Rusiyada yeni qanun: Kobudluq edən məmur cəzalandırılacaq

Dünya

12.05.2020 - 12:51

Vəzifədən məhrum edilməklə yanaşı, pul cəriməsi də nəzərdə tutulur

 

Rusiya Dövlət Duması məmurları kobudluğuna görə cəzalandıran, inzibati məsuliyyəti nəzərdə tutan qanun layihəsini təqdim edib. AYNA Rusiya mətbuatına istinadən xəbər verir ki, təşəbbüs Vahid Rusiya Partiyası Baş Şurasının katibi, Federasiya Şurasının vitse-spikeri Andrey Turçak və İnformasiya Siyasəti Komitəsinin rəhbəri Aleksander Xinştein tərəfindən irəli sürülüb.

 

Onlar İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərin olmasını təklif edirlər. Belə ki, vəzifəli şəxslər kobudluğa görə bir ilədək, təkrar pozuntuya yol verərsə isə iki ilədək vəzifəsindən (diskvalifikasiya) məhrum ediləcəklər. Bundan əlavə, sənəddə dövlət və bələdiyyə işçiləri üçün  kobudluğa görə, 50-100 min rubl, ikinci dəfə təkrarlansa, 100-150 min arasında cərimələr nəzərdə tutulur.

 

Həmçinin qanunda “təhqir” anlayışının dəyişdirilməsi də təklif olunur. Prezident yanında Vətəndaş Cəmiyyətinin və İnsan Hüquqlarının İnkişafı Şurasının üzvü Kirill Kabanov da layihəni dəstəklədiyini bəyan edib.

Müəllif: Ayna.az