Belarus çempionatı indi bəzi dairələr üçün “saman çöpünə” dönüb
“Koranavirusla bağlı dünyada maraqlı söhbətlər də var: Dünyada mərc oyunları ilə məşğul olan şirkətlər artıq çökür, dövriyyələri 85%-dən çox azalıb, çünki bütün dünyada idman oyunları, əsasən də ölkə çempionatları dayandırılıb – mərc etməyə oyun qalmayıb”.
AYNA xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli sosial şəbəkə hesabında paylaşıb. Bildirib ki, dünyada mərc şirkətlərinin tək futbol oyunları ilə bağlı həftəlik dövriyyəsi 10 mlrd. dollardan çoxdur: “Yəni, söhbət çox böyük biznesdən, çox böyük dövriyyədən gedir. Bundan başqa dünyada milyonlarla mərc “iynəsinə” oturan insanlar da var ki, onlar indi “narkoman” kimi vurnuxurlar”0
.
“Belə bir vəziyyətdə Belarus Prezidenti qərar verdi ki, futbol çempionatı dayandırılmasın, günü bu gün də oyunlar davam edir. Mənim ehtimalıma görə, mərc oyunları şirkətləri “Batka” (Belarus Prezidenti Aleksandr Lukaşenko – red.) ilə razılaşıblar ki, oyunlar davam etsin – günü bu gün mərc şirkətlərinin böyük əksəriyyəti, məhz Belarus futbol çempionatından qidalanırlar. Düzdür, dövriyyə aşağı düşüb, amma söhbət dünya üzrə hər həftə yüzmilyonlarla dollarlıq mərcdən gedir. Belarus çempionatı indi həmin şirkətlər üçün “saman çöpünə” dönüb, yəqin ki, “Batka” da bundan qəşəng pay alıb, alacaq”, - Cəfərli qeyd edib.