“Rusiya təcavüzünə qarşı Azərbaycanda Türkiyə hərbi bazalarının olması həyati əhəmiyyətlidir”

Siyasət

15.02.2022 - 20:19

Rauf Mirqədirov: “Ukrayna istiqamətində Putinin iştahını cilovlamaq mümkün olmasa, o, yönünü Cənubi Qafqaza çevirəcək”

Antaqonistlərin - Qərbin və Rusiyanın geosiyasi maraqlarının cəmləşdiyi Ukrayna ətrafında vəziyyət çox gərgindir. Ola bilsin ki, Karib böhranından sonra Rusiya ilə ABŞ arasında mövcud qarşıdurmanı, müəyyən qüvvələrin müharibə adı ilə diplomatiyanı qurban verməyə hazır olduğu bir vaxtda xüsusilə gərgin hesab etmək olar.

Belə ki, ötən gün ABŞ Prezidenti Co Bayden müttəfiq ölkələrin liderləri ilə videokonfrans zamanı Rusiyanın guya fevralın 16-da Ukraynaya hücum edə biləcəyini bildirib. Belə bir bəyanat cümə günü öz mənbələrinə istinadən “Politico” qəzetində dərc olunan materialda yer alıb.

Təbii ki, belə bir mesaj bütün dünya ictimaiyyətində əks-səda doğurdu. Axı Ukraynada hərbi ekspansiyanın başlaması o deməkdir ki, Qərb bu istiqamətdə öz mövqelərindən əl çəkməyəcək. Bundan sonra nə olacaq?

Bu barədə AYNA-nın suallarını tanınmış siyasi şərhçi Rauf Mirqədirov cavablandırıb.

- Sizcə, Rusiyanın Ukraynaya “qarşıdan gələn işğalı ilə bağlı məxfi məlumatlar” niyə açıqlandı?

- Bu məsələdə elə bir sirr yoxdur. Elə ötən gün ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan ABŞ kəşfiyyat orqanlarının Rusiyanın Ukrayna istiqamətində planları ilə bağlı ictimaiyyətə məlumat verib. Son zamanlarda Amerika kəşfiyyat xidmətləri Ukrayna ətrafında baş verən hadisələrlə bağlı məlumatları həvəslə paylaşır. Aydındır ki, bu açıqlama Amerika kəşfiyyatının əməyinin nəticəsidir. Yəni bu, “Polişinel sirri”ndən başqa bir şey deyil. Hesab edirəm ki, “işğalın sirri”nin açıqlanması çox güman ki, əsas bir məqsəd güdür: Rusiyanın Ukraynaya təcavüzünün qarşısını almaq.

- Uşaqlıqda məşhur mahnını göz yaşlarımızla necə oxuduğumuzu xatırlayırsınız: "Ruslar müharibə istəyirmi?" Ancaq zaman dəyişir, biz uşaq deyilik, amma sual aktualdır: "Ruslar müharibə istəyirmi?"

- Müharibə dövlət maraqlarını təmin etmək üçün məqsədə çatmaq uğrunda bir vasitədir. Rusiya Prezidenti Vladimir Putinin hakimiyyətinin bu dövründə o, Rusiya imperiyasını bərpa etmək məqsədini güdür. Təəssüf ki, Rusiya Federasiyasının hazırkı hökmdarının imperiya iddialı maraqlarının yönəldilmiş vektoru var: Rusiya imperiyasının reanimasiyasını "kamuflyaj etməklə" öz hakmiyyətini gücləndirmək. Putin üçün hakimiyyətdə olmaq məsələsində yeganə çıxış yolu xarici siyasət istiqamətinin aqressiv formasıdır. Üstəlik, bu aqressiya çoxşaxəlidir: o, özünü siyasi həyatın bütün sahələrində göstərir.

Bu gün Putin, kobud desək, bütün məsuliyyəti Qərbin üzərinə atmağa çalışır. Məqsəd odur ki, sonuncu beynəlxalq hüquq çərçivəsində qanuni şəkildə rəsmiləşdirilmiş öhdəlikləri öz üzərinə götürsün və bu, Putinə MDB-ni mülkiyyət hüququna almaq haqqı verəcək. Əks halda, Prezident açıq şəkildə bəyan edir ki, müharibə qaçılmazdır. Bu kontekstdə “ruslar müharibə istəyirmi” sualınıza qayıdaraq qeyd edirəm ki, birmənalı cavab yoxdur. Söhbət Putindən gedirsə, o, konkret məqsədə çatmaq istəyir: öz hakimiyyətini gücləndirmək. Və bu, öz təsirinin sonsuz genişlənməsi ilə ifadə olunur.

- Qazaxıstanda Tokayevlə Putin birtəhər dilemmanı tez həll etdi: obrazlı desək, həm quzular sağ-salamatdır, həm də canavarlar doydu. Amma hər şey göründüyü qədər sadə deyil. Ukrayna mübarizə aparmağa çalışır. Amma Qafqaz da var ki, bir hissəsi Rusiya Federasiyasının ərazi vahidi sayılsa da, orada da qığılcım alovlana bilər...

