Rusiyada ermənilərin ağzını yummağın vaxtıdır

Siyasət

26.07.2020 - 21:17

Azərbaycan Toqanyan və Abramyanı məhkəməyə verməlidir

 

Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan, eləcə də Rusiya Erməniləri Birliyinin (SAR) rəhbəri Ara Abramyan Azərbaycana və ölkəmizin rəhbərliyinə qarşı təxribat və yalan ifadələr səsləndirdiyinə görə cinayət məsuliyyətinə cəlb oluna bilər və olunmalıdırlar. Mən tam əminəm ki, yalnız Azərbaycan tərəfinin Rusiya Federasiyasının ən yaxşı vəkilləri vasitəsi ilə bu məsələni həll etməsinin vaxtıdır. Bu prosesin start götürməsi ilə paralel olaraq, Rusiya tərəfi rəsmi və sərt şəkildə Toqanyan və Abramyana ağızlarını yummağı və erməni tərəfinin 12 iyulda Tovuz istiqamətində təşkil etdiyi təxribatın nəticəsində yaranan çətin vəziyyəti daha da gərginləşdirməməyi tövsiyə edə bilər.

 

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Moskvanın ən böyük topdan və pərakəndə satış kənd təsərrüfatı məhsulları bazarlarından biri olan "Food City" erməni meyvələrini qəbul etməkdən imtina etmişdi. Elə ilk gün Ermənistandan gələn 52 yük maşını bazar dayanacağından çıxarılmışdı. Çox yaxşı xatırlayıram ki, erməni mediası müxtəlif dövlət xadimlərinə istinadən problemin tez zamanda həll olunduğunu qürurla bildirdi. Deyirdilər ki, uzun müddət alıcı axtarmalı olmadılar: əvvəlcə meyvələri bazara yaxın ərazidə birbaşa avtomobillərdən satmağa başladılar, daha sonra digər bazarlara (“İpək Yolu” və “Buxta”) köçdülər.

 

Ancaq o zaman da məlum idi ki, ermənilər, necə deyərlər, özlərini o yerə qoymurdular – Ermənistandan gətirilən əriklə yanaşı, digər kənd təsərrüfatı mallarının satışı ciddi problem olaraq qalırdı. Üstəlik, “Tvoy dom” ticarət şəbəkəsinin bütün rəflərindən Ermənistan istehsalı olan mallar yığışdırılmışdı. Eyni zamanda, bütün rəflər Azərbaycanda istehsal olunan mallarla dolu idi. Ermənistan tərəfinin çox böyük ziyana getdiyi və buna görə də əsəbiliyi duyulurdu.

 

Bu səbəbdən Ermənistanın Rusiya Federasiyasındakı səfirinin çox təxribatçı bir ifadəsinin şahidi olduq. “Komsomolskaya Pravda” radiosunun efirində çıxış edən səfir dedi: “Biz başa düşdük ki, Kaluga şosesi və ticarət mərkəzi Rusiya ərazisindəki böyük Dağlıq Qarabağa çevrilir. Sərhəddəki hadisələrdən sonra tamamilə fərqli həqiqətlər ortaya çıxıb. Əslində, Azərbaycan Ermənistana qarşı iqtisadi blokadasını ixrac edir və bazarlarda mallarımızı əngəlləyir”.

Bunlar yalan və manipulyasiyadır. Bundan əlavə, Rusiya Federasiyasındakı erməni səfiri, “böyük Dağlıq Qarabağın” yaranmasından danışaraq, bütün dünyanın Ermənistanı işğalçı ölkə kimi tanıdığını unudur. Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur, Baş Nazir Nikol Paşinyanın dili ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi prosesinə zərbə vurur. Onun “Qarabağ Ermənistandır və nöqtə” ifadəsi rəsmi Yerevanın danışıqlar prosesini təqlid etmək, beynəlxalq hüququ pozmaq və torpaqlarımızın işğalını davam etdirmək istəyinin sübutudur. Yəni, səfir Toqanyan açıq-aşkar yalan danışır və vəziyyəti yalnış şəkildə təhrif edir. Təkcə bu ifadələrə görə o, cinayət məsuliyyətinə cəlb edilə bilər və edilməlidir də.

 

Bəli, Azərbaycan həqiqətən də Ermənistanı bölgədəki bütün böyük iqtisadi layihələrdən təcrid edərək iqtisadi blokada siyasəti yürüdür. Bu, silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmaq istəməyən işğalçı ölkəyə münasibətdə dövlətimizin düzgün siyasətidir. Yenə də deyirəm, BMT Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnamə qəbul edib: 30 aprel 1993-cü il tarixli 822 nömrəli, 29 iyul 1993-cü il tarixli 853 nömrəli, 14 oktyabr 1993-cü il tarixli 874 nömrəli və 12 noyabr 1993-cü il tarixli 884 nömrəli qərarlar.

 

Sadəcə olaraq, bir daha görürük ki, mövcud vəziyyətin günahı Ermənistanın üzərinə düşür. Rəsmi Bakı dəfələrlə qeyd edib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həll olunması, ərazi bütövlüyümüzün bərpası və bölgədə uzunmüddətli və sabit sülhün bərqərar olması ilə razı olacağı təqdirdə, Ermənistanı həm iqtisadi, həm də siyasi təcriddən çıxara bilər. Bizim ərazi bütövlyümüz bütün dünya tərəfindən tanındığı halda, “DQR”i heç kim, hətta Ermənistan belə, tanımır.

