Qarabağ üzərindən hiyləgər gediş: “Sülhdən danışmaq tezdir, İrəvan buna hazır deyil”

Aktual

25.05.2023 - 10:19

Mərkəz rəhbəri: “Sülh müqaviləsi imzalanmadan əvvəl atılacaq addımlar var ki, bu addımları Ermənistan atmır”

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, İrəvan və Bakı Vaşinqtonda sülh müqaviləsi layihəsinin iki maddəsi üzrə razılığa gəliblər. İrəvanda Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa məsələləri üzrə dövlət nazirinin müavini Leo Doçerti ilə birgə mətbuat konfransında erməni nazir deyib ki, Vaşinqtonda müəyyən irəliləyiş əldə olunub: “Xüsusən də sülh müqaviləsi layihəsinin iki maddəsi razılaşdırıldı, biz qalan maddələr haqqında səmimi danışıq apardıq. Qeyd edim ki, belə danışıqlar zamanı tərəflər bir-birini daha yaxşı başa düşürlər. Mürəkkəb məsələlər var ki, bu istiqamətdə razılaşmaq çətindir”.

 “İrəvan və Bakı regionda nəqliyyat kommunikasiyalarını açmağa yaxındır”, - Mirzoyan əlavə edib.

Eyni zamanda, Mirzoyan Azərbaycanın Laçın sərhəd-keçid məntəqəsini təsis etməklə beynəlxalq hüququn norma və prinsiplərini pozduğunu iddia edib və bildirib ki, Qarabağ erməniləri guya ki, blokadadadır.

Ermənistanın Baş naziri Nikol Paşinyan isə İrəvanda keçirdiyi mətbuat konfransında Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü 86.6 min kvadrat kilometrdə tanıdığını bir daha təkrarlayıb. Buna baxmayaraq, Mirzoyanla Paşinyanın sülh bəyanatlarında ziddiyyət özünü göstərir. Çünki Mirzoyan mürəkkəb məsələlərdə razılığa gəlməyin çətin olduğunu deyərkən, Qarabağ ermənilərinə “status”u nəzrədə tutur. Nəqliyyyat-kommunikasiyaların açılmasına yaxınlıq isə sülh müqaviləsinin imzalanmasının yaxın olduğu anlamına gəlmir. Hər halda azərbaycanlı ekspertlər belə fikirləşirlər.

Məsələ ilə bağlı AYNA-nın suallarını cavablandıran Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri deyib ki, İrəvandan verilən bəyanatlar sülh prosesini uzatmaq xarakteri daşıyır:

- Paşinyan Azərbaycanın ərazi bütövlüyünü Qarabağla bir yerdə tanıdığını bəyan edir, Mirzoyan isə hansısa blokadadan danışır. Bunlar zidiyyətli bəyanatlardır. Ümumiyyətlə, İrəvandan Qarabağla bağlı verilən hansısa bəyanat beynəlxalq hüququn kobud şəkildə pozulması deməkdir. Çünki Qarabağ Azərbaycan ərazisidir və bundan danışmaq Azərbaycanın daxili işlərinə burun soxmaqdır.

Ermənistan 10 noyabr 2020-ci ildə imzalanan Üçtərəfli Birgə Bəyanat ətrafında manipulyasiya etmək, qlobal səviyyədə havadarlar axtarışındadır. Bu, sülhə əngəl olmaqla yanaşı, prosesi uzatmağa cəhddir. Bir tərəfdən Ermənistanı “sülhpərvər” kimi təqdim etmək üçün bəyanatlar verilir, guya ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar, digər yandan iddialarından əl çəkmirlər. əslində Paşinyanın “Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırıq” deməsi o anlamı verir ki, İrəvanın şərtləri var. Biz o şərtləri bilirik. Söhbət Qarabağdakı ermənilərin “statusu” məsələsindən gedir.

- Əgər İrəvan Azərbaycan ərazisini 86.6 min kvadrat kilometr ərazidə tanıyırsa, o zaman hansı status iddiası ola bilər?

