“Qardaşımın qanı ayaqqabımın üzərinə tökülmüşdü, onun qisasını aldım”

İdman

13.11.2021 - 22:37

Sərxan Əliyev: “Onlar rinqdə çox rahat olurlar, sanki məhəllədə qonşu uşağı ilə dalaşırlar”

Ötən günlərdə öncə Serbiyanın paytaxtı Belqradda təşkil olunan boks üzrə Dünya Çempionatından Azərbaycanın milli yığması 1 qızıl və 2 bürünc medal qazanaraq vətənə qayıdıb. Məhəmməd Abdullayev (+92 kq) və Sərxan Əliyev (71 kq) bürünc, Alfonso Dominqes (86 kq) yarışı qızıl medalla başa vurub.

Sərxan Əliyev çempionatla bağlı AYNA-nın suallarını cavablandırıb.

- Əvvəl aşağı çəkidə döyüşürdünüz (67 kq). Yeni çəkidə mübarizə aparmaq və ilk dəfədən yeni çəkidə uğur qazanmaq çətin olmadı? Axı uzun müddət çəkiyə uyğunlaşmaq lazım olur.

- Çəki kateqoriyalarında dəyişiklik olanda mənim iki seçimim var idi. Ya 69 kilodan çəkimi 67 kiloya salmalı idim, ya da 71 kiloya qaldırmalı. Çəkini aşağı salanda halsızlıq, hər dəfə çəki salma prosesi hazırlıqlarıma ciddi təsir göstərə bilərdi. Ona görə də risk edib bir qədər çəkimi yuxarı qaldırıb 71 kiloda döyüşmək qərarına gəldim. Boksda çəki qaldırmağın da başqa problemləri var. O çəkiyə uyğunlaşmaq, özünü ağır hiss etməmək, sürətli olmaq. Etiraf edim ki, 71 kiloya hələ də uyğunlaşa bilməmişəm. Rəqiblərimdən fiziki olaraq geridəyəm. Məhz çəkiyə uyğunlaşmadığım üçün də çempionatda bürünc medal qazandım.

- Qardaşınızla eyni gündə döyüşürdünüz. Öz döyüşünüz sizin üçün daha həyəcanlı idi, yoxsa qardaşınızın?

- Bəli, qardaşım Tayfurla eyni gündə döyüşürdük. O, səhər, mən isə axşam proqramında çıxış edirdim. Qardaşımın döyüşündə daha həyəcanlı idim. Tayfur döyüşəndə qaşı partladı. Qanı dayanmırdı. Buna çox pis oldum və əsəbləşdim. Bizim boks ayaqqabımız eynidir. Onun qaşı partlayanda qanı ayaqqabının üzərinə axmışdı. Mən döyüşə çıxanda o ayaqqabını geyindim. Bu da döyüşdə mənə motivasiya oldu. Qanı gördükcə daha da əsəbləşirdim. Qardaşımın hirsini rəqibdən çıxdım və qalib gəldim (gülür – T.X.).

- Bir evdə iki idmançının olması çətin deyil? Adətən hansınız döyüşəndə qalib gəlirsiniz?

- Bir evdə iki idmançının olmasının daha çox avantajı var. Bir yerdə məşq edirik, bir-birimizə kömək edirik. Mənimlə Tayfur arasında çəki fərqi çox olduğundan dalaşmırıq. Bir-birimizə bildiklərimizi öyrədirik. Qardaşım məndən daha çox təcrübəli olduğundan çalışıram ki, ondan daha çox şey öyrənim.

- Atanızın məşqçi olması necə bir hisdir? Çətin tərəfləri hansılardır?

- Çətinliyi yoxdur, əksinə bizim üçün müsbət tərəfləri var. Atamın boksa həvəsi çox olduğu üçün bizi balaca yaşlarından boksa yönləndirdi və bu həvəsin nəticəsində Azərbaycan milli komandasına iki boksçu yetişdirdi.

- Son illər boksda vəziyyət heç də ürəkaçan deyil. Bu vəziyyətdə məşq etməyə nə motivasiya verir sizə?

- Koronavirus pandemiyasına görə bütün idman federasiyalarında çox durğunluq oldu. İdmançılar məşq edə bilmədilər və biz də evdə bacardığımız qədər məşq edirdik ki, formadan düşməyək. Həmişə çalışmışam həvəsdən düşməyim. Məhz motivasiyadan düşməməyimin nəticəsidir ki, bu gün dünya çempionatından bürünc medalla qayıtdım.

- Siz sübut etdiniz ki, Azərbaycanda da kifayət qədər uğurlu gənclər var. Bəs niyə hələ də Kuba və digər ölkələrdən idmançılar gətirirlər?

Bu sualı mənə ikinci dəfədir ünvanlayırlar. Amma mən cavab vermək istəmirəm.

- Ümid edirəm bu suala cavab verəcəksiniz: kubalı idmançıların bizim idmançılardan üstün cəhəti nədir ki, onlar daha çox uğur qazana bilirlər?

- Kubalılar rinqdə çox rahat olurlar. Sanki məhlədə qonşu uşağı ilə dalaşırlar. Başqa idmançılar kimi həyəcanlanmırlar. Bu da onların ən böyük üstünlükləridir.

- Sizə görə ən pis vərdişiniz nədir?

- Yarışdan öncə döyüşlərim, rəqiblərim haqqında çox fikirləşirəm. Bu da döyüşə qədər psixoloji olaraq yorur məni.

Müəllif: Təranə Xudabaxşiyeva

Ramanada faciə

Dünən, 17:26 Hadisə