Rusca yazan erməni şair erməni, farsca yazan türk şair farsdır?

Mədəniyyət

04.11.2022 - 10:17

Şaqinyan rusca yazıb, amma ermənidir, Gəncəvi isə farsca yazıbsa...

Noyabrın 3-də Rusiya Xalqlar Dostluğu Universitetinin (RUDN) filologiya fakültəsində görkəmli şair və mütəfəkkir Nizami Gəncəvinin adını daşıyan Azərbaycan Ədəbiyyatı Auditoriyasının təntənəli açılışı olub. Tədbirin təşkilatçısı Elşən İbrahimovun rəhbərlik etdiyi Moskva vilayəti Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyəti, Auditoriyanın yaradıcısı RUDN-in dosenti Anar Həsənovdur.

Auditoriyanın məramı və məqsədi VII-XXI əsrlər Azərbaycan ədəbiyyatının təqdimatı, xalqlar arasında dostluğun təminatı kimi geniş Azərbaycan-rus ədəbi əlaqələrinin nümayişi və Azərbaycan ədəbiyyatının dünya mədəniyyətinə təsirinin əks olunmasıdır.

Azərbaycan mədəniyyətinin təbliğində bu mühüm addım artıq Azərbaycanın bədxahları arasında da müvafiq ağrılı reaksiyaya səbəb olub. Belə ki, anti-Azərbaycan təbliğatında ixtisaslaşmış kiçik tirajlı “Xəzər dalğası” nəşri sözügedən açılışı “biabırçı hadisə” adlandırıb.

Qəzetin yazdığına görə, Nizami Gəncəvi guya etnik fars olub, bir sətir də azərbaycanca yazmayıb, əsərlərini fars dilində yaradıb. Bədxahlar həmçinin İran səfirliyinə təkcə RUDN-in rəhbərliyi ilə deyil, həm də rusiyalı tələbələrin təhsilinin keyfiyyətinə cavabdeh olan Rusiya Federasiyasının Təhsil Nazirliyi ilə “maarifləndirici” iş aparmağı tövsiyə ediblər.

Bu informasiya hücumunu AYNA-ya şərh edən Elşən İbrahimov deyib ki, RUDN auditoriyasına xüsusi olaraq Nizami Gəncəvinin adı verilib: “RUDN sıradan bir universitet deyil. Orada rusiyalı tələbələrlə yanaşı, Asiya və Afrika ölkələrindən olan əcnəbi tələbələr də təhsil alırlar. Auditoriyaya daha bir azərbaycanlı yazıçının adını verə bilərdik. Məsələn, rus ədəbiyyatının nümayəndələri ilə əlaqələri olan Mirzə Fətəli Axundovun. Bununla belə, Nizami Gəncəvinin adı ilə kifayətləndik. “Vikipediya”nı açan kimi görürsən ki, Nizami fars şairi kimi təqdim olunur. Bu səbəbdən də seçimimiz görkəmli şairin adına düşdü. Məqsədimiz Nizami Gəncəvinin Azərbaycan şairi olduğunu bir daha sübut etmək idi”.

Həmsöhbətimizin sözlərinə görə, onun təşəbbüsünün Azərbaycanın bədxahlarının belə reaksiyasına səbəb olmasında təəccüblü heç nə görmür: “Nizami Gəncəvinin fars dilində yazıb-yaratdığı üçün onun fars olmasını iddia etmək o qədər də ciddi deyil. XII əsrdə artıq fars dövlətçiliyi yox idi və Nizami Gəncəvinin və fars dilində yazan digər şəxsiyyətlərin sırf farslara aid olması barədə bütün söhbətlər doğru deyil. Nizami Gəncəvinin dövründə onun doğma şəhəri Gəncə türk dövlətinin tərkibində olub. Şairin özü də əsərlərində dəfələrlə türk olduğunu bəyan edib. Nizami şeirlərində türk sözlərindən çox istifadə edib. Dəfələrlə Rusiyada rast gəlmişəm ki, çoxları bizim Nizamini fars şairi hesab edir. Ancaq Nizaminin türk olması ilə bağlı çoxlu faktlar var”.

“Yeri gəlmişkən, erməni qadın şair Marietta Şaqinyan Nizami Gəncəvi haqqında çox müsbət danışır, onu Azərbaycan şairi adlandırır. İroniya Şaqinyanın özünün rus dilində yazıb-yaratmasıdır, amma buna görə ermənilər onu rus şairi adlandırmırlar. Amma fars dilində yaradan Nizamini heç tərəddüd etmədən etnik fars kimi təsnif edirlər”, - deyə İbrahimov vurğulayıb.

Müəllif: Asif Aydınlı