Rusiyadan yeni tələb, lakin Tolik dilimizi öyrənmək istəmir...

Cəmiyyət

05.06.2021 - 19:28

Bu, nadir hal deyil, təəssüf ki, Azərbaycanda xeyli sayda belə fakt var

 

Rusiya hökuməti xarici işçilər üçün rus dilini, ölkə tarixini və Rusiya qanunvericiliyinin əsaslarını minimum səviyyədə bilmək üçün tələbləri təsdiqlədi. “RİA Novosti” xəbər verir ki, sənəd hüquqi məlumatların rəsmi internet portalında yayımlanıb.

 

Beləliklə, miqrantlar sosial, gündəlik və bəzi peşə mövzularında rus dilində sərbəst danışmalıdırlar. Xüsusilə, bu, işə qəbul, xəstəxanada məsləhətləşmələr və polisə müraciət etmək üçün tətbiq olunur. Həmçinin onlardan lazımi sənədləri və ərizələri doldura bilmək tələb edilir.

 

Rusiya tarixi imtahanında xarici ölkələrdən olan abituriyentlərin əsas hadisələr, iri şəhərlərin adları və böyük bayram günləri barədə bilikləri yoxlanılır. Bundan əlavə, ölkədə olduqları müddətdə özlərinin əsas hüquqları, azadlıqları və vəzifələri ilə tanış olmalıdırlar. Bütün bunlar, fikrimcə, mükəmməl əsaslandırılmış və düzgün tələblərdir.

 

Məsələn, iş tapmaq üçün Rusiya Federasiyasına gələn Azərbaycan vətəndaşları rus dilini bilməməsi nəticəsində yaranan vəziyyət düzgün deyil və anormaldır. Və bildiyiniz kimi, belə hadisələr tez-tez baş verir. Nə də olsa, respublikanın bölgələrində və kəndlərində yaşayan, ana dilində təhsil almış və əvvəllər heç rus dilini istifadə etməyən azərbaycanlılar çox vaxt Rusiyanın geniş ərazisinə üz tuturlar.

 

Təbii ki, orada çox sayda problemlə qarşılaşırlar və “böyük və qüdrətli” dilin yalnız sonradan, Rusiya Federasiyasında olduğu müddətdə öyrənilə biləcəyi barədə söylənilən ifadələr, yumşaq desək, absurddur. Gələcəkdə kompüter işinin əsaslarını öyrənəcəyini vəd edən bir İT mütəxəssisi işə götürülərmi?! Beləliklə, burada hər şey düzdür. Başqa bir şey Ukraynada və Azərbaycanda yaşayan qeyri-millətlərin öz ölkəsinin dilini öyrənmək istəməməsi ilə həqiqətən paradoksal bir vəziyyətin olmasıdır...

 

Bəli, özüm Ukraynada nə qədər tez-tez Ukrayna dilində danışmayan ölkə vətəndaşlarına rast gələ biləcəyimdən şoka düşmüşdüm. Ən təəccüblü olanı - Ukrayna dilində danışmayanlar heç də həmişə etnik ruslar deyillər. Ukraynalıların özlərinin gündəlik ünsiyyətdə əsasən rus dilinə keçərək ukraynaca danışmadığı bir çox misallar var.

 

Bunun üstündə Ukraynada qalmaqallar çox olub. Belə bir misal çəkəcəyəm. Fevral ayında Kiyevdən olan 15 yaşlı bir qızın - Liza Leonenkonun “Tik-Tok”-da Ukrayna dili haqqında təhqiramiz danışdığı bir video yayımlaması ilə bağlı qalmaqal başladı. Xüsusilə, onun “bu dildən, xüsusilə də səslənməsindən çox əsəbiləşdiyini” deməsi əməlli hay-küy yaratdı.

 

Bəli, rezonans və qınaqdan sonra söylədiyi hər şey üçün üzr istədi. Ancaq problem bununla həll olmadı. Həqiqətən, Ukraynada yaşayan, rus dilinə keçərək kökündən ukraynaca danışmayan bir çox ölkə vətəndaşı var. Bəzi hallarda bu vəziyyət 80-ci illərin sonlarında - keçən əsrin 90-cı illərinin əvvəllərində Bakıda müşahidə olunan mənzərəni xatırladır: o zaman Azərbaycan dilində danışmaq qadağan deyildi, amma buna baxmayaraq rus dili daha tez-tez istifadə olunurdu. Üstəlik, paytaxta gələn azərbaycanlılar da “inkişaf” və “təhsil” keyfiyyətlərini göstərmək üçün rus dilində danışmağa çalışırdılar. Gülməli görünür, gülünc çıxır, eyni zamanda alçaldıcı bir mənzərə yaranırdı.

 

Xoşbəxtlikdən o günlər bitdi. Bu gün Azərbaycanda ana dilimizdə danışılır. Bəli, rus dili olduqca tez-tez istifadə olunur, amma Tolstoy və Puşkinin dilinə şüurlu üstünlük vermək kimi bir şey yoxdur. Ancaq nadir istisnalar hələ də var.

 

Sizə konkret bir misal çəkim. Anatoli Kozlov (Tolik) Bakıda doğulub böyüyüb. Onunla gəncliyimdə Tolikin ofisiant işlədiyi “Elki-Palki” traktirinə tez-tez baş çəkən zaman tanış olmuşdum. Sonra o, bu işi tərk etdi və elə mənim də həyatımda çox şey dəyişdi. Ümumiyyətlə, Tolik uzun illər gözdən itdi. Amma, indiki Bakı səfərimdə qəfildən onu gördüm, söhbətləşdik.

 

Kozlovun bir neçə il əvvəl Bakıdakı mənzilini sataraq, anası ilə birgə Rusiya Federasiyasına getdiyi ortaya çıxdı. Ancaq orada öz oğlu və qardaşı tərəfindən aldadıldılar və nəticədə lüt-üryan Bakıya qayıtdılar. Pulları, demək olar ki, yox idi. Qalan qəpik-quruşla, çox çətinliklə yaşayış yeri adlandırılması mümkün olan bir otaq aldılar - “Nizami” metrostansiyasının yaxınlığındakı həyətlərdən birində, alçaq tavanlı, yeddi kvadratmetrlik bir otaq. Tualet küçədə, elə ümumi hamam da həmçinin.

 

Rusiya Federasiyasından iki ilə yaxındır ki, qayıdıblar. Və Tolik heç bir yerdə işə götürülmədiyini bildirir. Niyə? Çünki Azərbaycan dilini bilmir. Bakıda anadan olan və demək olar ki, bütün ömrü boyu burada yaşayan birinin Azərbaycan dilini heç olmasa, ofisiant işləmək üçün yetərli səviyyədə öyrənmək üçün niyə səy göstərmədiyini soruşduqda, Tolik belə cavab verdi: “Bu dili heç cür öyrənə bilmirəm!”.

 

Və bu hal çox nadir bir istisna olsaydı, heç bu barədə yazmazdım, amma təəssüf ki, Azərbaycanda hələ yaşadığı ölkənin dilini öyrənmək istəməyənlər var. Kimə ziyan vururlar? Hər şeydən əvvəl özlərinə. Ancaq böyük əksəriyyəti bu həqiqəti etiraf etmək istəmir. Rusiya Federasiyasının xarici işçilərdən rus dilini öyrənməyi tələb etdiyinə işarə etdikdə, çiyinlərini çəkib tavana baxırlar...

Müəllif: Əkbər Həsənov