- Diqqət edin, Paşinyan bildirir ki, Xankəndi ilə Bakı arasında dialoq beynəlxalq qarant olan dövlətlərin nəzarəti altında keçirilməlidir. Bu o deməkdir ki, İrəvan Xankəndidəki separatçıları “tərəf” sayır və bu kontekstdə danışıqlarda maraqlı olduğunu bəyan edir. Hədəf isə Qarabağdakı ermənilərə “status” qazanılmasıdır. Təbii ki, ən yüksək səviyyədə bəyan edilib ki, Qarabağa hansısa statusdan söhbət gedə bilməz. Bu, doğru yanaşmadır. Çünki Qarabağ Azərbaycanın daxilidir və biz daxili məsələmizi özümüz həll etməyi bacarırıq. Hansısa problem varsa, o zaman bu, Azərbaycan Konstitusiyası əsasında həllini tapmalıdır.

- Paşinyan Azərbaycanın ərazi bütövlüyünü Qarabağ da daxil tanıdığını bəyan edir, Mirzoyan isə Vaşinqtonda 2 maddə üzrə razılıq əldə olunduğunu bildirdi. Nəzərə alsaq ki, Azərbaycanın təklif etdiyi sülh sənədi beş maddəlik prinsiplərdən ibarətdir, demək ki, əksər məsələlərdə razılıq yoxdur...

- Mən dediyim də odur ki, İrəvan manipulyasiya ilə məşğuldur və prosesi uzatmaq niyyətindədir. Düşünmürəm ki, Ermənistan sülh müqaviləsini imzalamağa hazırlaşır. Hələ ki, proses uzaqdadır. Ümumiyyətlə, Ermənistan rəhbərliyi sülh sazişini imzalamağa hazırdırmı? Məncə, indi hazır deyil. Mirzoyan fundamental və mürəkkəb məsələlərdə razılığın olmadığını bildirirsə, bu zaman hansı sülh sazişi imzalana bilər?! Xəritələr üzərində delimitasiya heç başlamayıb. Ərazi məsələsi Ermənistan hakimiyyəti üçün ölüm-qalım məsələsidir. Erməni müxalifəti və Rusiyaya bağlı “beşinci kolon” bu gün Paşinyanı Qarabağı Azərbaycana təhvil verməkdə ittiham edir. Paşinyan hakimiyyətinin vəziyyəti o qədər də asan deyil. Təbii, bu onların daxili məsələsidir, Azərbaycana necə deyərlər, heç bir istisi-soyuğu yoxdur. İrəvanın manipulyasiyasına istinadən bildirirəm ki, bhu gün Paşinyan hökuməti maksimum zaman qazanmağı düşünür. Belə vəziyyətdə yaxınlarda sazişin imzalanması çətin görünür. Ermənistan rəhbərliyi sülhdən yana olduqlarını bəyan etməklə, eyni zamanda, hərbi təxribatlar yaratmaqla belə gündəm formalaşdırmaq istəyir ki, beynəlxalq dəstək alsın, qoşunların güzgü prinsipi ilə çəkilməsini təmin etsin. Bununla Ermənistan Azərbaycanı tutduğu strateji mövqelərdən, yüksəkliklərdən əvvəlki mövqelərinə çəkmək niyyəti güdür.

- Azərbaycan bu addımı atarmı ki?

- Əlbəttə, Azərbaycan bunu qəbul etmir, etməyəcək. Azərbaycan Qarabağ məsələsi birmənalı şəkildə öz həllini tapmadan, İrəvan Qarabağdakı separatçılara maliyyəni kəsmədən, separatçı silahlı ünsürlər ərazilərimizdən çıxarılmadan Azərbaycan bu addımı atmayacaq. Həmçinin bu, Ermənistanın ilk istəyidir, tam istəyi deyil. İrəvanın iddiası daha böyükdür. Baxın, Paşinyan sərhədlərin müəyyənləşməsinin 1975-ci il SSRİ Baş Qərargahının xəritəsi əsasında həyata keçirilməli olduğunu deyir. Bununla gələcəkdə yeni iddiaların ortaya atılmasına işarə edir. Bütövlükdə, İrəvan hiyləgərliyini davam etdirir. Sülh müqaviləsindən sonra bölgənin hərbsizləşdirilməsinin vacib olduğunu deyən Paşinyan bununla istəyir ki, Azərbaycan şərti sərhədlərdən qoşunlarını geri çəksin. Bu addımı Azərbaycan atmayacaq. Çünki biz Ermənistanın niyyətini anlayırıq, bilirik. Ona görə də sülhdən danışmaq tezdir. Sülh müqaviləsi imzalanmadan əvvəl atılacaq addımlar var ki, bu addımları Ermənistan atmır. Belə olan vəziyyətdə hansı sülhdən danışmaq olar ki...

Müəllif: Anar Bayramoğlu