Qarpızdan zəhərlənməmək üçün nələrə diqqət edilməlidir? - <font color=red> Həkimdən və ekspertdən cavab</font>

Maraqlı

12.07.2019 - 00:12

Həkimlər Klinikalar SEO Xidməti

Qarpızdan zəhərlənənlərin sayı artıb

 

Mediada qarpız zəhərlənmələri ilə bağlı xəbərlər tez-tez rastımıza çıxır. Bəs qarpızdan zəhərlənməmək üçün nələrə diqqət edilməlidir? İnsan orqanizmi üçün çox faydalı olan qarpız niyə zəhər çevrilə bilir?

 

AYNA xəbər verir ki, News24.az-ın məsələ ilə bağlı suallarını cavablandıran həkim Gülnarə Babayevanın sözlərinə görə, belə zəhərlənmələrdən qorunmaq üçün insanlar ən əsası gigiyenik qaydalara əməl etməlidirlər.

 

Həkim Gülnarə Babayeva bildirir ki: "Nəinki qarpız, eləcə də, bütün meyvə-tərəvəzlər yaxşı yuyulmalıdır. Əlllər yaxşı yuyulmalıdır. İnsan özü orqanizminin qayğısına qalmalı, gigiyenasına diqqət etməlidir. Bir də görürsən, şəkərli diabet xəstəsi qarpız yeyib, şikayətlə yanımıza gəlir. Əlbəttə, belə vəziyyətdə qusma da, ishal da baş verəcək, şəkəri də qalxacaq. Axı indi heç qarpızın mövsümü də deyil. Onun mövsümü iyulun axırı, avqustun əvvəlidir. Amma bizdə onu qışda da alırlar. Deməli, o, gübrəylə yetişir.  Bu da hər kəsdə müxtəlif şəkildə özünü göstərir, kiminə təsir etmir, kiminə də fəsadlar verə bilir".

 

Kənd Təsərrüfatı Nazirliyinin eksperti Nicat Nəsirli isə açıqlamasında qarpız zəhərlənmələrinin səbəbini belə izah edir: "Qarpız bostan məhsulu sayılır. Bu bitki də bir çox bostan və tərəvəz məhsulları kimi yüksək temperatur tələb edir. Bu bitkinin biloloji yetişmə dövrü normativlərə görə iyul ayıdır. Amma bizdə kənd adamları normanı gözləmir, torpağı da var, imkanı da. Ona görə artıq aprel ayından başlayaraq parnikdə toxumları əkir. Gec-tez yetişən sortdan asılı olaraq selofana bükürlər və orada sabit bir temperatur yaranır. Nəticədə örtük altında bu bitki vaxtından əvvəl inkişaf etməyə başlayır. Yəni təbiətin bitkiyə verdiyi biomühit amillərini süni şəkildə yaradırlar. Gübrəylə bitkini aldadırlar. Deməli, ilk olaraq bitkinin istiliyi qorunur, sonra da qidalandırılır. Qidalandırma zamanı yem gübrələrindən istifadə olunur. Əslində, bütün bitkilərə gübrə verilir. Bunlar mineral, kimyasal gübrələrdir ki, həm bitkini, həm də torpağı qidalandırır. Bitki torpaqdan bütün mineralları, vitaminləri tələb edir. Bunu biz mineral gübrəylə torpağa veririk ki, bitki normal fizioloji inkişafına çata bilsin. Nə zaman ki, təsərrüfatçı bunun verilmə qaydasını bilmir, bitkiyə normadan artıq üzvi gübrə verir, təbii ki, o bitkidə həddindən artıq nitratlar toplanır. Belə bitkini, tərəvəzi yeyən insanda mədə-bağırsaq pozğunluğu yaranır. Ona görə də hər bir fermer bunun normasını bilməlidir. Tutaq ki, 1 hektar sahədə əkilən qarpıza nə qədər gübrə verilməli olduğundan xəbərdar olmalıdır".

 

Ekspert onu da əlavə etdi ki, Azərbaycanda yetişdirilən bitkilərin gübrələnməsinə nəzarət mexanizmi yoxdur: "Azərbaycanda 1 milyon 300 min fermer var. Azad bazar iqtisadiyyatı var. Kim nə istəyir əkir. Sovet dövründə buna bir nəzarət var idi. Amma bu gün nəzarət yoxdur. "Mənim iki hektarım var, özüm bilərəm nə əkirəm" - prinsipi irəli sürülür. Ona görə də, nəzarəti təmin etmək mümkün deyil. Burada əsas problem odur ki, insanlar iyul ayına qədər qarpız alırlar, amma bütün qarpızlara da "zəhərlidir" demək olmaz. Bununla bütün istehsalçıların əməyini yerə vurmuş olarıq.  Sadəcə, hansısa istehsalçı o normativləri keçib və həddindən artıq gübrə verib ".

Müəllif: Ayna.az