbul edərkən müstəqilliyinin qalıqlarını qoruya bilirsə”
Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski Çexiyanı rusiyalı diplomatların qovulmasına görə Moskvadan üzr istəməyə çağırıb. Bu barədə AYNA “RİA Novosti"yə istinadən xəbər verir.
"Bütün bunlardan sonra Çexiya ən azı üzr istəməlidir. Əlbətdə, Praqa qərar qəbul edərkən müstəqilliyinin qalıqlarını qoruya bilirsə”, - deyə deputat qeyd edib.
Slutski hesab edir ki, Çexiyanın addımları diqqəti Belarusdakı çevriliş cəhdindən yayındırmaq üçün "məlumat pərdəsi" rolunu oynayıb: “ABŞ-ın və bütünlüklə Qərbin əsl üzünü gizlətmək üçün kiçik bir diplomatik müharibəyə ehtiyacı var idi. İndi Rusiya-Çexiya münasibətləri ən aşağı səviyyəyə endi. “Sputnik V” koronavirus peyvəndi tədarükü ilə bağlı danışıqlara son verildi. Ölkələr arasında dialoqun bərpası illər ala bilər”.
Qeyd edək ki, Çexiya Vrbetitadakı sursat anbarında baş verənlərdə əlinin olmasına görə rusiyalı diplomatları ölkədən çıxardı. Çexiya Prezidenti Miloş Zeman isə açıqlamasında bildirib ki, Vrbetitadakı sursat anbarında Rusiya agentlərinin olduğuna dair heç bir dəlil yoxdur.
Xatırladaq ki, sursat anbarında partlayışlar 16 oktyabr və 3 dekabr 2014-cü il tarixlərində baş verib. Hadisə nəticəsində iki nəfər ölüb. Bu günədək partlayışın dəqiq səbəbləri müəyyənləşdirilməyib.