Rusiya Prezidenti Vladimir Putinin “intiqamı”nın hələ bitmədiyi iddia edilir
Ukrayna Silahlı Qüvvələrinin aerodromlara son hücumuna Rusiyanın cavab tədbirləri davam etdiriləcək. AYNA.AZ xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Rusiya Prezidenti Vladimir Putinin “intiqamı”nın hələ bitmədiyi iddia edilir.
Qərb diplomatik mənbələrindən biri qeyd edib ki, “Kiyevə aydın siqnal göndərmək” üçün yaxın vaxtlarda Ukraynada “simvolik obyektlərə”, o cümlədən hökumət binalarına zərbə endirilməsi gözlənilir.
ABŞ administrasiyasındakı mənbə bu "əhəmiyyətli, çox hədəfli" zərbənin bir neçə gün ərzində gözlənildiyini və müxtəlif növ silahlardan, o cümlədən pilotsuz təyyarələr və raketlərdən istifadə edilərək həyata keçiriləcəyini vurğulayıb.
Bundan əvvəl bildirilmişdi ki, Ağ Evin hazırkı rəhbəri Donald Trampın administrasiyasının bir çox rəsmiləri Ukrayna Silahlı Qüvvələrinin Rusiya aerodromlarına pilotsuz uçan aparatlardan zərbələr endirməsindən narazıdırlar. Bəzi siyasətçilər Ukrayna Silahlı Qüvvələrinin son reydinin Ukraynadakı vəziyyəti daha da pisləşdirə və Moskvanı hərbi əməliyyatları davam etdirməyə təhrik edə biləcəyi ilə bağlı fikir bildiriblər.