 

Bundan əlavə, səfir Toqanyan bilməlidir ki, ingilislər hələ 18-ci əsrdə qul əməyindən istifadə edən ölkələrdən şəkər almağı dayandıraraq, köləliyə etirazlarını bildiriblər. 1933-cü ildə amerikalılar və avropalılar Hitlerin yəhudilərə etdiyi təzyiqə etiraz olaraq, alman mallarını boykot etmişdilər. Hindistanda 1930-1940-cı illərdə ingilis müstəmləkəçisinin malları boykot edildi. XX əsrdə çinlilər on illərlə Yaponiyadan gətirilən malları almaqdan imtina etdilər. Əgər bütün bunlardan səfirin xəbəri yoxdursa, o zaman savadsızlığını bu qədər açıq şəkildə nümayiş etdirməyə ehtiyac yoxdur.

 

Bir-iki kəlmə də "blokadanın ixracı" barədə. Səfir Toqanyan terminləri istədiyi qədər oynada, yeni söz konstruksiyaları icad edə bilər. Onun Los-Anceles və Brüsseldə azərbaycanlılara hücum edən erməni millətçilərinin zorakılığının ixracı ilə bağlı fikirlərini şəxsən eşitmək maraqlı olardı. Say üstünlüklərindən faydalanaraq, alçaqcasına hücum etdilər. Bunu işğalçı ölkənin maraqlarını qorumağın təxribatçı yollarını seçən diplomatiyadan uzaq bu diplomata izah etmək vacibdir. Çünki reallıqda, "Food City" rəhbərliyinin və ya "Tvoy dom" şəbəkəsinin erməni mallarını rəflərindən çıxarmaq qərarında Azərbaycan dövlətinin iştirakına dair heç bir real sübut yoxdur və ola da bilməz. Adıçəkilən ticarət obyektlərinin sahibləri tamamilə qanuni olaraq, hər hansı bir ölkənin məhsullarını və hər hansı bir markanı öz müəssisələrində satmağa razı olmaq və ya imtina etmək hüququna malikdirlər. Heç kimin onlara hüquqi cəhətdən nəyisə irad tuta bilməz. Axı burada Rusiya qanunlarının pozulması faktı yoxdur.

 

Rusiya Federasiyasına gəldikdə, artıq məhsulla dolu olan yük maşınlarının ərazisinə daxil olmasına imkan verməklə Ermənistana tərəf addım atdı. Erməni tərəfi hər yerdə, hətta varlı ermənilərin - Rusiya Federasiyasının vətəndaşlarının bağlarında belə, ticarət etmək hüququna malikdir. Heç kim bunları etməyi onlara qadağan etmir. Heç kim onlara istədikləri məhsulları sata biləcəkləri alış-veriş obyektləri qurmağı da qadağan etmir. Qəribədir ki, belə sadə həqiqətlər Ermənistanın Rusiyadakı səfirinin başına girmir. O, təxribat xarakterli açıqlamalar verməkdə davam edir və buna görə də məsuliyyətə cəlb edilməsi vacibdir.

SAR rəhbəri Ara Abramyanla bağlı da eyni addımı atmaq lazımdır. Bu təşkilatın “Facebook” səhifəsində yazılan bir cümləyə diqqət edin: "Azərbaycan Prezidenti İlham Əliyev və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiyanı Sumqayıta çevirmək üçün hər şeyi edirlər".

 

Həqiqətən həyasız bir ifadədir. Axı Ermənistan azərbaycanlıların çoxdan qovulduğu monoetnik bir dövlətdir. Bu həmin ölkədir ki, onun üçüncü Prezidenti Serj Sarkisyan jurnalist Tomas de Vaala Xocalıda azərbaycanlı mülki əhalinin soyqırımının qorxutma məqsədi ilə təşkil olunduğunu açıq söyləmişdi.

 

Terrorçu Monte Melkonyan da Ermənistanda dövlət səviyyəsində dəfn edilib, ona abidələr ucaldılıb. Ermənistan Respublikasının ikinci və üçüncü prezidentləri - əvvəllər Qarabağda separatçılara rəhbərlik etmiş səhra komandirləri Robert Köçəryan və Serj Sarkisyan idi. Nəhayət, erməni tərəfi torpaqlarımızın işğalını davam etdirərək, cəbhə bölgəsində getdikcə daha çox toqquşmalara səbəb olur və bu da təəssüf ki, dünyanın müxtəlif ölkələrində ermənilərlə azərbaycanlılar arasında sərt qarşıdurmalarla nəticələnir.

 

Bütün bunlar istənilən ağıllı adam üçün açıq faktlardır, amma gördüyümüz kimi, Ara Abramyanın beyni üçün bu həqiqətlərin dərki olduqca ağır yükdür. Onun sözlərindən belə çıxır ki, əgər Rusiya Federasiyasında ermənilər ilə azərbaycanlılar arasında toqquşmalar baş veribsə, bunun günahı Ermənistan və Azərbaycan rəhbərlərindədir?  Yəni məntiqi ardıcıllığı davam etdirərək, SAR rəhbəri Los-Anceles və Brüsseldə azərbaycanlılara edilən hücumların arxasında Baş Nazir Nikol Paşinyan və Ermənistanın ABŞ və Belçikadakı səfirlərinin dayandığını iddia edir? Əgər belədirsə, yaxşı olar ki, Abramyan fikirlərini kimlərəsə işarə vrumadan, daha açıq şəkildə ifadə etsin. Bizim üçünsə, Rusiya-Azərbaycan münasibətlərini pozmağa yönəlmiş qəsdən yalnış məlumat yayması üçün bu “centlmeni” məhkəməyə vermək vacib və zəruridir. Erməni tərəfdən təxribatçı və yalançı açıqlamalar axınını dayandırmağın vaxtı gəlib çatıb.

Müəllif: Əkbər Həsənov