- Sizin dediyiniz “qığılcımı” Qafqazda da gözləmək mümkün deyil. İnanmıram ki, Qafqaz respublikaları belə ciddi müqavimət göstərə bilsin. Birincisi, qafqazlıların Rusiya silahlı qüvvələrinə müqavimət göstərəcək elə hərbi resursları yoxdur. İkincisi, təəssüf ki, Qafqaz respublikalarının həm güclü hərbi resursu yoxdur, həm də hərbi-sənaye əməkdaşlığı sahəsində güclü müttəfiqləri. Ümid edək ki, Ukrayna istiqamətində Putinin iştahını cilovlamaq olar. Əks halda, böyük ehtimalla, o, nəzərlərini Qafqaza çevirəcək.

- Başqa amil də var - Azərbaycan ilə Türkiyə arasında hərbi-siyasi əməkdaşlıq. Sizcə, bu hal Putinin ambisiyalarına bir növ mane ola bilərmi?

- Düşünmürəm ki, Azərbaycanın Türkiyə ilə hərbi-siyasi əməkdaşlığı Putinin ambisiyaları üçün maneə ola bilər. Fakt budur ki, təhlükəsizlik zəmanətləri ilə bağlı bütün sazişlərdə Moskva yalnız bir məqsəd güdür: bütün postsovet məkanı Rusiyanın maraqlarına uyğun yaşamalıdır. Yəni bu kontekstdə söhbət Rusiya ilə Türkiyə arasındakı qarşıdurmadan yox, Putinin “kollektiv Qərb” adlanan güclə qarşıdurmasından gedir. Sadə dillə desək, Putin siyasi şantaj yolu ilə Qərbdən güzəştlər almağa çalışır ki, bu da Rusiyanın müdaxiləsinə göz yumacaqları məqsədini güdür.

Digər məsələlərlə yanaşı, bir cəhəti də qeyd edəcəm: Rusiya xüsusilə geriyə baxmır və Türkiyənin ənənəvi təsir dairəsində olan Suriya, Liviya və s. regionların maraqlarını nəzərə almır. Və son, ən vacib məqam. Rusiyanın Cənubi Qafqazda, xüsusən də Azərbaycanda ekspansiyasına qarşı çıxmaq üçün Türkiyə hərbi bazalarının ölkəmizdə olması həyati əhəmiyyət kəsb edir. Çünki gücə ancaq güclə cavab vermək olar. Və bu belə olmadığı üçün bu gün Rusiya regionda güc monopolistidir.

- Belə bir fikir var ki, əgər Qafqazda Rusiya olmasa, o zaman region ölkələri hər şeyi özləri öz aralarında razılaşdıracaq. Ermənistan və Azərbaycan Rusiyasız razılığa gələ biləcəkmi?

- Gec və ya tez razılığa gəlməli olacağıq. Yerləşdiyimiz coğrafiyada azərbaycanlılarla ermənilərin ümumi təmas nöqtələrindən qaçmaq olmaz. Təbii ki, Rusiya olmadan münaqişə tərəfləri - Azərbaycan və Ermənistan arasında ümumi dil tapmaq xeyli asan olacaq. Çünki indiki mərhələdə Kreml Qarabağ münaqişəsinin saxlanmasında maraqlıdır. Məhz bu közərən münaqişə Moskvanın əlində həm Azərbaycana, həm də Ermənistana təzyiq alətidir.

- Nəhayət, qayıdaq Ukrayna mövzusuna. Tutaq ki, Baydenin dediyi kimi, fevralın 16-da müharibə başlayacaq və bu müharibə zamanı Bakı Ukraynanın ərazi bütövlüyünü dəstəkləməlidir. Bəs biz Rusiya ilə Ukrayna arasında mümkün müharibə vəziyyətində özümüzü necə aparmalıyıq ki, istər Moskva, istərsə də Kiyevlə münasibətləri korlamayaq?

- Fevralın 16-da hərbi əməliyyatların başlamayacağına hələ də ümid var. Taymaut götürülə bilər. Amma mən hesab edirəm ki, Rusiya hələ də aktiv şəkildə Ukraynanı işğal etməyə hazırlaşır. Bu, guya, Ukrayna tərəfinin təxribatı adı altında həyata keçiriləcək. Yəni istisna etmirəm ki, Rusiya tərəfi də analoji variant hazırlayır. Eyni zamanda, radikal bir həlldən qaçmaq imkanı var. Qərbin sərt mövqeyi Rusiya təcavüzünün qarşısını ala bilər. Amma əgər Pekində keçirilən Olimpiadadan sonra işğal baş verərsə, Azərbaycan öz mövqeyini müəyyənləşdirməli olacaq, bu da Ukraynanın ərazi bütövlüyünü dəstəkləməkdən ibarətdir. Və belə yanaşma, məncə, nə Moskvada, nə də Kiyevdə qıcıq yarada bilməz.

Müəllif: Fed Bakinski